Bəxtiyar Hacıyev Müsavat və REAL namizədləri ilə “toqquşdu”

 

Biri xalq artisti Mirzə Babayevin nəvəsi, o biri keçmiş vicdan məhbusudur

9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində 29 saylı Səbayel seçki dairəsindən namizəd olan ictimai fəal Bəxtiyar Hacıyev Müsavat və REAL partiyalarına savaş açıb. Buna səbəb də onun rəqibləri sırasında hər iki partiyanın nümayəndələrinin olmasıdır.

Bu dairədən Müsavatdan başqan müavini Fərəc Kərimli (keçmiş vicdan məhbusu), REAL-dan da Emin Babayev (xalq artisti Mirzə Babayevin nəvəsi)  iddiaçıdır. B.Hacıyev hər iki partiyaya seçki dairəsində bitərəf və hakimiyyət namizədlərinə qarşı birləşmək təklifini önə sürüb. Lakin onun bu təklifi partiyalar tərəfindən qəbul olunmayıb. Bu da B.Hacıyevin qəzəbinə səbəb olub. O, müxalifət partiyalarını sərt şəkildə hədəfə alıb, üstəlik, onların heç bir resurslarının, şanslarının olmadığını bildirib. İctimai fəal  qeyd edir ki, müxalifətçi rəqibləri heç bir sistemli iş apara bilmirlər, bu isə onların uduzma reallıqlarını açıq-aydın bəlli edir.

Sitat: "Şansı, resursları, təşviqatı çox zəif olan, təşviqatın təxminən 10 günündə heç bir sistemli iş aparmayan, bunu bildikləri halda ümumi və ölkə maraqlarını yox, dar partiya maraqlarını güdərək addım atanlar da olur. Seçkidən sonra nəticələr açıqlansın, bu partiyalarla bağlı fikirlərimi geniş yazacam”.

REAL-ın icraçı katibi Natiq Cəfərli ile ilgili görsel sonucu

REAL-ın icraçı katibi Natiq Cəfərli "Yeni Müsavat”da B.Hacıyevə belə cavab verdi: "Əslində o dairədən namizədi birinci biz vermişdik. REAL-ın namizədi hətta dekabr ayında açıqlanmışdı. Bəxtiyar bəy özü o dairəni seçərkən bilirdi ki, orada Müsavatın başqan müavini və REAL-ın simalarından biri, Mirzə Babayevin nəvəsi Emin Babayev də namizəddir. Bəxtiyar bəy kifayət qədər uğurlu iş aparır. Burada problem başqadır. Bir ildən çox idi ki, Bəxtiyar bəy REAL-ın seçki çağırışlarını, İlqar Məmmədovun bu barədə fikirlərini, erkən seçkilərin olması ehtimalı barədə və buna hazırlaşmaq yönündə dediklərimizi gülüş hədəfinə çevirirdi. Azərbaycanda seçkilərdən danışmağın absurdluğunu söyləyirdi. Amma sonradan seçkilərdə iştiraka qərar verdi. Bəxtiyar bəyə kömək etməyə, onu dəstəkləməyə hər zaman hazır olardıq. Bir il ərzində bizimlə birlikdə seçki kampaniyası aparsaydı, seçkilər elan olunan kimi gəlib görüşüb dairəsini seçsəydi, bu başqa məsələ olardı. Onun seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyildi. Bəxtiyar bəy özünə çəki-düzən versə, son bir ildəki davranışlarını gözü önündən keçirsə, yaxşı olardı. O, fərqli insandır, hörmət etdiyim şəxslərdən biridir. Amma son bir ildə seçkiləri gözdən salmaqla məşğul idi. İndi isə seçkilərə gedib, seçki aktivliyinə səbəb olmağa çalışır. Yenə deyirəm, əgər REAL-ın son bir ildəki seçki çağırışlarına qoşulsaydı, bunu gülüş obyektinə çevirməsəydi, hətta tənqiddən ötəsi təhqirə yaxın ifadələr işlətməsəydi, təbii ki, seçicilərin aktivliyinə nail olmaq mümkün ola bilərdi. Lakin o, Azərbaycanda seçkilərlə bağlı söhbətlərin mənasız olduğunu söyləyirdi. İstənilən halda, ona seçkilərdə uğurlar arzulayıram. Bəxtiyar bəy bacarıqlı insandır. Amma öz mövqeyini açıqlayarkən, keçmişinə də baxsın, atdığı addımlara nəzər yetirsin”.

REAL funksioneri fikirlərini bu cür davam etdirdi: "Resurslar məsələsinə gəlincə, REAL-ın güclü, qalibiyyəti haqq edəcək namizədləri də var. Bərabər mübarizə aparacaq iddiaçılarımız da var. Daha gənc namizədlərimiz də var ki, ilk dəfədir bu prosesə qoşulurlar. Onlar gələcək fəaliyyətlərini siyasətdə görürlər. Biz heç zaman iddia da etməmişik ki, 31 namizədimizin hamısı qalib gələcək. Bunu demək absurd olardı. Emin Babayev kifayət qədər həmin bölgədə tanınan, anadan olandan orada yaşayan bir insandır. Ailəsinin, babasının və özünün fəaliyyətini orada yaşayan insanlar yaxşı bilirlər. Öz çapına uyğun şəkildə kampaniyasını aparır. İndiyə qədər 8 minə yaxın seçici ilə görüşüb. Hər seçicinin bir ailədən olduğunu düşünsək, demək olar ki, həmin dairədə yaşayan bütün ailələrlə görüşüb. Əslində Bəxtiyar bəy bir yandan da təşəkkür etməlidir ki, seçkilərə maraq artır. Əgər Eminin fəaliyyəti nəticəsində məntəqələrə daha çox seçici gələcəksə, onun da bir qismi Bəxtiyar bəyə səs verəcəksə, nəyi pisdir? Açığı, mən ondan təşəkkür gözləyirdim. Təhdid, şantaj dolu sözlərdənsə, təşəkkür etməsi daha məntiqli olardı. Çünki son il yarımda seçkiləri daim gündəmə gətirən, növbədənkənar seçkilərin olacağı ehtimalını həmişə vurğulayan, hamını seçkilərə kökləyib, proseslərə hazırlaşmağa kökləyən partiya REAL, onun sədri İlqar Məmmədov olub. O vaxt gülüş hədəfinə çevirirdilər, indi dəstək gözləyirlər”.



Oxşar Xəbərlər

Xəbər lenti