Azərbaycan və Pakistan qardaşlığı



 

 

Məlum olduğu kimi, Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Xatırladaq ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb.

Ümumiyyətlə, iki dövlət arasında münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir.

Bu dost ölkə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz qəti mövqeyini də bildirib. Belə ki, Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırım kimi tanıyıb.

Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər. İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda, Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. 

Azərbaycanın bu dost ölkə ilə əməkdaşlığında hərbi amil də hər zaman mühüm rol oynayıb. 2020-ci il sentyabrın 27-dən – müharibə başlandığı dövrdən Pakistan dost və qardaş Türkiyə Respublikasından sonra Azərbaycana ən çox siyasi və mənəvi dəstəyini ifadə edən dövlətlərdən olub. Vətən müharibəsinin ilk günündə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilirdi: “Erməni silahlı qüvvələri tərəfindən sentyabrın 27-də Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutmasını qınayırıq və bu, növbəti təxribatdır. Bu, bütün bölgənin sülh və təhlükəsizliyi üçün ciddi təhdiddir. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və onun ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı olan qətnamələrinə əsaslanan mövqeyini dəstəkləyirik”. Bundan əlavə sentyabrın 30-da Pakistan Senatının rəsmi “Twitter” səhifəsində Azərbaycana dəstək bəyanatı paylaşılıb. 2020-ci il oktyabrın 18-də Pakistan İslam Respublikasının Baş naziri İmran Xan rəsmi “Twitter” səhifəsində etdiyi paylaşımda Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidentinə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb. Ölkəmizin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan Silahlı Qüvvələrinə ehtiramını bildirib. Pakistanın Dağlıq Qarabağ məsələsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həllində Azərbaycanı dəstəklədiyini qeyd edib. Oktyabrın 28-də Pakistan Milli Assambleyası Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını qəti şəkildə pisləyən qətnamə qəbul edib. Noyabrın 11-də Pakistan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ regionunda hərbi əməliyyatların dayandırılmasını alqışlayan açıqlama yayıb. Noyabrın 16-da Pakistanın Baş naziri İmran Xan bu ölkənin yerli televiziya kanallarından birinə müsahibəsində deyib: “Azərbaycan Silahlı Qüvvələri nümunəvi şücaət göstərib. Qarabağ mübahisəli ərazi deyil. Bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu qəbul edir və onu bu ölkənin ərazisi kimi tanıyır. Azərbaycanlılar öz əzəli torpaqlarını geri qaytardılar”. 

“Biz Pakistana minnətdarıq ki, işğal dövründə və 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək verib. Pakistan Ermənistan ilə diplomatik münasibətlər qurmayan ölkədir. Bu məhz işğal səbəbindən baş verib. Bu isə qardaş ölkə mövqeyidir. Buna görə mən minnətdaram". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında deyib.

Şahbaz Şərif Qarabağın işğaldan azad edilməsində Azərbaycana dəstəyi ölkəsinin borcu adlandırıb. “Biz o məsələyə (Ermənistanla diplomatik əlaqələrin qurulmasına) yalnız Bakı və İrəvan arasında sülh müqaviləsi imzalanandan sonra qayıda bilərik”-deyə o bildirib.

Azərbaycan Pakistanı Kəşmir məsələsində hər zaman dəstəkləyib. Pakistan Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqq işini müdafiə etdiyi kimi, Azərbaycan Respublikası da Kəşmir probleminin həlli ilə bağlı bu ölkənin atdığı addımları dəstəklədiyini dəfələrlə bəyan edib. “Bu dəstək davam edəcəkdir. Biz bütün beynəlxalq təşkilatlarda bu dəstəyi və həmrəyliyi nümayiş etdiririk. Qarşılıqlı dəstək bizim ölkələri və xalqları daha da yaxınlaşdırır”-deyə prezident İlham Əliyev vurğulayıb. 

Görüşdə həmçinin iki dövlət arasında perspektiv əməkdaşlıq istiqamətləri də nəzərdən keçirilib. Artıq Azərbaycandan bir neçə nümayəndə heyətinin Pakistana səfər edəcəyi bildirilib. Biri ticarət və sərmayə məsələsi, növbəti nümayəndə heyəti enerji məsələsi ilə məşğul olacaq, üçüncüsü isə müdafiə sənayesi sahəsində əməkdaşlığı nəzərdən keçirəcəkdir. Enerji sahəsində böyük perspektivlər var. Şəhərlərimiz arasında uçuşların sayı artacaq. Birgə ticarətin həcminin artırılması istiqamətində anlaşma memorandumu imzalanacaq və məhsulların siyahısı üzərində işlər aparılacaqdır.

Tərəflər təhsil sahəsində əməkdaşlığın da böyük potensialı olduğunu bildirmişlər. Belə ki, Bu gün Azərbaycanda Pakistandan olan 750 tələbə təhsil alır və bu prosesin necə sürətlə getdiyinə baxsaq görərik ki, ötən il sadəcə 100 tələbə təhsil alırdı. Eyni zamanda, Pakistanda təhsil alan azərbaycanlılar da var. Bu gün onlar müxtəlif sahələrdə təhsil alaraq, qayıdıb ölkəmizə töhfələrini verirlər.

Qərara alındı ki, müdafiə sənayesi sahəsində əməkdaşlıq əlaqələri genişləndirilsin. Bunun üçün birgə hərbi təlimlərin sayının artırılmasına ehtiyac var. Çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik nöqtələri artır, ona görə də güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır.

Prezident İlham Əliyev: “Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur. Bakının müxtəlif yerlərində Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış bayraqlardır. İki il yarım bundan öncə müharibə başa çatsa da, burada Pakistan bayraqları hələ də dalğalanır. Bu, xalqımızın münasibətidir və biz eyni münasibəti Pakistan xalqından da görürük”,- deyə bildirib.

 

 

Şəbnəm Kərimova 

Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi

 Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}