21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Vilyam Şekspir XVI əsrdə “Romeo və Cülyetta” əsərini yazarkən təsəvvür edə bilməzdi ki, XXI–ci əsrdə Azərbaycanda Vilyam və Cülyetta cütlüyü Romeo və Cülyetta cütlüyü kimi mübarizə aparmalı olacaqlar. Vilyam və Cülyetta cütlüyü Romeo və Cülyetta cütlüyündən fəqli olaraq eşqləri üçün deyil, müsadirə olunmuş sərvətləri uğrunda mübarizə aparırlar. Söhbət 2004–2006-cı illərdə Göygöl rayon İcra hakimiyyətinin, 2006–2012-ci illərdə isə Samux Rayon İcra Hakimiyyətinin və 2012-ci ildə 5 may 2020-ci il tarixədək İmişli Rayon İcra Hakimiyyətinin başçısı olmuş Vilyam Hacıyev və onun həyat yoldaşı İbrahimova Cülyetta Paşa qızının məhkəmə qərarı ilə müsadirə olunmuş sərvətlərini geri almaq cəhdlərindən gedir. Vilyam Hacıyev 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin İmişli rayon icra hakimiyyətinin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılmış və prezidenti İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesində Vilyam Hacıyev 12 il müddətinə azadlıqdan məhrum edilmiş, 6 milyon 300 min manatlıq əmlakının da dövlət nəfinə müsadirə olunmuşdu. İndi isə keçmiş icra başçısının həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyev öz adlarına olan əmlakların üzərinə qoyulmuş həbsin götürülməsi üçün apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsinin hakimi İbrahim İbrahimlinin sədrliyi ilə baş tutan prosesdə şikayətçilərin apellyasiya şikayəti təmin edilməyib.
Keçmiş icra başçısının həyat yoldaşı Cülyetta İbrahimova və oğlu Məhəmməd Hacıyevin adına olan mülklər isə çox bahalıdır. Belə ki, Cülyetta İbrahimovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi evin orta bazar dəyəri 1 852 000 manat hesab olunur. Cülyetta xanımın adına olan Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzilin orta bazar dəyəri isə 275 000 manat olaraq qiymətləndirilir. Cülyetta İbrahimovanın adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzilin orta bazar dəyəri 67 000 manat hesab olunur. Onun adına Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil də var. Həmin mənzil 86 000 manat, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil isə 74 000 manat, həmin ünvanda yerləşən başqa bir mənzil isə 65 000 manat dəyərində qiymətəndirilib. Cülyetta İbrahimovanın adına rəsmiləşdirilmiş Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (villa) orta bazar dəyəri 2 626000 manat hesab olunur. Müsadirə olunanlar arasında Cüleytta İbrahimovanın adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobil də var. BMW X5”-ə 22 000 manat qiymət qoyulub. Cüleytta İbrahimovanın təsisçisi olduğu “Xəzər-222” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobil isə 33000 manat, "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili isə 118 000 manat olaraq qiymətləndirilib.
Göründüyü kimi Cülyetta xanımın adına kifayət qədər sərvət olub. Vilyam Hacıyev isə müsahibələrinin birində kirayə evdə yaşadığını bildirmişdi.
Həbs olunmuş icra başçısının oğli Məhəmməd Hacıyevin “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili isə 126 000 manat qiymət qoyulub. Bütün bu mülklər dövlət nəfinə müsadirə olunub. İndi Vilyam Hacıyevin ailəsi həmin sərvəti geri qaytarmağa çalışır. “Yeni Sözçü” qəzetinə daxil olan məlumata görə, bu şəxslərə məxsus olan, ancaq başqa şəxslərin adlarına sənədləşdirilmiş mülklər də var. Bu məlumatı araşdırmağa çalışacağıq və Vilyam Hacıyevin ailə üzvülərinin də mövqeyini dinləməyə hazırıq.
"Yeni Sözçü" qəzeti