Prezident İlham Əliyev avstriyalı naziri qəbul edib

Prezident İlham Əliyev avstriyalı naziri qəbul edib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avstriyanın federal ailə və gənclər naziri xanım Sofi Karmasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmas ölkəmizə səfərinin uğurlu olduğunu, nazirliklərdə və təşkilatlarda keçirilən çoxsaylı məhsuldar görüşləri və onlara göstərilən qonaqpərvərliyi məmnunluqla qeyd edib.

Azərbaycanın çox maraqlı və əməkdaşlıq üçün açıq ölkə olduğunu vurğulayan avstriyalı nazir ölkəmizdə müxtəlif layihələrin həyata keçirilməsi üçün geniş imkanların mövcud olduğunu bildirib. Sofi Karmas deyib ki, ölkəsi Azərbaycana müvafiq nou-hauların həyata keçirilməsi işində dəstək verməyə hazırdır. O, iyulun 17-də Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olarkən ona ölkəmizdə elektron hökumətlə bağlı maraqlı layihələr barədə məlumat verildiyini deyib. Qonaq bu layihələrin Avstriya üçün çox böyük maraq doğurduğunu və gələcəkdə həmin layihələrin öyrənilməsində və tətbiq edilməsində maraqlı olduqlarını bildirib.

Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmas SOCAR-da keçirdiyi görüşlərdən də məmnunluq ifadə edərək orada da ətraf mühitin qorunması ilə bağlı maraqlı layihələrlə tanış olduqlarını diqqətə çatdırıb.

Prezident İlham Əliyev Azərbaycan ilə Avstriya arasında tərəfdaşlıq əlaqələrinin yeni sahələri əhatə etmək məqsədilə əməkdaşlıq formatının genişləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı Avstriyanın federal ailə və gənclər naziri Sofi Karmasın Azərbaycana səfərinin məhsuldar olacağına və yaxşı nəticələr verəcəyinə əminliyini ifadə edərək bu səfərin əməkdaşlığımızın müxtəlif sahələrdə inkişaf etdirilməsinə öz töhfəsinin verəcəyinə ümidvar olduğunu deyib



Oxşar Xəbərlər

Xəbər lenti