İlham Əliyevin verdiyi 5 mesajı necə oxumaq lazımdır? –Təhlil

İlham Əliyevin verdiyi 5 mesajı necə oxumaq lazımdır? –Təhlil

 

Prezident Ilham Əliyev oktyabrın 17-də Rusiyanın "Sputnik” informasiya agentliyinə geniş müsahibə verib. Müsahibədə İlham Əliyev bir sıra məsələlərə aydınlıq gətirib.

Birincisi, İlham Əliyev dedi ki, Konstitusiya dəyişikliklərinə baxmayaraq, Azərbaycanda növbədənkənar prezident seçkisinə ehtiyac yoxdur və prezident seçkisi planlaşdırıldığı kimi 2018-ci ildə keçiriləcək. Halbuki, referendumdan dərhal sonra ekspert dairələrində belə bir fikir var idi ki, İlham Əliyev gələcək illərdə iqtisadi vəziyyətin ağırlığını nəzərə alaraq prezident seçkisini bu ilin sonuna təyin edə bilər.

İkincisi, İlham Əliyev söylədi ki, TAP və TANAP layihələri "Türk axını” layihəsinə alternativ deyil.

Dövlət başçısının fikrincə, Avropa hər iki boru xətti ilə ixrac ediləcək qazı alacaq və buna görə Azərbaycanla Rusiya arasında rəqabət aparmağa ehtiyac yoxdur. Əslində, Avropa rəsmiləri və diplomatları qeyri-rəsmi söhbətlərdə daha çox Azərbaycan qazına maraq göstərdiklərini gizlətmirlər, çünki Rusiya qazı Avropa bazarında onsuz da həddən artıqdır və Brüssel bu həcmin artırılmasında maraqlı deyil. Buna baxmayaraq, hiss olunur ki, rəsmi Bakı bu məsələdə Kremllə üz-üzə gəlmək istəmir.

Üçüncüsü, İlham Əliyev Rusiyanın Suriyaya hərbi müdaxiləsiylə bağlı konkret fikir bildirməsə də, Rusiya prezidenti Vladimir Putinin beynəlxalq terrorizmə qarşı birgə mübarizə ideyasını dəstəkləyir. Həqiqətən Putin ABŞ-a Suriyada beynəlxalq terroçulara qarşı birgə mübarizə aparmağı təklif edib. Vaşiqnton isə Putinin bu təklifini qəbul etməyib. Görünür, bu onula əlaqəlidir ki, ABŞ Rusiya ilə birgə terrorçulara qarşı aparılan mübarizənin fonunda Bəşər Əsəd rejiminin güclənməsini istəmir.

Dördüncüsü, İlham Əliyev Rusiya hərbi təyyarəsinin Türkiyə səmasında vurulmasında üçüncü qüvvələrin maraqlı olduğuna eyham vurdu. Azərbaycan prezidenti ad çəkmədən məhz həmin qüvvələrin Rusiya-Türkiyə tərəfdaşlığını pozmaq istədiklərinə işarə etdi. Əslində üçüncü qüvvə dedikdə yenə ağla məhz ABŞ gəlir. Çünki məhz ABŞ-dakı siyasi və hərbi dairələr Türkiyə-Rusiya yaxınlaşmasından narahatdırlar.

Beşincisi, Azərbaycan prezidenti müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib fikir söylədi: "Yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər”.

"Muxtar Respublika” ideyası rəsmi Bakının böyük güzəşti sayıla bilər. Əgər Azərbaycan hakimiyyəti əvvəlki illərdə güzəşt kimi daha çox "yüksək statusa malik muxtariyyət” ifadəsini işlədirdisə, indi bunun konkret adını deyir: "Müxtar Rüspublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır.

Buna baxmayaraq, Azərbaycan hakimiyyəti "muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini müəyyənləşdirməlidir. Bu mənada hakimiyyət strukturlarının "Muxtar Respublika”nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsinə ehtiyac var. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, "bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur”.Ona görə də "Muxtar Respublika” ilə bağlı təkliflər paketi hazırlanmalıdır.

İlham Əliyev müsahibəsində belə bir məqamı da vurğuladı ki, Azərbaycan Dağlıq Qarabağda böyük investisiya layihələri reallaşdıracaq.

Hazırda Dağlıq Qarabağ Ermənistanın dotasiyasındadır və İrəvan bölgəyə ən azı 150 -200 milyon dollar ayırır. Bu məbləğ ağır iqtisadi və sosial vəziyyətdə olan Ermənistan üçün böyük yükdür. Deməli, Azərbaycanın Dağlıq Qarabağa yönəldəcəyi investisiyalar həm Ermənistanı maliyyə yükündən qurtaracaq, həm də Dağlıq Qarabağda birgə yaşayan ermənilərin və azərbaycanlıların sosial və iqtisadi problemlərinin həllinə yönəldiləcək. İnvestisiya layihələrinin də "muxtar respublika” ilə bağlı hazırlanan təkliflər paketində göstərilməsi Azərbaycanın beynəlxalq aləmə güclü mesajı olar.

İlham Əliyevdən "Sputnik” agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb. Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir.

Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir.

Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar, İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun "Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın maraqlarına cavab vermir…

Elxan ŞAHİNOĞLU,

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri



Oxşar Xəbərlər

Xəbər lenti