Vitse-spiker Adil Əliyev: “Prezident İlham Əliyev dövlətimizin gələcək inkişaf istiqamətlərini müəyyən etdi”


Vitse-spiker Adil Əliyev Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsi münasibətilə fikirlərini açıqlayıb. Açıqlamada deyilir:

"Dünən ölkəmizdə yeni dövrün başlanğıcının əsası qoyuldu. 

Prezident İlham Əliyev Azərbaycan xalqının yekdil səsini toplayaraq növbəti dəfə dövlətimizin başçısı seçildikdən sonra and içərək öz vəzifə səlahiyyətlərinin icrasına başladı. Əlini Konstitusiyamızın və milli-mənəvi dəyərlərimizə uyğun olaraq Qurani-Şərifin üzərinə qoyaraq  and içən dövlət başçımız növbəti tarixi və taleyüklü missiyanın icrasını öz üzərinə götürdü.

Andiçmə mərasimindəki nitqində Prezident İlham Əliyev həm də qarşıdakı siyasətin əsas konturlarını səsləndirdi və növbəti illərdə ölkəmizi gözləyən məsələlərə, həlli vacib olan proseslərə diqqət çəkdi. Dövlət başçısı onu yenidən Azərbaycan Prezidenti seçmiş xalqımıza – hər birimizə minnətdarlığını bildirdi. Bu çıxış 20 ilin hesabatı olmaqla yanaşı, həm də qarşıdakı illərdəki hədəflərimizə fokuslanmışdı.

Dövlət başçısı ilk olaraq rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusu tərəfindən həyata keçirilən və 44 gün davam edən Vətən müharibəsinə toxunaraq, qəhrəmanlarımızın əziz xatirəsini yad etdi. 

Müzəffər Ali Baş Komandan İlham Əliyev bir daha elan etdi ki, münaqişənin müharibəsiz həlli imkanı var idi. Azərbaycan dəfələrlə sülh yolu ilə Ermənistandan tarixi torpaqlarımızdan çıxmağı tələb etməsinə baxmayaraq, Ermənistan təcavüzkar siyasətindən əl çəkmədi. Əksinə, təxribatlara davam etdi, eləcə də bu ölkəyə dəstək verən xarici qüvvələr, münaqişənin həlli üçün mandat almış ölkələr sülhə dair heç bir addım atmadılar. Yalnız ölkəmiz tərəfindən həyata keçirilən sülhə məcburetmə tədbirləri nəticəsində Ermənistan ordusunun üzərində tarixi qələbə qazanıldı, düşmən döyüş meydanından qaçmağa məcbur oldu və sonda kapitulyasiya aktına imza atdı.

Təəssüf ki, Ermənistan imza atdığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri icra etmədi, əksinə, mütəmadi təxribatlar törətməklə antiterror əməliyyatlarını qacınılmaz etdi. Nəticədə Azərbaycan Ordusu yüksək peşəkarlıqla 23 saat ərzində separatçıları təslim olmağa məcbur etdi və bununla da ölkəmizin suverenliyi bərqərar olundu. 

İlk dəfə bütöv Azərbaycan ərazisində keçirilən seçkilərdə xalqımız öz Liderinə ən yüksək dəstəyini nümayiş etdirərək, onu yenidən dövlət başçısı seçdi. Prezidentin seçkidə Xankəndi şəhərində səs verməsi isə dünyaya vahid və anlamlı mesaj idi. Ölkə başçısının məhz vaxtilə xalqımıza qarşı amansız işgəncələrin, repressiyaların, soyqırımın hazırlandığı Xankəndi şəhərində səs verməsi bütün tarixi torpaqlarımız kimi bu şəhərin də düşmən işğalından həmişəlik azad olunmasının dünyaya nümayişi idi. Prezident İlham Əliyevin təbirincə desək, “Xankəndidə verilən səs, qutuya atılan bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Dövlət başçısının çıxışında xüsusilə vurğuladığı bir neçə məqam var idi. 

Birincisi, dövlət başçısı şəhid ailələri və qazilərin qayğılarına diqqət çəkərək, bu vaxta qədər 14 800 şəhid ailəsinin və qazinin evlə təmin olunduğunu qeyd etdi. Habelə, bu il və gələn il də bu proseslərin davam edəcəyini bildirdi.

İkincisi, ordumuzun peşəkarlığına toxunan dövlət başçısı bu gün Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsindəkindən daha güclü olmasına diqqət çəkərək, rəsmi Bakının istənilən vəziyyətə hazır olduğunu diqqətə çatdırdı. Eləcə də, Ordumuzun silah arsenalının zənginləşdirilməsinə, hərbi qulluqçuların peşəkarlığının artırılmasına diqqət çəkərək, “Komando” briqadalarından bəhs etdi. Dövlət başçımız məhz Xüsusi təyinatlı birliklərin sayının artırılmasının, bu prosesin uğurla və sürətlə davam etməsinin önəmini vurğuladı.

Üçüncüsü, dövlət başçımız Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərindən bəhs edərək, yeni infrastrukturun yaradılmasından, şəhərlərin, kəndlərin salınmasından və uzun illər Vətən həsrəti çəkmiş həmyerlilərimizin geri dönüşündən bəhs etdi. O, bu işlərin də bu ildə böyük uğurla davam etməsinə diqqət çəkərək, işğaldan azad olunmuş ərazilərə həyatın döndüyünü bildirdi.

Dördüncüsü, Prezident İlham Əliyev tranzit sahəsinin inkişafı ilə bağlı məsələlərə diqqət çəkərək, bu gün ölkəmizin Şimaldan-Cənuba, Şərqdən-Qərbə daşımaların əsas ünvanına çevrilməsinin, məhz nəqliyyat infrastrukturunun bizim üçün nə qədər vacib olduğunu söylədi. 

Bu gün Azərbaycan beynəlxalq arenada söz sahibi olan dövlətlərdən biridir. “COP-29” kimi mühüm tədbirin keçirilməsinin ölkəmizə həvalə olunması sözügedən fikrin sübutudur. Eləcə də, ölkəmizin Qoşulmama Hərəkatı kimi dünyanın ən böyük ikinci təşkilatına rəhbərlik etməsi və Hərəkatın Parlament Şəbəkəsinin yaradılması, Azərbaycanın Hərəkatın fəaliyyətinə verdiyi ən mühüm töhfələrdən biridir. 

Bundan başqa, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin genişlənməsi, münasibətlərin daha da dərinləşməsi istiqamətində qarşılıqlı atılan addımlar məhz dövlətlərimizin qüdrətlənməsinə xidmət edir. Bu dövlətlərlə münasibətlər bizim üçün prioritet önəm daşıyır. Dövlət başçısının təbirincə desək, “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir”.

Azərbaycan bu gün İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də münasibətlərini müsəlman ölkələri ilə dostluğa, qardaşlığa əsaslanaraq qurub. Rəsmi Bakıya hər zaman bu təşkilatlar tərəfindən diqqətlə yanaşılır, münasibətlərin inkişafına xüsusi önəm verilir. 

Bu gün dövlətimiz güclüdür, qüdrətlidir, xalq-dövlət birliyi tarixin ən yüksək səviyyəsindədir. Xalqımız Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı altında birləşib, bütün maneələrin qarşısını almağa hazırıq və tariximizin ən qüdrətli dövrünə şahidlik edirik. Qarşıdakı illərdə ölkəmiz üçün vacib olan əsas konturlar müəyyənləşib və əminik ki, dövlətimizin nüfuzu, qüdrəti hər keçən il daha da artacaqdır".



Oxşar Xəbərlər

Xəbər lenti