Rusiya Türkiyə münasibətləri pisləşsə, kim daha çox zərər edər? – Şərh

Türkiyədə prezidentliyə namizəd Kamal Kılıçdaroğlu dünən “Tvitter” hesabında Rusiyaya qarşı ittihamlar səsləndirib.
Kılıçdaroğlu siyasətçilərlə bağlı yayılan və montaj olunduğu bildirilən videoların arxasında Rusiyanın olduğunu açıqlayıb.
Hətta qeyd edib ki, əgər Rusiya 15 maydan sonra Türkiyə ilə dostluq etmək istəyirsə, əlini türkün dövlətindən çəkməlidir.
Kılıçdaroğlunun bu açıqlaması mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Türkiyədə bəzi ekspertlər iddia edirlər ki, Kılıçdaroğlu prezident seçilərsə, Türkiyənin Rusiya ilə münasibətləri pisləşə bilər. Bu isə Türkiyə iqtisadiyyatına mənfi təsir edə bilər.
Bəs görəsən, Rusiya ilə münasibətlərin pisləşməsi Türkiyə iqtisadiyyatına mənfi təsir edə bilərmi?
Məlumat üçün bildirək ki, hazırda iki ölkə arasındakı qarşılıqlı ticarət dövriyyəsində daha çox qazanclı görünən tərəf Rusiyadır. Məsələn, ötən il Türkiyə Rusiyaya 9,3 milyard dollar dəyərində məhsul ixrac edib və bu, Türkiyənin ümumi ixracının cəmi 3,7%-nə bərabər olub. Lakin, ötən il Türkiyə Rusiyadan 59 milyard dollarlıq məhsul idxal edib ki, bu da, Türkiyənin ümumi idxalının 16,2%-nə bərabər olub. Rusiya Türkiyənin ən çox məhsul idxal etdiyi ölkə olub. İkinci sırada olan Çin Türkiyəyə Rusiyadan 18 milyard dollar daha az məhsul satıb.
Rəqəmlərdən də göründüyü kimi, Rusiya ilə Türkiyə arasındakı ticarət dövriyyəsində Rusiyanın xeyrinə müsbət saldo təxminən 50 milyard dollar olub. Bu həm də o deməkdir ki, Türkiyənin Rusiya ilə olan ticarət dövriyyəsində 50 milyardlıq mənfi saldosu var.
Hazırda Rusiya Türkiyəyə əsasən təbii qaz satır. Türkiyə təbii qaza olan ehtiyacının 1/3-ni Rusiyadan alır. Türkiyə həm Azərbaycan, həm də İran ilə təbii qaz bağlantısına sahibdir. Eyni zamanda Azərbaycan və İran vasitəsiylə Türkmənistandan daha ucuz qaz almaq imkanları var. Bu səbəbdən Türkiyənin Rusiyadan təbii qaz alışını azaltması Türkiyədən çox Rusiyanın əleyhinə olacaq. Bildiyimiz kimi, Rusiya qazının əsas alıcısı olan Avropa ölkələri Ukrayna ilə müharibə səbəbindən Rusiya qazından imtina etməyə hazırlaşır. Belə bir vəziyyətdə Türkiyə bazarı Rusiya üçün olduqca əhəmiyyətlidir.
Türkiyə Rusiya bazarlarına əsasən kənd təsərrüfatı məhsulları ixrac edir ki, bu məhsullara həm qonşu ölklərdə, həm də Avropada böyük tələb var. Türkiyənin bu məhsullar üçün yeni bazarlar tapması çətin görünmür.
Türkiyə-Rusiya əlaqələri pisləşərsə, zərər görə biləcək yeganə sahə kimi turizm sektoru görünür. 2022-ci ildə Türkiyəyə səfər edən turistlərin 11%-i Rusiyanın payına düşür. Bu sektorda 2022-ci ildə ümumilikdə 45 milyard dollar gəlir əldə edilib. Bu isə o deməkdir ki, Türkiyə rus turistlərin ölkəyə gəlməsindən orta hesabla 4-5 milyard dollar gəlir əldə edib.
Onu da bildirək ki, Türkiyə Rusiya vətəndaşları üçün əsas turizm marşrutlarından biridir. Həm coğrafi yaxınlıq, həm də münasib qiymətlər Türkiyəni ruslar üçün cəlbedici ölkə edir. Bu səbəbdər Türkiyə Rusiya münasibətlərinin pisləşməsi turizm sektorunda da yalnız Türkiyənin əleyhinə işləməyəcək.

Allahverdi Aydın



Oxşar Xəbərlər

Xəbər lenti