8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xaricdən dəvət olunmuş çoxsaylı qonaqlar iclasda iştirak ediblər.
Dövlət başçısı iclasda nitq söylədi.
Prezident İlham Əliyev Azərbaycan parlamentinin yaradılmasının 100 iliyi münasibətilə təbriklərini çatdırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıran dövlətimizin başçısı xalqımızın Şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirdi. Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğuladı, bu il "Cümhuriyyət İli” çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırdı.
1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlətimizin başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirdi. "Bugünkü inkişafımızda Azərbaycan parlamentinin də payı var”, – deyən Prezident İlham Əliyev Milli Məclisin müstəqilliyimizi möhkəmləndirdiyini, ölkəmizin inkişafına öz töhfəsini verdiyini vurğuladı. Burada qəbul olunan qanunların həyatımızın bütün sahələrini əhatə etdiyini və bizim qanunvericilik bazamızın ən yüksək meyarlara cavab verdiyini deyən dövlət başçısı qeyd etdi ki, parlament çoxpartiyalı sistemin təkmilləşdirilməsində önəmli rol oynayıb və milli maraqlar məsələsində deputatlarımız bir nöqtəyə vurur, vətənpərvərlik göstərərək dövlətin maraqlarını beynəlxalq səviyyədə müdafiə edirlər. Deputatlarımızın beynəlxalq təşkilatlar çərçivəsində də fəal iş apardığını, Azərbaycan reallıqlarını dünyaya çatdırdığını deyən Prezident İlham Əliyev vurğuladı ki, onların fəaliyyətinin əsas istiqamətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılması təşkil edir və bu işdə son illərdə bir sıra uğurlara nail olunub.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən dövlətimizin başçısı qeyd etdi ki, işğal olunmuş torpaqlarda bütün infrastruktur dağıdılıb, milli sərvətimiz talan olunub, xalqımıza qarşı hərbi cinayət – Xocalı soyqırımı törədilib. Ermənistan münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymur, işğalçılıq siyasətini davam etdirir. Baxmayaraq ki, münaqişənin yeganə həlli yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. "Bununla bağlı Ermənistanın yeni rəhbərliyi öz siyasətində ciddi dəyişikliklər etməlidir”, – deyən Prezident İlham Əliyev bir daha vurğuladı ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Çünki Dağlıq Qarabağ əzəli və tarixi Azərbaycan torpağıdır və o, Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq.
Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə heç bir layihənin reallaşdırılmasının mümkün olmadığını, getdikcə ölkəmizin bütün sahələrdə gücünün artdığını, Azərbaycanın beynəlxalq səviyyədə, qonşu ölkələrlə uğurlu əlaqələr qurduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, son 15 ildə iqtisadiyyatımız 3,2 dəfə artıb, Dünya İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətlilik hesabatına görə Azərbaycan dünya miqyasında 35-ci, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdə qərarlaşıb. Beynəlxalq reytinqlərə görə Azərbaycan Ordusu dünyada ən güclü 50 ordu sırasındadır. Bir neçə gündən sonra orbitə üçüncü süni peykimiz çıxarılacaq.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin önəmini vurğulayan, ölkəmizin dünyadakı təhlükəsizliyə mühüm töhfə verdiyini, Azərbaycanın multikulturalizmin mərkəzlərindən birinə çevrildiyini deyən Prezident İlham Əliyev bundan sonra da ölkəmizin inkişafı ilə bağlı tədbirlərin görüləcəyini söylədi.
Bu gün Azərbaycanın dünya xəritəsində bir uğur nümunəsi olduğunu, ölkəmizin tam müstəqil siyasət yürütdüyünü deyən dövlətimizin başçısı Azərbaycanın öz milli maraqlarını tam təmin etdiyini və Azərbaycan parlamentinin bu işdə mühüm rolunun olduğunu diqqətə çatdırdı.
Sonra Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təşkil olunan mərasimin iştirakçıları xatirə şəkli çəkdirdilər.