8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının "sevimli” məşğuliyyətinə çevrilib”.
Trend-in məlumatına görə, Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov OCCRP adlanan qurumun ("Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsi) "hesabat”ı və bu "hesabat” əsasında bəzi KİV-də yayılmış materialı ilə bağlı açıqlamasında deyib.
Ə.Əhmədov qeyd edib ki, Azərbaycana və onun rəhbərinə şər-böhtan atmaq Qərbin bəzi siyasi dairələrinin, qeyri-hökumət təşkilatlarının və mətbuat orqanlarının "sevimli” məşğuliyyətinə çevrildiyi heç kimə sirr deyil: "Bu "məşğuliyyətin” müxtəlif yollarla və formalarda Azərbaycana çatdırılan "məhsulların” dinamikası onu deməyə əsas verir ki, burada böyük "fayda” var. Ona görə də "Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı” layihəsinin və "Guardian” qəzetinin fantaziyasının məhsulu olan və yenə də Azərbaycana və onun rəhbərinə böhtan atması ilə diqqəti cəlb etməyə çalışan yazıda son illərin məlum trendi baxımından qeyri-adi heç nə yoxdur: kiçik fərqlə eyni sifariş, eyni sifarişçi, eyni icraçılar (personallar dəyişsə də mahiyyət dəyişməyib). Lakin diqqəti cəlb etmək üçün "məhsula” yeni inqridiyentlər qatılması gərəkdir və bu zaman həqiqətən bütün çərçivələr aşılıb. Doğrudan da, məntiq tükənən yerdə böhtan başlayır. Bu dəfə icraçılar (bəlkə sifarişçilər də) Azərbaycana qarşı böhtan atmağa o dərəcədə aludə olublar ki, Avropanın çox nüfuzlu qurumlarını çirkaba buladıqlarının belə fərqinə varmayıblar. Azərbaycana qarşı hazırlanan hesabatdan və yazıdan belə məlum olur ki, Avropa Şurası Parlament Assambleyası çox ciddi siyasi qərarlarını, yumşaq desək, hədiyyələr əsasında qəbul edir. Bu, həqiqətən AŞ PA üçün çox ciddi ittihamdır və qurum onu həzm etməyə hazırdırmı?"
Baş nazirin müavini bildirib ki, lakin əsas məsələ bu ritorik sualda deyil: "Əgər doğrudan da, sözügedən hesabatda iddia olunduğu kimi, AŞ PA 2013-cü ildə Azərbaycana qarşı qərəzli tənqidi hesabatı deputatlara verilən hədiyyələrə görə rədd edibsə, demək, bu qurum Azərbaycana qarşı dəfələrlə qəbul etdiyi qərəzli və qeyri-obyektiv qətnamələri də maraqlı tərəfin verdiyi hədiyyələrə görə qəbul edib. Sağlam təfəkkürlə bu məntiqə qarşı çıxmaq, düşünürəm ki, mümkün deyil. Belə olan halda AŞPA-nın hansı qətnaməsinin ədalətli, əsaslı, obyektiv, hansının isə sifarişli olduğunu təyin etmək, sadəcə, qeyri-mümkündür. Hesabatın məntiqindən belə çıxır ki, Avropanın mötəbər qurumu bütünlüklə korrupsiyalaşıb".
Onun sözlərinə görə, sübut etməyə ehtiyac yoxdur ki, hesabatın və yazının müəlliflərinin əsas hədəfi Azərbaycan və onun gündən-günə müsbətə doğru dəyişən imicidir: "Onların və onlar kimilərin bütün cəhdlərinə baxmayaraq bu və ya digər beynəlxalq tədbirlərdə iştirak etmək üçün Azərbaycanda səfərdə olan beynəlxalq qurumların nümayəndələri ölkəmiz haqqında onlarda məqsədli şəkildə formalaşdırılmış stereotiplərdən xilas olmağa məcburdurlar. Son illərdə Azərbaycanda yüksək səviyyəli müxtəlif beynəlxalq tədbirlərin sayının artması sözügedən stereotiplərdən xilas olan beynəlxalq qurumların nümayəndələrinin sayının da hiss olunan dərəcədə artması ilə müşaiyət olunur və nəticədə Avropanın nüfuzlu təşkilatlarında ölkəmiz haqqında həqiqətləri bilən və açıq şəkildə onu dilə gətirən insanların sayı da çoxalır. Belə bir vəziyyət məlum dairələri ciddi şəkildə narahat edir və onlar çıxış yolunu bu cür insanları şantaj edərək həqiqətin yanında olmaqdan çəkindirməkdə görürlər. Bur neçə gün bundan əvvəl işıq üzü görmüş hesabatın və yazının əsl mahiyyəti və məqsədi məhz bundan ibarətdir: şantaj, qorxutmaq yolu ilə həqiqəti etiraf etmək istəyənləri susdurmaq və Avropa mətbuatında və ictimai rəyində Azərbaycan haqqında birtərəfli və qərəzli informasiyanın şəksiz hökmranlığını təmin etmək".
Ə.Əhmədov əlavə edib ki, hesabat və yazı müəlliflərinin başqa bir və yenə də əsas sayıla biləcək məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində Azərbaycanın son zamanlar hiss olunan diplomatik, təbliğati və əsasən də hərbi üstünlüyü ələ almasından xoflanaraq ölkəmizə qarşı mahiyyət etibarilə ikinci cəbhə açmaqdır: "Məqalənin ermənipərəstliyi şübhə doğurmayan müəlliflər tərəfindən hazırlanması və münaqişənin həll edilməsi istiqamətində Minsk qrupu həmsədrləri tərəfindən səsləndirilən optimist bəyanatlarla eyni vaxta düşməsi bu tezisin ciddi əsaslara söykəndiyini təsdiq edən dəlillərin yalnız bir qismidir.
Nəhayət, onu da vurğulamaq istərdim ki, Azərbaycanın uğurlu dövlət kimi özünü təsdiq etməsi, modern, tolerant cəmiyyət imici anti-Azərbaycan və islamofobiya xəstəliyinə tutulmuş dairələri rahat buraxmır. Azərbaycanın müasir və tolerant imici onların yalan və böhtan üzərində qurulmuş təbliğat konstruksiyasına uyğun gəlmir. İslamofobiyanın bir çox hallarda vüsət aldığı indiki şəraitdə Azərbaycana qarşı əsassız hücumlar təkcə, necə deyilər, ümumi tendensiyaya qoşulmaq istəyi deyil, həm də konkret məqsədlərə xidmət göstərən məkrli planın bir parçasıdır".
Baş nazirin müavini vurğulayıb ki, yalan və böhtan heç bir mətbuat orqanına yaraşmır: "Bunu illər boyu ad qazanmış "Guardian” qəzeti kimi mətbuat orqanı edirsə, bu artıq böyük faciədir. Lakin, görünür, bu böyük faciənin arxasında həm də böyük maraqlar var. Özü də ciddi maddi dəyəri olan maraqlar".