“Borçalı” İctimai Birliyinin sədri prezidentə müraciət etdi

“Borçalı” İctimai Birliyinin sədri prezidentə müraciət etdi

 

MÜRACİƏT

Cənab Prezident!
Biz "Borçalı” İctimai Birliyi olaraq, Sizin Gürcüstanda yaşayan soydaşlarımıza göstərdiyiniz diqqət və qayğını yüksək qiymətləndirir və bundan qürur duyuruq. 
"Borçalı” İctimai Birliyinin 28 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının tanınmış ziyalılarının iştirakı ilə keçirdiyi tədbirdə Gürcüstandakı soydaşlarımızın təhsil aldıqları məktəblərdə yaranan dərslik problemi ilə bağlı Zati-Alinizə müraciət etmişdik. Sizin şəxsən göstərişinizlə bu problem dərhal həll olundu və Gürcüstandakı azərbaycandilli məktəblərə 17 min dərslik göndərildi. Bu hadisənin Dünya Azərbaycanlılarının Həmrəylik Günündə baş verməsi Gürcüstanda yaşayan soydaşlarımız tərəfindən daha çox sevinclə qarşılandı.

Hörmətli Prezident!
"Borçalı” İctimai Birliyi olaraq təəssüf hissi ilə bildiririk ki, hazırda Gürcüstan vətəndaşı olan soydaşlarımız Azərbaycan Respublikasının ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış Azərbaycan vətəndaşları olan abiturientlərlə eyni bal toplasalar da, yalnız ödənişli əsaslarla təhsil ala bilirlər. 
Digər tərəfdən, Gürcüstanın azərbaycandilli məktəblərində çalışan Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif və digər fənləri tədris edən müəllimlərin əksəriyyətinin yaşı 60-65 arasındadır. Sizin 2015-ci ilin noyabrında Gürcüstanda yaşayan soydaşlarımıza etdiyiniz müraciətdə deyildiyi kimi, "Gürcü dilini bilmək çox vacibdir və əlbəttə ki, siz Azərbaycan dilini, öz tarixi köklərinizi heç vaxt unutmamalısınız”. Sizdən zəngin dil və ədəbiyyatımızın unudulmaması, keyfiyyətli tədris edilməsi naminə Gürcüstan vətəndaşı olan soydaşlarımıza Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dövlət sifarişi əsasında təhsil almalarına göstəriş vermənizi xahiş edirik.

Cənab Prezident!
Sizin də dəfələrlə qeyd etdiyiniz kimi, milli dilimizin, milli məktəblərimizin, milli mədəniyyətimizin qorunması milli varlığımızın yaşaması və inkişafı deməkdir. Milli varlığımızın yaşaması və inkişafı yolunda göstərdiyiniz fədakarlığa görə Gürcüstanda yaşayan bütün soydaşlarımız adından Sizə öz minnətdarlığımızı bildirir və uğurlar diləyirik!

Hörmətlə :
"Borçalı” İctimai Birliyinin sədri Kərəm Məmmədov



Oxşar Xəbərlər

Xəbər lenti