8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
XX əsrin ən dəhşətli və qorxunc faciəsi olan Xocalı soyqırımı aqressiv və terrorçu erməni işğalçılarının siyasətinin nəticəsidir. “ Dağlıq Qarabağ Respublikası” nın elan olunması, beynəlxalq birliyin buna laqeyd münasibəti erməni separatçılarını arxayınlaşdırmışdı və Rusiya ilə Ermənistan arasında “Dostluq, qardaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə” bağlanması isə Qarabağ ermənilərinin silahlanmasına şərait yaratmışdır. Xarici hərbi və siyasi qüvvələrin, erməni lobbisinin köməyilə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları əvvəlcə özünü nümayiş, tətil, münaqişə şəklində göstərsə də artıq 1991-ci ilin sonunda elan olunmamış müharibəyə çevirilmişdi.
1992-ci ilin əvvəllərində erməni terrorçuları azərbaycanlılara qarşı terror aksiyalarını daha da genişləndirdilər. Şuşa və Xocalı erməni vandalları tərəfindən mühasirəyə alındı. 1992-ci ilin fevralın 25-də saat 21:00-da erməni hərbi birləşmələri Xocalıya hücum etdilər. İlk zərbə hava limanına endirildi. Hava limanının müdafiəsinə çalışan Əlif Hacıyevin 22 nəfərlik dəstəsi mərdliklə mübarizə apararaq qəhrəmancasına şəhid oldular. Ölümündən sonra Xüsusi Təyinatlı Milis Dəstəsinin Komandiri, milis mayoru Əlif Hacıyevə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.
Həmin gecə rus erməni ordu birləşmələrinin tankları ilə əhatə olunmuş Xocalı şəhəri yandırıldı. Sağ qalan əhali qarlı, şaxtalı havada, gecənin qaranlığında ayaqyalın – baçıaçıq Ağdama tərəf qaçmağa başladılar. Yaralıların çoxu donvurmadan öldülər. Sağ qalanlar isə Qaraqaya adlı yerdə meşədən çıxarkən pusquda duran erməni yaraqlıları tərəfindən gülləbaran edildilər. Köməksiz qocalar, qadınlar, uşaqlar həlak oldular. Bu faciə zamanı 7 min əhalisi olan Xocalı şəhəri yerləyeksan edilmiş, 613 nəfər dinc sakin öldürülmüşdü. Onlardan 106 nəfəri qadın, 63 azyaşlı uşaq, 70 nəfər qoca idi. 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş, onlardan 150 nəfərinin taleyi bugünədək məlum deyil. Bu faciədən xalqımız 26 fevral səhəri xəbər tutdu. Telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin, hərbi fotoqrafların və xarici jurnalistlərin çəkdiyi film və lentlər bu hadisəni bütün dünyaya yaydı.
2008-ci ildən “Xocalıya ədalət” kampaniyasına start verildi. Bu kampaniyanın təşəbbüskarı və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti xaınm Leyla Əliyevadır. Kampaniya bir çox ölkələrdə səmərəli fəaliyyət göstərir, sosial şəbəkələrdə təşviqat, sərgilər, konfranslar və digər formada vasitələr təşkil edir.
“Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir” – deyən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ümummilli liderimiz Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Fərmanı ilə, 1997-ci ildən Xocalıda azərbaycanlıların soyqırım qurbanları xatirəsinə ehtiram əlaməti olaraq hər il Azərbaycanda fevralın 26-da saat 17-də Sükut Dəqiqəsi elan olunmuşdur.
Xocalı faciəsi bir çox dövlətlərin parlamentləri tərəfindən soyqırım kimi qəbul edilmiş, İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasının “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il 44 günlük vətən müharibəsində Azərbaycan ordusu 30 il işğalda qalan torpaqlarımızı azad etdi. Şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının qisası alındı.
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb.
Zəkiyə Hacıyeva
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi
Sozcu.info