Qəhrəman övladları bu dəfə Şahdağda oldular -Video/Foto


“Fireland group”un təşkilatçılığı ilə “Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində “Gələcəyin qəhrəmanları” adlı növbəti tədbir “Şahdağ” Turizm Mərkəzində təşkil olunub. Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin dəstəyi ilə 200-dən artıq şəhid övladı üç gün ərzində mərkəzdə maraqlı vaxt keçirib. 

Sozcu.info xəbər verir ki, tədbir qəhrəman şəhid övladlarının ifasında sözləri Xanım İsmayılqızı, musiqisi Cəlal Qurbanova məxsus “Mənim atam Qəhrəmandır” mahnısı ilə başlayıb. Rəsmi hissədə Azərbaycanın ən gənc Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə xanımın, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanımın çıxışları və övladları haqqında danışdıqları xatirələr uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonra söz “Fireland group”un rəhbəri, AYB-nin üzvü Cəlal Qurbanova verilib. O, şəhid ailələrinin dövlətimiz tərəfindən hər zaman yüksək diqqət və qayğı ilə əhatə edildiyini, igid qəhrəmanlarımızın bizə əmanət qoyduqları balalara mərhəmətlə yanaşmağın hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu bildirib. Dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin böyük həssaslıq və sevgiylə yanaşdığı şəhid ailələrinin hamımızın əzizi, doğması olduğunu deyən C.Qurbanov vurğulayıb ki, xalqımız da hər zaman qəhrəmanlarımızın ailələrinin yanındadır: 

“Cənab Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğı həm sadə vətəndaşlar, həm də dövlət məmurları üçün əsl örnəkdir. Bu yaxınlarda Xankəndində Cənab Prezidentin şəhid övladları ilə qurduğu səmimi ünsiyyət dövlətimizin bütün şəhid ailələrinə qarşı böyük sevgisinin təzahürü idi. Bu mənzərə şəhid əmanətlərinin etibarlı əllərdə olduğunu bir daha sübut etdi.Siz Vətənimizin müstəqilliyi uğrunda canından keçmiş igid oğullarımızın bizə əmanətisiniz. Vətən hamımız üçün anadır. Amma mən deyərdim ki, Vətən bütün şəhid övladları üçün həm ana, həm də atadır. Sizin hər biriniz Azərbaycan uğrunda canını fəda etmiş qəhrəmanların qanını daşıyır. Vətəni atalarınız kimi sevib, atalarınız kimi də qoruyacağınıza əminəm”.

Çıxışı zamanı C.Qurbanov şəhidlərimizin ruhunu şad etməyin, onların yadigarlarını sevindirməyin hər birimiz üçün ən birinci vəzifə olmalı olduğunu bildirərək, cənab Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, şəhid ailələrinə diqqətin dövlətlə yanaşı, hər bir Azərbaycan vətəndaşının da borcu olduğunu deyib: 

“Qürurverici haldır ki, dövlətin prioriteti olan bu məsələyə münasibətdə cəmiyyət də həmrəydir.“Fireland group”un keçirdiyi tədbirlərin təşkilinə Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyinin məsul əməkdaşları, o cümlədən, digər dövlət qurumlarının, ictimaiyyət və incəsənət nümayəndələri tərəfindən dəstək göstərilməsi bunu bir daha sübut edir. Eləcə də, Dövlət Turizm Agentliyi 3 ildən artıqdır ki, şəhid balalarının Azərbaycanın ən gözəl məkanlarda istirahətlərini təmin etməkdə bizə yardımçı olur. Heydər Əliyev Fondu və onun icraçı direktoru Anar Ələkbərov hər zaman şəhid əmanətlərini diqqət mərkəzində saxlayır, onların qayğılarının həllinə xüsusi həssaslıqla yanaşır”.

Daha sonra söz Turizm Agentliyinin sədri Fuad Nağıyevə verilib. O, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli təşkilinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etdiyi üçün qürur duyduğunu qeyd edib: 

“44 günlük Vətən müharibəsində xalqımıza böyük Zəfər sevinci yaşatmış şəhidlərimizin övladları bizə əmanətdir. Onların qayğısına qalmaq hər birimizin müqəddəs borcudur. Artıq üç ildən artıqdır ki, Dövlət Turizm Agentliyi “Fireland group”un “Mənim atam Qəhrəmandır” layihəsinin təşkilində yaxından iştirak edir. Bu, bizim üçün qürurvericidir. Onların asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşünün formalaşması, müxtəlif sahələr üzrə bilik və bacarıqlarının yaranmasına müsbət təsir göstərən bu cür tədbirlərin keçirilməsində iştirak etməyə hər zaman hazırıq. İnanıram ki, birgə keçirdiyimiz bu üç gün sizin yaddaşınızda unudulmaz xoş xatirə kimi daima yaşayacaq. Hər birinizə maraqlı istirahət arulayıram”.

Tədbirdə həmçinin Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Rüfət Məmmədov, Şahdağ Turizm Mərkəzinin əməkdaşı Rüstəm Nəcəfli və digər qonaqlar da çıxış edib, qəhrəman şəhid balalarının arzularının gerçəkləşdirilməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə həsr olunmuş bu cür əhəmiyyətli tədbirin təşkilində iştirak etmələrindən qürur duyduqlarını bildiriblər.

Daha sonra layihəyə dəstək verən gənc şair Şəhriyar del Geraninin tədbir zamanı səsləndirdiyi yeni şeirləri uşaqlar tərəfindən maraqla dinlənilib. Tədbir konsert proqramları ilə davam edib. Şəhid övladlarının “Şuşam” xorunun solistləri ilə birgə musiqisi Eldar Mansurov, sözləri Cəlal Qurbanova aid Tural Məmmədlinin yeni aranjimanda səsləndirdikləri Prezidentliyə namizəd İlham Əliyevə həsr olunmuş “Səninlədir yolumuz!” mahnısı böyük maraqla qarşılanıb. 

Konsert proqramında Murad Arif, Rəsul Əfəndiyev, Nadir Rüstəmli və başqaları çıxış ediblər.

Nahardan sonra qəhrəmanların bizlərə əmanəti olan övladları layihə çərçivəsində maraqlı vaxt keçirib, müxtəlif atraksionlardan, kanat xətlərindən istifadə edib, xizəksürmə vərdişinə yiyələnib, həmçinin əyləncəli proqramlar izləyiblər.

Tədbir çərçivəsində psixoloq Gülşən Abbasova qəhrəman övladları ilə uşaqlarda diqqətin yoxlanılması ilə bağlı İQ testi keçirib. Eyni zamanda Geştalt terapiya, yoqa və meditasiya üzrə mütəxəssisi Nərgiz Əliyeva şəhid xanımlarına 2 gün Geştal terapiya təlimləri keçib. Onlarla nəfəs praktikaları, meditasiya, sadhu terapiya və geştalt terapiya üzrə təlimlər aparılıb.

Qeyd edək ki, artıq 3 ildən çoxdur “Fireland group”un “Mənim oğlum qəhrəmandır” və “Mənim atam qəhrəmandır” layihələri çərçivəsində 2800-dən artıq şəhid əmanəti 40-dan artıq tədbirdə iştirak edib.

 



Oxşar Xəbərlər

Xəbər lenti