Zəlzələdən sonra qaz sızması ola bilər, ehtiyatlı olun! - RƏSMİ


Məlumdur ki, zəlzələdən sonra qaz xətlərində, borularda çat, qırılma yaxud boşalma ola bilər. Bu halda qaz sızması ehtimalı yaranır.

Bəs təhlükədən qorunmaq üçün hansı tədbirləri görmək lazımdır?

“Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov Sozcu.info-ya açıqlamasında bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qaz xətlərinin layihələndirilməsi zamanı istər daşıyıcı, istərsə də mənzildaxili, binadaxili qaz kəmərləri olsun, qüvvədə olan normativ hüquqi sənədlərin tələblərinə uyğun olaraq seysmik zonalar nəzərə alınıır.

"İcra prosesi yalnız bundan sonra başlanır. İstənilən halda zəlzələdən sonra qaz xətlərində hər hansı yivli birləşmələrdə, mənzillərin və binaların daxilində çatlar, qırılmalar, boşalmaların əmələ gəlməsi ehtimalı var. Zəlzələ zamanı öncə qaz kranları, qazla işləyən cihazların qarşısındakı qoruyucu kranları bağladıqdan sonra evi tərk etmək lazımdır. Qaz iyi hiss olunarsa, bu zaman “Azəriqaz” İstehsalat Birliyinin “104” Qaynar xəttinə məlumat verilməlidir. Qəza briqadaları müayinə aparıb, qaz sızması olan yerləri müəyyən edib, aradan qaldırılmasını təmin edəcək. Qaz iyi hiss olunan yerdə yandırıcı vasitələrdən istifadə etmək, mənzildə işıq yanırsa, söndürmək, əgər sönülüdürsə, yandırmaq qəti qadağandır" - o deyib.

“Azəriqaz”ın rəsmisi mənzil daxilində qaz sızmasının olub-olmadığını yoxlamaq üçün də tövsiyə verib:

“Qaz sızmasının olub-olmadığını yoxlamaq üçün sabunlu köpük vasitəsindən istifadə etmək olar. Sabunlu köpüklü suyu yivli birləşmələrə, qaynaq birləşmələrinə sürtmək olar. Əgər hava qabarcıqları görünərəs, deməli sızma var. Qaz sızmasını qəti surətdə yanar alovla yoxlamaq olmaz. Qaydaların da tələbi budur ki, qazla işləyən cihazların yaxınlığında təbii qaza reaksiya verən detektor quraşdırılmalıdır. Təbii mühitdə qaz əmələ gələrsə, siqnal veriləcək, eyni zamanda avtomatik klapana qoşulu olduğu halda qaz təminatı avtomatik dayanacaq. Təbii ki, ixtisaslaşmış mütəxəssislərin köməyi ilə qaz analizatoru ilə də yoxlanış etmək olar”.

Nigar HƏSƏNLİ,
Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}