“Mən də orduya maddi yardım göstərirəm”

“Mən də orduya maddi yardım göstərirəm”

 

"YAP sədrinin müavini Əli Əhmədovun Silahlı Qüvvələrə Yardım Fonduna dəstək aksiyasına mən də qosulmuşam”. "Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək göstərmək hər bir vətəndaşın borcudur: "YAP sədrinin müavini Əli Əhmədovun təşəbbüsü cəmiyyət tərəfindən dəstəklənir, müdafiə olunur. Hər bir partiya üzvü də öz imkanı çərçivəsində bu yardım kampaniyasında iştirak edir”.

M.Qurbanlı yardım kampaniyasında iştirak etdiyini qeyd edib: "İndiyə qədər də bu kampaniyada iştirak edirdim: Yardım kampaniyasına YAP üzvləri, millət vəkilləri iştirak edir. Əli Əhmədovun təşəbbüsü isə bu istiqamətə bir təkan verdi”.

Sözügedən məsələ ilə bağlı YAP sədrinin müavini Əli Əhmədov da danışıb. O bildirib ki, Azərbaycan vətəndaşları orduya imkanları daxilində dəstək göstərirlər:

"Biz yeni bir təşəbbüs irəli sürdük və bu məsələni bir daha gündəmə gətirmək istədik. YAP bunu geniş şəkildə dəstəklədi və Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr etdi. Bu təşəbbüsə millət vəkilləri də qoşulub. Digər şəxslərin də bu təşəbbüsə qoşulması əlbəttə, şəxsi məsələdir. Ordu həssas bir mövzudur. Azərbaycanın hər bir vətəndaşı orduya həm mənəvi, həm də maddi dəstək göstərməyə daim hazırdır. Azərbaycanın qüdrətli ordusu var. Ordumuz ən güclü 52 ordu içərisində yer tutur. Məlum Aprel döyüşləri də ordumuzun qüdrətini bir daha sübut etdi. Ordumuzun büdcə vəsaitləri bəlkə də Ermənistanın dövlət büdcəsinə, Azərbaycan xalqının ordumuza göstərdiyi maddi və mənəvi dəstək ordumuzun güclənməsinə xidmət edir”.

Günel Türksoy

 


 


Oxşar Xəbərlər

Xəbər lenti