Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır

Aprelin 4-də Bakıda, Gülüstan sarayında  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci  və Yaşıl  Enerji Məşvərət Şurası  çərçivəsində nazirlərin 3-cü iclası keçirildi.  Qeyd edək ki, Cənubi Qaz Dəhlizi Məşvərət Şurası artıq 11-ci dəfədir ki, Bakıda toplaşır. Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və 42 enerji şirkətinin qatıldığı tədbir olduqca mühüm əhəmiyyət kəsb edir. Toplantının əsas məqsədi enerji təhlükəsizliyi sahəsində yanaşmaların  formalaşdırılması, həmin məsələlərin həllində birlikdə səy göstərməkdir. 
Avropa  Komissiyasının  yüksək rütbəli  nümayəndələrinin dedikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır. Enerji şirkətimiz – Dövlət Neft Şirkəti Azərbaycan daxilində və ondan kənarda həm hasilat, həm nəqlounma, həm də çatdırılma ilə məşğuldur. Bu gün Azərbaycan təbii qazı 12 ölkəyə çatdırır. Həmin ölkələrin əksəriyyəti Avropa ölkəsidir. Qaz təchizarımızın coğrafiyası ilbəil genişlənir.
Toplantıda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etdi ki, Cənub Qaz Dəhlizi  hamımız üçün  böyük uğur hekayətidir. Bu gün 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bir çox ölkələrin enerji təhlükəsizliyi  üçün arteriyadır. Azərbaycanda fəaliyyət göstərən bir sıra yeni neft və qaz yataqlarının fəaliyyətindən söhbət açan dövlət başçısı bu sahədə layihələrin maliyyələşdirilməsində də əməkdaşlığın vacibliyini vurğuladı. Eyni zamanda  Günəş və Külək enerji stansiyalarına aid sərmayələrin də əhəmiyyətindən bəhs olundu.
Toplantı zamanı Bakıda keçirilən genişmiqyaslı tədbir COP-29-da irəli sürülən təkliflərdən bəhs olundu. Yaşıl Enerji Məşvərət Şurasının iclasında Azərbaycandan  Avropaya gedən yaşıl kabel layihəsinin müzakirəsi həyata keçirildi.
Bu toplantı bir daha Azərbaycanın hər bir sahədə olduğu kimi, enerji sahəsində də inkişafını, dünya ölkələrinin Azərbaycana olan marağını təsdiqlədi. Bir daha bu sahənin inkişafında əməkdaşlığın vacibliyini sübut etdi. Xalqımızın rifahı üçün belə toplantıların əhəmiyyəti isə danılmazdır. 
Səadət Seyidova 

Suraxanı rayonu, S. Abdullayev adına 290 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti