Gələcək münasibətlərin məzmunu

2020-ci il noyabrın 8 də ordumuz Şuşa şəhərini işğaldan azad edib şanlı tarix yazdı. Başda Müzəffər Ali Baş Komandanımız olmaqla  qəhrəman əsgər və zabitlərimiz çətin keçilən yollardan keçərək yağı düşməni Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın döyünən ürəyindən qovub çıxartdı. Xalqımızın qüdrətinin simvoluna çevrilən bu qələbə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə əbədiləşdirildi, 8 noyabr günü “ Zəfər günü ” elan olundu. 2021- ci il yanvarın 14- də dövlətimizin başçısı  Ali Baş Komandan İlham Əliyev Şuşada üçrəngli bayrağımızı ucaltdı. 
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə ölkəmizin müstəqillik tarixinə düşmüş ən önəmli tarixi hadisələrdən biridir. Bu mühim tarixi  hadisəni reallaşdırmaqla  İki qardaş ölkə ulu öndər Heydər Əliyevin dediyi kimi dünyaya “ bir millət iki dövlət ” olduğunu bir daha sübut etdi.Azərbaycan və Türkiyə arasında məhz Milli Qurtuluş günündə, Qars müqaviləsindən 100 il sonra imzalanmış bu bəyannamənin özünəməxsus tarixi, siyasi əhəmiyyəti var. Müqaviləni imzalayan tərəflər sosial, iqtisadi, hərbi, mədəni əlaqələri bir sözlə mümkün ola bilən bütün əməkdaşlıq sahələrini  daha da möhkəmləşdirəcəklərini bildirdilər. 
Bəyannamədə qardaş dövlətlər müstəqillik, süverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutaraq müttəfiqlik münasibətlərinin qurulmasının mexanizmlərini müəyyən etdilər. Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb oldu. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artırır. Nizamnamənin məqsəd və prinsiplərinə uyğun olaraq lazım gələrsə iki dövlət bir – birinə zəruri yardım göstərəcəklər. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.
Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb.XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.
Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.Müqavilədəki digər vacib məqamlardan biri də nəqliyyat məsələləri ilə bağlıdır. Tarixi ərazimiz olan Zəngəzur dəhlizinin adının vurğulanması gerçəkliyi və hədəfləri göstərən mühim amildir. Cənub Qaz Dəhlizinin səmərəli istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yönəldilmiş səylərin əlaqələndirilmiş şəkildə davam etdirilməsi, intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan- Türkiyə hissəsində tranzit potensialinin daha da inkişafı qarşıya qoyulmuş əsas məqsədlərdən biri kimi göstərilir.
Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir.Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynadı, düşmənin illər boyu qurduğu sədlər, “ yenilməz ordu ” mifi Bayraqdarlarla darmadağın edildi.Azərbaycan bu silahların hazırlanması  prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir. İki qardaş ölkə həm də iki dövlətin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyinin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığı və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsinin təşviq olunması ilə bağlı da razılığa gəlmişdir.
Bir müddət əvvəl həm də Azərbaycan Türkiyə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə səyahət etməsi ilə əlaqədar razılaşma əldə edilib. Deməli Şuşa Bəyannaməsi ilə iki ölkə arasında turizm və ticarət əlaqələrində də yeni səhifənin açılmasına şahidlik edəcəyik. Bu həm də iki dövlət arasındakı sərhəddin formal xüsusiyyət daşıyacağının göstəricisidir. 
Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır  Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.
Şuşa Bəyannaməsi haqqında danışarkən xüsusi vurğulayacağımız istiqamətlərdən biri də hazırda aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb. İki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi qarşıda duran əsas məsələlərdəndir.
15 iyun 2022-ci il tarixində Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilibBu sənədin imzalanması Həm Azərbaycanın həm də Türkiyənin düşmənlərinə tutarlı mesajdir. Ən əsası odur ki, Bəyannamə region üçün yeni tarixi gerçəkliyin başlanğıcıdır.Azərbaycan xalqı atılmış bu mütərəqqi addımı xoş qarşılayır, doğma ölkə ilə əməkdaşlığın bütün istiqamətlərini dəyərli və əvəzolunmaz hesab edir.

Mehriban Həbibova

Suraxanı rayonu, 317 saylı tam orta məktəbin tarix müəllimi Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti