8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın müstəqil dövlət kimi yürütdüyü xarici siyasət kursunda mühüm faktor olan islam ölkələri sırasında Misir başlıca yerlərdən birini tutur. Azərbaycan-Misir münasibətləri qədim tarixi köklər əsasında inkişaf edib. Ortaq mədəniyyətə malik iki dost ölkə arasında hələ Orta əsrlərdən xalqlararası əlaqələr qurulub.Keçmiş sovetlər dönəmində belə qorunub-saxlanan bu əlaqələr müstəqillik illərində daha da möhkəmlənib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Misir 1991-ci il dekabrın 26-da ölkəmizin müstəqilliyini tanıyıb və 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb. Deyə bilərik ki, Afrika qitəsində ilk diplomatik əlaqələr məhz Misirlə yaradılıb.Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyimizi daim müdafiə edib. Respublikamızı müdafiə edən Misir Ərəb Respublikası İkinci Qarabağ müharibəsindəki Zəfər savaşı günlərində və ondan sonra da Azərbaycanın haqlı mövqeyinə dəstək verib. İƏT vədigər beynəlxalq qurumlarda da Azərbaycan həmişə rəsmi Qahirənin dəstəyini qazanıb.Hazırda Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 14 şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün tədbirlər həyata keçirilir, Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edilir. Turizm sahəsində də əlaqələr inkişaf edir və son illər Misirdən Azərbaycana gələn turistlərin sayı 50 faiz artıb. Eyni zamanda Azərbaycanla Misir arasında bir sıra mühüm sosial layihələr həyata keçirilir.Misir-Azərbaycan əlaqələrinin gələcək inkişafı ilə bağlı fikir ayrılığı yoxdur. Bir çox sahədə əməkdaşlıq üçün əlverişli imkanlar var.Ölkə Prezidenti cənab İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə olacaq. Səfər çərçivəsində dövlət başçılarının keçirdikləri təkbətək və geniş tərkibdə görüşlər zamanı bir çox vacib məsələlər müzakirə olunmuş, Orta Şərq və Cənubi Qafqaz regionlarında gedən proseslər barədə fikir mübadiləsi aparılmışdır.Səfər zamanı Qahirədə Prezidentimiz İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə gənclər və idman, elektrik və bərpaolunan enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində, habelə təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumları, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu” imzalanıb.Dövlət başçımızın Misir Ərəb Respublikasının Prezidenti ilə geniş tərkibdə görüşündə isə Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olundu. BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, respublikamızın isə 2026-cı ildə evsahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulandı. Azərbaycan və Misir prezidentlərinin görüşündə ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirildi. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd vurğulandı. Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olundu. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.Prezident İlham Əliyevin Fələstin-İsrail münaqişəsinin nizamlanması istiqamətində səsləndirdiyi fikirlər bir daha ölkəmizin ədalətli və prinsipial mövqeyini nümayiş etdirib. İyunun 8-də Qahirədə mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev bu gün bütün Ərəb dünyasını narahat edən məsələlər barədə dəyərli fikirlər səsləndirmişdir. O cümlədən Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi ilə bağlı Azərbaycanın birmənalı mövqeyini vurğulayan dövlət başçımız bildirmişdir ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qeyd olunmalıdır ki, bu məsələ ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə də hər zaman diqqət mərkəzində olub, mövzu ilə bağlı bir çox tədbirlər keçirilib. Cənab Prezident həmçinin bildirdi ki, bu gün Qəzzada yaşanan faciənin tezliklə dayandırılması və bütün məsələlərin danışıqlar yolu ilə həll olunması istiqamətində Misirin göstərdiyi səylər Azərbaycan tərəfindən dəstəklənir və bu təşəbbüslər mütləq diqqətə alınmalıdır. Öz çıxışında dövlət başçımız Azərbaycan-Ermənistan münasibətlərinə da toxunaraq bir daha bildirmişdir ki, hazırda iki ölkə öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə ölkəmizə geri qaytarılmışdır və bu, əlbəttə ki, çox müsbət haldır. Hazırda danışıqlar prosesində irəliləyiş üçün yaxşı imkanlar var və Azərbaycan bu danışıqları aparmağa hazırdır. Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Azərbaycanın keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməsi Ermənistan ilə münasibətlərin normallaşdırılması yolunda önəmli amil olacaqdır.Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm uğurlar qazanan və beynəlxalq aləmdə söz sahibinə çevrilən Azərbaycanın istər bölgədə, istərsə də dünyada nüfuzu durmadan artır. Dövlətimizin başçısının yürütdüyü müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Möhtərəm prezidentimizin başçılığı ilə yüksək səviyyəli qarşılıqlı səfərlər Azərbaycan dövlətinin beynəlxalq əlaqələrinin genişlənməsinə mühüm töhfə verməkdədir.
Validə Həsənova
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin tarix müəllimi
Sozcu.info