8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Üzeyir Cəfərov: "O silahlarla bağlı ölkələrin hər birində geniş məlumat var”
"S-400 "Triumf” ZRK nə məlumat toplayacaq ki?!”
"Rusiyanın S-400 "Triumf” zenit-raket sistemlərinin Türkiyədə yerləşdirilməsi NATO üçün əsl provokasiyadır. Alyans Rusiyanın sözügedən sistemlər vasitəsilə F-35-lərin güclü və zəif tərəflərini aşkara çıxaracağından ehtiyat edir. Taleyin ironiyasına bax ki, S-400 çoxfunksiyalı qırıcıların əsas düşmənlərindən sayılır. Hansı ki, bu qırıcılar (F-35) yaxın illərdə ABŞ Hərbi Hava Qüvvələrinin arsenalının əsasını təşkil edəcək”.
Bu barədə Almaniyanın "Der Şpigel” nəşri məlumat yayıb.
Məqalədə bildirilir ki, NATO mütəxəssisləri S-400-lərin Türkiyədə yerləşdirilməsinə olduqca ehtiyatla yanaşırlar. Çünki sözügedən kompleklər Moskvanın Türkiyədəki "gözü” ola bilər.
Müəllif hesab edir ki, S-400 "Triumf” vasitəsilə Rusiya F-35 və digər qırıcılar haqqında geniş məlumat toplaya biləcək.
Qeyd edək ki, 2006-cı ildə ABŞ-ın rəhbərliyi altında NATO ölkələri F-35-i istehsal edib. Beşinci nəsil təyyarə olan F-35 demək olar ki, əksər rəqiblərini üstələyir. Təyyarəni ABŞ-ın "Lokhid Martin” şirkəti hazırlayıb. Qırıcı-bombardmançı olan F-35-in maliyyələşdirilməsində ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Norveç, Danimarka və İtaliya iştirak edir. Hazırda bu təyyarələr yalnız dörd ölkə - ABŞ, Böyük Britaniya, Avstraliya və Türkiyə ordularında mövcuddur. F-35 F-22-nin əsasında hazırlanıb. Stels texnologiyası ilə təchiz edilməsi onun radarlardan yayınmasına yardım edir. Təyyarənin indiyə qədər 3 seriyası buraxılıb. Bunlar F-35A, F-35B və F-35C-dirlər. Təyyarədə AFAR AN/APG-81 çoxfunksiyalı radiolokasiya sistemi quraşdırılıb. O, havadakı hədəflərlə yanaşı, yerüstü hədəfləri də aşkar etməyə qadirdir. Təyyarədə həmçinin AN/AAQ-37 elektron optik sistem də mövcuddur. O, 1300 kilometr məsafədə buraxılan ballistik raketləri aşkar etməyə, müxtəlif yerüstü və hava hədəflərini tapmağa, gecə və gündüz uçuşlarında naviqasiya rolunu oynamaq, raket hücumu zamanı xəbərdar etmək, zenit artilleriyanın işlədiyi mövqedə raketin buraxıldığı nöqtəni dəqiqləşdirmək iqtidarına malikdir. Təyyarə pilotunun dəbilqəsində displey yerləşdirilib.
F-35A və F-35C təyyarələri F135 mühərrikləri ilə təchiz ediliblər. Bu mühərriklər F-22-yə quraşdırılmış F-119-un inkişaf etdirilmiş formasıdır. F-35-i Rusiyanın istehsal etdiyi Su-35-dən zəif edən əsas məqam isə onun forsaj vermədən səsdən yüksək sürətlə uça bilməməsidir.
F-35-in güclü silah təchizatı var. F-35-də "hava-hava” tipli AİM-9 Saydvinder, AİM-132 ASRAAM və AİM-120 AMRAAM raketləri mövcuddur. Təyyarə həmçinin AGM-158 JASSM qanadlı raketləri, kasetli bombalar olan CBU-103, CBU-104 və CBU-105 VCMD, idarə olunan aviasiya bombası AGM-154 və tank əleyhinə Brimston raketləri var. 2017-ci ildə F-35-in B-61 nüvə bombaları ilə təchiz edilməsi planlaşdırılır.
F-35C-in uzunluğu 15,67 metr, uzunluğu isə 4,48 metrdir. Təyyarənin normal çəkisi 15785 kiloqram, uçuş zamanı çəkisi 25896 kiloqram, maksimal uçuş çəkisi isə 30320 kiloqramdır. Təyyarənin maksimal sürəti 1700 km/saatdır. F-35C maksimal formada 2520 kilometr qət edə bilər. S-35-dən fərqli olaraq, F-35C maksimum 18200 metr hündürlüyü qalxa bilir. F-35C-nin hazırkı qiyməti 93,3 milyon dollardır.
S-400 "Triumf” Zenit Raket Komleksi isə 2007-ci ildən bəri Rusiya Silahlı Qüvvələrinin silahlanmasında yer alır. S-400 sistemlərində dörd növ raketdən istifadə olunur: çox uzun mənzilli 400 km, uzun mənzilli 250 km, orta mənzilli 120 km və qısa mənzilli 40 km raketləri var. S-400 hazırda mövcud olan hava hücumundan müdafiə (HHM) sistemləri arasında ən yaxşılardan biri hesab olunur.
Artırılmış uzaqlıqda yeni raketin sınaqlarının sonunda kompleks 400 kilometrə qədər uzaqlıqda aerodinamik hədəfləri və 60 kilometrə qədər uzaqlıqda taktik ballistik hədəfləri və həmçinin saniyədə 4,8 km-ə qədər sürətlə uçan qanadlı raketləri, taktik və strateji aviasiyanın təyyarələrini, ballistik raketlərin manevr edən döyüş başlıqlarını vura biləcək. Erkən aşkar etmə radarı 600 kilometrə qədər uzaqlıqda aşkar etməni təmin edir. Raketlər 5 m-dan başlayan hündürlükdə aşağıdan uçan hədəfləri vura bilər Müqayisə üçün deyək ki, Amerika kompleksi "Patriot” ən azı 100 m hündürlükdə hədəfləri vura bilir.
Məlumata görə, S-400 "Triumf” ZRK intensiv radio elektron yatırılması şəraitində hava hücumunun müasir vasitələrinin hücumlarının qarşısını almağa və müxtəlif hava şəraitlərində döyüş tapşırıqlarını effektiv yerinə yetirməyə qadirdir.
Rəsmi açıqlamaya görə, S-400 sistemlərinin tədarükü 2015-ci ildə başlayıb, 2016-cı ildə 2 sistem əldə olunub.
12 sentyabr 2017-ci ildə Türkiyə-Rusiya arasında S-400 "Triumf” ZRK-nin Türkiyəyə tədarükü barədə müqavilə imzalanıb. Türkiyə Rusiyadan 2,5 milyard ABŞ dolları qarşılığında 4 divizion S-400 "Triumf” kompleksi satın alacaq və bu ZRK-ların Türkiyəyə çatdırılması prosesi gələn il başa çatmalıdır.
"Türkiyə öz təhlükəsizliyini təmin etmək üçün məcburdur ki, bu silahları alsın”
S-400 "Triumf” zenit-raket sistemlərinin F-35-lərin güclü və zəif tərəflərini aşkara çıxaracağı ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov "Hürriyyət”ə dedi ki, hər bir silahın üstün və çatışmayan cəhətləri var: "Ona görə də sözügedən silahlarla bağlı yalnız onu deyə bilərəm ki, bunlar müasir silahlardır, hərəsinin də özünün taktiki, texniki xarakeristikası var. NATO indi Rusiyanın silahlarını bəyənmir, Rusiya da sözsüz ki, NATO-nun silahlarını qabardır ki, müəyyən çatışmamazlıqları, zəif cəhətləri var. Amma mən belə deməzdim. O silhların hər biri 4-cü, 5-ci nəsilə aid olan silahlardır, müasir silahlar sayılır. Bü gün istər Rusiyanın, istərsə də NATO-nun müdafiəsi və təhlükəsizliyi üçün onların hər birinin öz böyük önəmi var, özü də çox bahalı silahlardır. NATO Türkiyəyə xəbərdarlıq edir ki, o silahlar NATO sistemi ilə uzlaşa bilməz, müəyyən problemlər olar bilər. Mən də o fikri bölüşürəm. Amma eyni zamanda Türkiyə prezidenti və xarici işlər naziri bildirmişdi ki, bəzi ölkələr Türkiyənin sanki zəifləməsində bir növ maraqlıdırlar, ən müasir silahların tez bir zamanda Türkiyəyə çatdırılması ilə bağlı müəyyən əngəllər yaradırlar. Ona görə də Türkiyə öz müdafiəsini, təhlükəsizliyni təmin etmək üçün məcburdur ki, bu silahları alsın. Amma necə deyərlər, yaşayarıq görərik. Çünki mən düşünmürəm ki, bu gün o silahlardan istifadə olunacaq və yaxud yaxın perspektivdə bu baş verəcək. O silahlar sadəcə olaraq çəkindirici xarakter daşıyır. Yəni ona görə alınır ki, bəzi ölkələrin "istibaşlı” siyasətçilərinin emosiyalarını sakitləşdirsin, bir az onları məsuliyyətli davranmağa sövq etsin, başqa məqsəd daşımır. Son neçə ildə mən görməmişəm ki, nə NATO, nə də Rusiya bir-birinə qarşı açıq şəkildə silahlar işlətsin. Kiçik xarakerli toqquşmlar olub. O da barmaqla sayılası qədər hadisələrdir. Hər bir ölkə sadəcə olaraq S-400-lər və yaxud digər modifikasiylı silahları ona görə alır ki, sabah müəyyən bir təhlükənin həm qarşısını alsın, həm də təhlükələrin yarana biləcəyi şəraitdə adekvat addımlar atacağı ilə bağlı bəyanatlar səsləndirsin”.
"Türkiyə yüz ölçüb-biçib ki, belə bir silahı Rusiyadan alsın”
"S-400 "Triumf”ların da, F-35-lərin də üstün cəhətləri var. Qırıcı təyyarənin və raketin öz funksiyaları var. Sadəcə müasir silahlardır. Bu müsir silahlar da dövlətlər üçün bugünləri çox önəmlidir. Türkiyə də elə-belə bir qərar qəbul etməyib, yüz ölçüb-biçib ki, belə bir silahı Rusiyadan alsın. Çünki bugünləri o silahın qarşısnı ala biləcək çox da böyük güclər mövcud deyil. O nöqteyi-nəzərdən Türkiyə S-400-lərin alınması ilə bağlı müqavilə imzalayıb. Rusiya da üzərinə öhdəlik götürüb, gələn il S-400-lər Türkiyəyə təhvil verilməlidir”,-deyə ekspert diqqətə çatdırdı.
"NATO-nun özünün elə silahları var ki, Rusiya ona yaxın dura bilməz”
"Hesab edirlər ki, S-400 "Triumf” vasitəsilə Rusiya F-35 və digər qırıcılar haqqında geniş məlumat toplaya biləcək. Sözügedən kompleklər Moskvanın Türkiyədəki "gözü” ola bilər. Siz necə düşünürünüz” sualına Ü. Cəfərov belə cavab verdi: " O nə məlumat toplayacaq ki?! Bugünləri demək olar ki, o silahlarla bağlı bütün ölkələrin hər birində geniş məlumat var. Bilmirəm, kim hansı məlumatı nəzərdə tutur və o məlumat hansı rol oynayacaq. Hər halda istənilən ölkənin silah-sursatı ilə bağlı indi məlumat var. Bilirsiniz ki, Rusiya prezidenti çıxışı zamanı bəzi silah sursatları nümayiş etdirdi ki, S-400, "Xinjal” var, nə bilim başqa silahları var, hansılar ki, onlara qarşı NATO hər hansı bir addım ata bilməz. Amma NATO-nun özünün də elə silahları var ki, Rusiya ona yaxın dura bilməz. Sadəcə, ölkələr arasında söz mübarizəsi gedir. O silahdan nə məlumat əldə olunacaq ki?! Onsuz da onun parametləri çoxdan bir-birinə bəllidir. Bir şeyi deyim ki, Türkiyə bu silahı alırsa, müəyyən məqsədlər güdür”.
Şamo EMİN, Hurriyyet.org