Qurban və Ramazan bayramlarının eyni gündə keçirilməsinə kimlər və nə üçün əngəl olur? - AKTUAL

Qurban və Ramazan bayramlarının eyni gündə keçirilməsinə kimlər və nə üçün əngəl olur?
“Qurban və Ramazan bayramları eyni gündə keçirilsin. Türk Dövlətləri Təşkilatının dini nümayəndələrinin dünən keçirilən konfransı bu sahədə mütərəqqi addımdır. Özbəkistan dini rəhbərinin təklif etdiyi məsələ də olduqca vacibdir. Belə ki, bütün türk dövlətlərində Qurban və Ramazan bayramlarının eyni gündə keçirilməsi bu sahədə müsbət addım olardı”.
Sozcu.info Bizim.Media-ya istinadla xəbər verir ki, bu fikirləri Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu günkü plenar iclasında səsləndirib.
İctimaiyyət üçün də maraqlı olan bu məsələyə ilahiyyatçıların da münasibətini öyrəndik. İlahiyyatçı Tural İrfan Bizim.Media-ya açıqlamasında əvvəllər Qurban və Ramazan bayramlarıyla bağlı qərarlar İranla bağlı verildiyini bildirdi:
“İnanclı insanlarımızın bir qismi çox təəssüf ki,İrandakı yarısiyasi, yarıdini liderlərin müqəllidləridir. Müctəhid məsələsi də belədir ki, insan hansı müctəhidə təqlid edirsə onun da fətvalarına boyun əymək zorundadır.
Çox təəssüf ki, əksər zaman nəinki digər türk və islam dövlətləri ilə, eləcə də qardaş Türkiyə ilə dini bayramlarımız üst-üstə düşmürdü.
Türk yönümlü, milli islam modelinə riayət eliyən insanlar bayramları öz vaxtlarında keçirirdi. Lakin, İran ayətullalarına biyət edən bəzi soydaşlarımız bayramı ən azı bir gün gec keçirirdilər. Bilirsiniz ki, İranda dinlə dövlət bir yerdədir.
Və bu ölkədə dini fətvalar daha çox siyasi maraqlarla bağlı verilir. Təkcə adını çəkdiyimiz bayramlar deyil, digər dini ayinlərdə də İran fərqli mövqe tutur. Məsələn, Məhəmməd peyğəmbərin(s.ə.s) mövludunu bütün islam aləmi Rəbiuləvvəl ayının 12-də qeyd etdiyi halda İran bunu Rəbiuləvvəl ayının 17-də keçirir.
Yəni hər bir məsələdə farsların fərqlənmək cəhdi var. Bunu da çox zaman dinin vasitəsi ilə həyata keçirirlər. İran hər zaman fərqli bir islam modeli yaratmağa çalışıb. Və səy ediblər ki, özlərinin müəyyən etdikləri modeli başqa islam ölkələrinə də ixrac etsinlər.
Çox təəssüf ki, bizim də bəzi din adamları zaman-zaman İranlı din xadimlərinin təsirinə düşərək Qurban və Ramazan bayramlarını müxtəlif vaxtlarda keçirirdilər. Bu da nəinki, qardaş Türkiyə ilə, eləcə də islam aləmi ilə ziddiyyət təşkil edir”.
İlahiyyatçı onu da əlavə etdi ki, bu təklifin verilməsi çox önəmli və vacib məsələdir. Bu həm türk dünyasının birliyi baxımından, həm də islam dünyası ilə həmrəylik baxımından çox vacibdir.
Bildiyimiz ki, islamdakı bütün bayramlar insanların birliyinə, həmrəyliyinə xidmət edir.
Bu bayramların eyni gündə keçirilməsi həm islam və türk həmrəyliyini gücləndirər, həm də inanclı insanların arasındakı ziddiyyəti, fikir ayrılığını aradan qaldırar. Ümumiyyətlə, türk dünyasının vahid islam modelinə çox böyük ehtiyac var. Bu mənada səslənən son təkliflər çox dəyərlidir. Və çalışmaq lazımdır ki, bu ideya reallaşsın”.



Oxşar Xəbərlər

Xəbər lenti