Bakı pulu ilə böyüyən, 35 il Kremldə söz sahibi olan Suslov – 30 il eyni paltonu geyən adam haqda 35 fakt

 

Mixail Suslov SSRİ tarixində dərin izlər buraxmış siyasi fiqurlardan biri olub. Onun siyasi fəaliyyəti diqqət çəkən maraqlı faktlarla zəngindir. Sozcu.info musavat.com-a istinadla 35 il Mərkəzi Komitənin katibi vəzifəsində çalışan Suslov haqqında ən maraqlı 35 faktı təqdim edir.

1. Onu Kremlin "Boz kardinalı” adlandırıblar.

2. Mixail Suslov 1902-ci il noyabrın 8-də Saratovda anadan olub.

3. O, kəndli ailəsində anadan olsa da, atasının heç bir təssərrüfatı və torpaq sahəsi olmayıb. Ata Suslov ailəsini dolandırmaq üçün 1904-cü ildən 1916-cı ilə qədər Bakının neft mədənlərində işləyib.

4. 1920-ci ildə komsomol sıralarına daxil olan Suslov, cəmi bir ildən sonra, 1921-ci ildə artıq partiyanın üzvü olub.

5. Mixail Suslov Plexanov adına Moskva Xalq Təsərrüfatı institutunu bitirib.

6. Müharibə illərində Suslov Stavropol diyarında partizan hərəkatının təşkilatçısı olub.

7. 24 may 1947-ci ildən ömrünün sonuna, 25 yanvar 1982-ci ilə qədər Suslov Mərkəzi Komitənin katibi vəzifəsində işləyib.

8. Suslovun siyasi karyerası hələ Stalinin hakimiyyəti dövründən başlayıb.

9. Stalin onun ideologiya sahəsindəki xidmətlərini yüksək qiymətləndirib və onu SSRİ-nin baş ideoloqu kimi görüb.

10. Xruşov komandasının ən fəal üzvlərindən biri olan Suslov Xruşovun devrilməsində böyük fəallıq göstərib. Birinci dəfə Sosialist Əməyi Qəhrəmanı adını Xruşovdan almasına baxmayaraq, Suslov onun siyasi fəaliyyətini kəskin tənqid edib.

11. Suslov marşal Georgi Jukovu hərbi çevriliş etmək niyyətində olması ilə bağlı plenumda sərt tənqid atəşinə tutub.

12. Breynevin hakimiyyəti illərində ölkə üçün taleyüklü məsələlər müzakirə olunarkən Suslovun fikri həlledici sayılıb.

13. Məhz həmin dövrlərdə Suslovu həm də "Görünməyən baş katib” də adlandırıblar.

14. Suslov öz mövqeyində çox sərt bir siyasi fiqur olub. Heç kim onun siyasi mövqeyinə əks getməyə cürət etməyib, o cümlədən Leonid İliç Brejnev də.

15. Brejnev ona "Mixail Andryeviç” deyə müraciət edib, Suslov isə baş katibi sadəcə "Leonid” çağırıb.

16. Suslov öz intizamı ilə həmkarlarını həmişə təəcübləndirib. O, hər gün işə eyni vaxtda, 8.59-da gəlib və eyni vaxtda 17.59-da işdən çıxıb.

17. O, xarici ölkələrdən rəsmi səfərlərdən qayıtdıqdan sonra gündəlik xərclər üçün ayrılmış valyutalardan xərcləmədiyi məbləği son qəpiyinə kimi kassaya qaytarıb.

18. Suslova hədiyyə bəxş etməyə heç kimin cürəti çatmayıb. Onun qəbul etdiyi hədiyyə yalnız kitab olub ki, o da hökmən müəllifin imzası ilə təqdim olunmalıymış.

19. Son dərəcə qənaətcil olan Suslovun mənzilində olan bütün mebellərinin arxasında dördkünc möhür olub: "Sov.İKP MK-nın işlər idarəsi”. Yəni Suslov, yalnız dövlətin ona "məsləhət bildiyi” tərzdə yaşayıb.

20. Suslov özünə ən böyük düşməni sovet əmlakına xor baxanları sayıb.

21. 35 il Mərkəzi Komitənin katibi olan Mixail Suslov düz 30 il eyni paltonu geyinib. Siyasi Büronun iclaslarının birində müzakirələr başlanmazdan əvvəl Brejnev büro üzvlərinə unikal bir təklif verib: Gəlin köməkləşib Suslova bir palto alaq.

22. O həm də qaloş geyinməyi ilə yadda qalıb. Onun kabinetdə olmağını bilmək üçün qəbul otağındakı qarderobuna nəzər salmaq kifayət edib. Qarderobun aşağı hissəsində səliqə ilə qoyulmuş qaloşlar görünübsə, demək, Suslov iş başındadır.

23. Suslovun özünə məxsus heç bir əmlakı, evi, bağı, torpaq sahəsi, nə də maşını olmayıb.

24. Sürücüsünə xidməti avtomobilini saatda 60 kilometrdən artıq sürməyə icazə verməyib.

25. Suslovun səhhətində problemlər hələ gənc yaşlarından başlayıb. O, vərəm xəstəliyinə tutulub, şəkərli diabetdən əziyyət çəkib, görmə qabiliyyəti zəif olub, 1976-cı ildə isə infarkt keçirib.

26. Son dərəcə sadə və həm də ciddi həyat tərzi yaşayan Suslovun adı bütün fəaliyyəti dövründə bir dəfə də olsun hansısa bir xoşagəlməz işdə hallanmayıb.

27. Kremldə Siyasi Büro üzvlərinə xidmət göstərən yeməkxanada onun üçün xüsusi olaraq sosiska və kartof püresi saxlanılıb. Digər rəhbərlər nərə və qızıl balıqla qidalandığı halda Suslov sadə sovet vətəndaşının menyusunda olan yeməklərlə qidalanmağa üstünlük verib.

28. Suslov Breynevin əyləncə məclislərindən həmişə yayınmağa çalışıb. Bu cür "tədbir”lərdə iştirak edəndə də onun qədəhinə araq əvəzinə su süzüblər.

29. Mixail Suslov hər ay aldığı halal maaşının bir hissəsini Sülh Fonduna köçürüb və bu haqda heç kimin məlumatı olmayıb. Bu fakt onun vəfatından sonra üzə çıxıb.

30. İdman növlərindən Suslov yalnız xokkeyə azarkeşlik edib.

31. Suslovla qonşu olan Brejnevin kürəkəni Yuri Çurbanov "Boz kardinal”ı belə xarakterizə edib: "Onun fəaliyyəti haqqında yalnız bir neçə nəfər, SSRİ-nin ən yüksək vəzifələrində işləyənlər tam məlumatlı ola bilərdilər. Suslov birinciləri ram etməyi bacarıb. O, Stalinlə də yaxın olub, Xruşov üçün əvəzolunmaz kadr sayılıb, Brejnevin isə sağ əli idi. Şəxsən mənim qayınatam Leonid İliç ona böyük diqqət və hörmətlə yanaşıb. Bəlkə hələ bir az da ondan çəkinib. Onu da qeyd edim ki, Suslovla işləmək o qədər də sadə və asan deyildi...”

32. Mixail Suslov eyni zamanda 1949-1950-ci illərdə SSRİ-nin ən nüfuzlu mətbu orqanı olan "Pravda” qəzetinin baş redaktoru vəzifəsini də daşıyıb.

33. Suslovun fəaliyyəti ilə bağlı maraqlı məqamlardan biri də odur ki, 1969-cu ildən sonra onun təşəbbüsü ilə filmlərdə, kitablarda, mətbu orqanlarda Stalinin adı görünməyə başlayıb və o, böyük siyasətçi, sərkərdə, dövlət xadimi kimi təqdim olunub.

34. Mixail Suslov 25 yanvar 1982-ci ildə vəfat edib, Qırmızı meydanda dəfn olunub. Onun vəfatı ilə bağlı ölkədə 3 günlük matəm elan olunub. Dəfn mərasimi televiziya vasitəsi ilə canlı yayımlanıb.

35. Müasirlərinin xatirələrinə görə, Mixail Suslov yeganə şəxs olaraq Kremldə "əsl kommunist” obrazını yaratmağı bacarıb.



Oxşar Xəbərlər

Xəbər lenti