8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Xəbər verdiyimiz kimi, martın 14-də Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı Forumu işə başlayıb.
Sozcu.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılış mərasimində çıxış edib.
Dövlət başçısı Forumun dünyada cərəyan edən vacib prosesləri müzakirə etmək üçün mühüm beynəlxalq platformaya çevrildiyini vurğulayıb.
Forumda dünyanın nəhəng intellektual potensialının cəmləşdiyini deyən Prezident İlham Əliyev bunun tədbirin miqyasını təcəssüm etdirdiyini, Bakı Forumunun beynəlxalq aləmdə misilsiz yeri olduğunu diqqətə çatdırıb.
Azərbaycanın xarici siyasətindən danışan dövlət başçısı bildirib ki, bu, proqnozlaşdırıla bilən, müstəqil və milli maraqlara əsaslanan, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə yönələn siyasətdir.
"Biz ənənəvi tərəfdaşlarla münasibətlərimizi daha da möhkəmləndirmişik, eyni zamanda, yeni dostlar əldə edərək yeni körpülər qurmuşuq”, - deyən Prezident İlham Əliyev Azərbaycanın qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yarada bildiyini, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və sərməyə qoyuluşu sahələrində əməkdaşlıq qurduğunu diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Azərbaycan Prezidenti bir milyondan çox qaçqın və məcburi köçkünün bu gün də bu işğalın nəticələrindən əziyyət çəkdiyini, xalqımıza qarşı etnik təmizləmə aparıldığını, tarixi abidələrimizin dağıldığını xatırlatdı.
Dövlətimizin başçısı bildirdi ki, bu işğal beynəlxalq təşkilatların beynəlxalq hüquqa əsaslanan qətnamələrinin pozulması deməkdir və status-kvo qəbuledilməzdir, onun dəyişdirilməsi üçün isə Ermənistan Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmalıdır.
"Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”, - deyən Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirdi. Vurğuladı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır. Dövlətimizin başçısı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışdı və diqqəti ölkəmizin təşəbbüsü ilə yaradılan və artıq 10 ildir ki, mövcud olan "Bakı Prosesi”nin əhəmiyyətinə yönəltdi, "Bakı Prosesi”nin BMT tərəfindən də dəstəklənən proses olduğunu vurğuladı.
Prezident İlham Əliyev Forum iştirakçılarının diqqətini dünyada sabitliyin bərqərar olması üçün mühüm amil olan multikulturalizmin Azərbaycandakı ənənələrinə də yönəltdi, bu ideyanın dünyada təbliğ edildiyini vurğuladı.
"Bu gün Azərbaycan nümayiş etdirir ki, yalnız multikulturalizmin təşviqi ilə dünya irəli gedə, gərginlik azala bilər”, - deyən dövlətimizin başçısı Azərbaycanın gənc, müstəqil ölkə olmasına baxmayaraq, beynəlxalq təşkilatların dəstəyini qazandığını bildirdi. Ölkəmizin beynəlxalq təhlükəsizliyə töhfəsini qeyd edən Prezident İlham Əliyev nəqliyyat və enerji layihələrimizdən danışdı, həmin layihələrin beynəlxalq əməkdaşlığın mühüm hissəsi olduğunu dedi, bu istiqamətdə reallaşdırılan layihələrin ölkələri daha da yaxınlaşdırdığını, əməkdaşlıq üçün yeni körpülər saldığını, enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini vurğulayıb.
Dövlətimizin başçısı Forumun işinə uğurlar arzulayıb.