İrəvanın İran təlaşı - ABŞ-la qarşıdurmada “nəfəslik” bağlana bilər

 

Erməni baş nazir budəfəki Yeni il təbrikində də narazı xalqı quru vədlərlə yola verdi; təzə il isə işğalçı ölkəyə təzə başağrısı ilə gəldi; Amerika-İran toqquşmasının altını ən çox Ermənistan çəkəcək, çünki...

Ermənistanın baş naziri Nikol Paşinyan budəfəki Yeni il təbrikində də ermənilərə bol vədlər verib. "2020-ci ilin ölkə üçün iqtisadi, siyasi, sosial və psixolojin yüksəliş ili olacağına ümid etdiyini” söyləyib. Bunu o, Yeni il axşamı İrəvanın mərkəzində qurulmuş yolkanın yanında etdiyi çıxışı zamanı deyib. Ancaq "halva” deməklə ağız şirin olmur. Bunu isə kim bilməsə də, bu gün hakimiyyətə gəlişinin düz 1 il 8 ayı tamam olan Paşinyan yaxşı bilir.

Acı gerçək belədir ki, "məxməri” baş nazirin dövründə də Ermənistanın Azərbaycan və Türkiyə tərəfdən təcrid vəziyyəti davam edib, hətta daha da sərtləşib. Ötən il işğalçı ölkə daha bir iri regional layihədən - "Dəmir İpək Yolu”nun mühüm tərkib hissəsi sayılan Bakı-Tiflis-Qars dəmir yolundan kənarda qalıb. Paşinyanın ac-yalavac ermənilərə söz verdiyi "qızıl dağlar”, çoxsaylı iş yerləri və böyük xarici sərmayələrlə bağlı vədlər də quru vəd olaraq qalmaqdadır.

ABŞ İran İrəvan ile ilgili görsel sonucu

Bir səbəbini dedik. Digər səbəb Rusiyanın, faktiki, ucqar quberniyası, forpostu rolunda olan Ermənistana xarici sərmayədarların, hətta zəngin ermənilərin belə, maraq göstərməməsidir. Bu reallıqlar, üstəgəl, blokada rejimi və Azərbaycanla müharibə vəziyyəti qaldıqca baş nazirin iqtisadi islahatlarla bağlı səyləri bu il də əlçatmaz olaraq qalacaq. İnqilabdan sonrakı haqq-hesab saatına isə bir şey qalmayıb - cəmi 4 ay. Çünki əksər təhlilçilərə görə, məhz 4 ay sonra - inqilabın 2-ci ilinin tamamında Nikol Paşinyan artıq vədlərdən deyil, gördüyü işlərdən danışıb hesabat verməli olacaq. Vədlər dövrü bitir...            

*****

Ancaq erməni lider növbəti Yeni il təbriki ilə öz xalqının başının altına yenə yastıq qoyar-qoymaz, il təzələnər-təzələnməz, Ermənistan üçün daha bir bəd xəbər gəlib. Söhbət İraqda general Qasim Süleymaninin qətli ilə İran-ABŞ münasibətlərinin ən kritik dönəmə girməsindən gedir.

Məsələ ondadır ki, Rusiya ilə quru sərhədi olmayan Ermənistandan ötrü İran həmişə "nəfəslik” rolundadır. Bu, öz yerində, ermənilər Qarabağ məsələsində həm də cənub qonşumuzdan daim mənəvi güc aldıqlarını bəyan edirlər. Bu da səbəbsiz deyil. Çünki müsəlman Türkiyədən fərqli olaraq, müsəlman İran təcavüzkar Ermənistanla heç vaxt sərhədi bağlamayıb. Bu fikirdə olmayıb. Bağlasaydı, Dağlıq Qarabağ ixtilafının ədalətli həlli də xeyli asanlaşar, hətta reallaşardı.

ABŞ İran İrəvan ile ilgili görsel sonucu

Bu, əlbəttə ki, ilk növbədə rəsmi Tehranın dövlət maraqları ilə bağlıdır. Amma vəziyyət indi elədir ki, Ermənistan üçün yeganə "nəfəslik” də qapadıla bilər. Sərhədlərin isə həm ABŞ-la hərbi toqquşma variantında, həm də İrandaxili qeyri-sabitlik səbəbindən bağlanması mümkün hesab edilir. ABŞ artıq anons verib. Vaşinqton eyni zamanda İranla sıx əlaqədə olan ölkələrin də sanksiyalardan ziyan görə biləcəyi haqda xəbərdarlıq edib.

*****

Təbii ki, o halda Azərbaycanın da itirəcəkləri olacaq. Amma Ermənistan qat-qat böyük zərərdə olacaq. Çünki yeganə "nəfəsliy”in bağlanması işğalçı ölkəni, faktiki, "astmatik boğulma” halına, ağır "iqtisadi qıcolmalara” gətirəcək. Yeri gəlmişkən, təxminən bir il öncə çıxışların birində N.Paşinyan demişdi ki, Ermənistan İranla sərhədin qapadılmasına hazır olmalı, çıxış yolu haqda düşünməlidir. O, hətta Gürcüstan yolunun da bağlana biləcəyini söyləmişdi.

Həmin sitatı xatırlatmağın yeri var: "ABŞ-İran münasibətlərinə və geosiyasi vəziyyətə görə Ermənistan-İran sərhədi hər an de-fakto bağlana bilər. Erməni-gürcü sərhədləri də, məsələn, geosiyasi şərtlər, pis hava şəraiti səbəbindən de-fakto bağlana bilər. Ermənistan dənizsiz bir ada kimidir. Bu şəraitdə Ermənistan necə hərəkət etməlidir? Erməni-türk münasibətlərinə gəldikdə, həmişə deyiləni gərək deyim. Ermənistan ilkin şərt olmadan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasına hazırdır”.

Qeyd edək ki, ötən il Paşinyan bir neçə dəfə bu tezislə rəsmi Ankaraya müraciət edib. Türkiyə hökuməti də haqlı olaraq bəyan edib ki, sərhədlərin qeyd-şərtsiz yox, iki şərt daxilində açılması mümkündür: 1. Erməni işğalçı qoşunlarının Azərbaycan torpaqlarından geri çəkilməsi; 2. Türkiyəyə qarşı saxta soyqırımı iddialarından imtina.

Aydındır ki, bu şərtlər xaricində iki qardaş ölkə tərəfindən Ermənistanın blokadası davam edəcək və gücləndiriləcək. Demək ki, dünya okeanına çıxışdan məhrum olan düşmən ölkə üçün İran "nəfəsliyi” də öz aktuallığını saxlayacaq - hansı ki, Paşinyanın öz sözü ilə desək, hər an bağlana bilər.

****

Görünür, bu təlaşın diktəsidir ki, cırtdan Ermənistanın rəhbəri Nikol Paşinyan başından böyük hərəkət edərək, ABŞ və İran prezidentlərinə ağıl verməyə çalışıb, Donald Tramp və Həsən Ruhanini müdrikliyə (!) səsləyib. "Mən inanıram ki, hər iki lider yaranmış durumda müdrik olacaq və vəziyyətin daha da ağırlaşmasına imkan verməyəcək”, - deyə o, facebook səhifəsində qeyd edib.

Oxşar panik açıqlamalar və çağırışlar işğal altındakı Dağlıq Qarabağın kriminal-separatçı ünsürlərinin də dilindən eşidilməkdədir. Bu qəbildən panikalara birdəfəlik son qoymağın yolu isə çoxdan bəlli: Qarabağ konfliktinin həllini və bunun nəticəsi olaraq sərhədlərin açılmasını  sürətləndirmək, ədalətli sülh anlaşmasına real töhfə vermək, işğalçı qüvvələri Azərbaycan ərazilərdən çıxarmaq. Qeyd-şərtsiz...



Oxşar Xəbərlər

Xəbər lenti