Şuşa bəyannaməsi: tarixi zərurətdən doğan müttəfiqlik



Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki dost və qardaş ölkə arasında 13 oktyabr 1921-ci il tarixində imzalanmış Qars müqaviləsinin, 9 fevral 1994-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə”nin və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”un, eləcə də 16 avqust 2010-cu il tarixində imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin davamıdır. 

Bu bəyannamənin əhəmiyyətini anlamaq üçün Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı “müttəfiqlik” ifadəsinə diqqət yetirilməlidir. Heç kimə sirr deyil ki, beynəlxalq münasibətlərdə ittifaq müharibə vəziyyətində iki və ya daha çox dövlət arasında imzalanan rəsmi müdafiə müqaviləsidir. Bu cür sazişlər müdafiə xarakteri daşıyır, tərəflərdən birinə üçüncü dövlət və ya koalisiya tərəfindən hücuma məruz qaldıqda, qüvvələri birləşdirmək məsuliyyətini imzalayan dövlətlərin üzərinə qoyur. Əslində, Azərbaycanla Türkiyə əvvəldən əzəli müttəfiqdirlər, bu bəyannamə ilə sadəcə münasibətlər rəsmiləşib. Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsi sözügedən bəyannamədən bir il öncə baş verib. Hansı ki, Prezident İlham Əliyev “44 günlük Vətən müharibəsində Türkiyənin dəstəyi olmasaydı, müdaxilə etmək istəyənlər çox olardı” deməklə həm əzəli müttəfiqliyimizin mövcudluğuna işarə edib, həm də haqqında söz açdığımız Şuşa bəyannaməsinin rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. 

Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapmışdır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, həmçinin enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi qeyd olunmuşdur. Eyni zamanda Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri öz əksini tapmışdır. Bununla yanaşı tərəfdaşlığın əhəmiyyətini və ölkələrimizin qüdrətini artıran hərbi sənaye sahəsində əməkdaşlıq məsələləri Bəyannamədə qeyd olunmuşdur. Bu bir daha göstərir ki, Azərbaycan və Türkiyə bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Necə ki, bu günə qədər Türkiyə və Azərbaycan bütün məsələlərdə bir yerdədir, bundan sonra da bu, belə olacaq. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe birliyimizin bariz nümunəsidir. 

Şuşa bəyannaməsinə əsasən iki ölkə arasında yaranan rəsmi müttəfiqlik sırf müdafiə məqsədi daşıyır və heç də üçüncü tərəfə qarşı deyil. Tərəflər milli maraq kəsb edən regional və qlobal məsələləri müzakirə etmək üçün təhlükəsizlik şuraları səviyyəsində birgə görüşlər keçirməyə razılaşıblar. 2007-ci ildən etibarən Yüksəksəviyyəli Hərbi Şurada müzakirələr aparılırdı və həmin şuralara müdafiə nazirlərinin müavinləri rəhbərlik edirdi. İndi bu toplantılar dövlət başçılarının rəhbərlik etdiyi təhlükəsizlik şurasının birgə iclasları səviyyəsinə qaldırılıb. İkitərəfli əlaqələr baxımından ən diqqət çəkən məsələlərdən biri müdafiə sənayesi texnologiyaları sahəsində əməkdaşlığın artırılmasıdır. Prezident Ərdoğan bununla bağlı bildirdi ki, Türkiyə texnologiya sahəsində biliklərini Azərbaycanla paylaşacaq və   ortaq istehsal sahələri yaradacaq. Yəni bu layihənin reallaşması ilə Azərbaycan hərbi texnologiya idxal edən dövlətdən istehsal mərkəzinə çevriləcək. Şuşa bəyannaməsində qeyd olunan maddələrdən biri də iki ölkənin regionda əməkdaşlıq baxımından gündəmdə saxladığı nəqliyyat dəhlizidir. İkitərəfli əməkdaşlıq nəticəsində Bakı-Tiflis-Qarsın başa çatdırılması regionda yeni əməkdaşlıq imkanları açıb. 

Orta Asiya, Azərbaycan və Türkiyə arasında olan, Türk Şurasının dəstəklədiyi Mərkəzi Dəhliz də Şuşa bəyannaməsinə daxil edilib. Bundan başqa, İkinci Qarabağ müharibəsindən sonra iki qardaş ölkə arasında yeni dəhliz imkanı yaranıb. Azərbaycanla Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin əhəmiyyətini vurğulamaqla bu siyasətlərin əslində uzunmüddətli olduğu ortaya çıxıb. Mövcud şəraitdə Ermənistanın acınacaqlı vəziyyətdən yeganə çıxış yolu öz qonşuları ilə, ilk növbədə Azərbaycanla normal əlaqələr qurmaq və ərazi iddialarından, düşmənçilikdən, işğal siyasətindən əl çəkməkdir. Azərbaycan Ermənistana indiyə qədər törətdikləri bütün mənfur əməllərinə rəğmən yenə də regionda sülhün, sabitliyin, davamlı inkişafın, əməkdaşlıq mühitinin təmin olunması naminə  bu şansı verir. Əlbəttə, biz heç nəyi unutmamışıq və unutmayacağıq. Şuşa bəyannaməsinin imzalanması yalnız Türkiyə - Azərbaycan əlaqələri üçün deyil, eyni zamanda bütün türk dünyasının birliyi üçün önəmlidir. Qəribə deyil ki, tarix boyu işğalçı dövlətlər Azərbaycana və Qafqaza hücum zamanı ilk növbədə məhz Şuşanı ələ keçirməyə cəhd ediblər və hətta bu istəyə çatmaq üçün onlar qalanı aylarla mühasirədə saxlayırdılar. Eynilə ermənilər də belə ediblər. Çünki hər iki qəsbkara aydın idi ki, Şuşa strateji baxımdan bölgənin açarıdır, kim ona sahib olacaqsa, Qarabağa və bütün Qafqaza nəzarət edəcək. 

Prezident Ərdoğanın “münasibətlərimizin gələcəyi üçün yol xəritəsi” olaraq xarakterizə etdiyi bu bəyannamə, ölkələrimizin İkinci Qarabağ müharibəsindən sonra, xüsusilə də bütün sahələrdə imkanları birləşdirərək fəaliyyətlərini davam etdirmək səylərinin davamıdır. İqtisadi əməkdaşlıq sahəsində perspektivlərin daha ümidverici olmasını sübut edən amillərdən biri də Türkiyə dövlətinin Şuşa şəhərində konsulluq açması ilə bağlıdır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Bu, eyni zamanda, işğaldan azad edilən rayonların qısa müddət ərzində dirçəldilə biləcəyindən xəbər verir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi və mənəvi tərəfi də var. Bu, Qarabağda Türkiyənin varlığı deməkdir. Eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır. Bir sözlə, iki qardaş dövlət arasında formalaşan münasibətlər Şuşa Bəyannaməsi ilə özünün məntiqi zirvəsinə yüksəlib.

Məcid Rəsulov

Suraxanı rayonu, 140 nömrəli tam orta məktəbin direktoru 

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti