8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Anders Oslund Londonda nələri araşdırıb?
Atlantika Şurasının ekspertlərindən biri, Kremlin Qərbdəki cəsus şəbəkəsinin üzə çıxarılması məsələləri ilə məşğul olan və ictimaiyyət rərəfindən Rusiyanın hakim dairələrinə qarşı hansı sanksiayaların effektivliyini müəyyən edən məşhur təkliflərin müəllifi Anders Oslundun Londonda olaraq Azərbaycan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ilə bağlı Böyük Britaniya hüquq-mühafizə orqanlarının araşdırmaları ilə maraqlanıb. Məlum olduğu kimi Böyük Britaniyanın Milli Kriminal Agentliyi (National Crime Agency (NCA) Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevadan 42 milyon funta (55.24 milyon dollar) aldığı Gulfstream G550 jet təyyarəsinin, 10 milyon funta (13.15 milyon dollar) Berkshire qraflığında, Ascot kəndinin yaxınlığındakı təmtəraqlı Mill Ride Golf Club-u, 11.5 milyon funta (15.13 milyon dollar) qarşısında Londonun qərbində Harrods alış-veriş mərkəzinin yaxınlığındakı evin və 10 il ərzində Harrods-da xərclədiyi 16 milyon funtun (21.04 milyon dollar) mənbələrini məhkəmə qarşısında açıqlamağı tələb edib. Əgər, Zamirə Hacıyeva bu qədər sərvətinin mənbəyinin qanuniliyini məhkəmə qarşısında sübut edə bilməsə, üzərinə həbs qoyulacaq. Azərbaycan Beynəlxalq Bankında baş vermiş talançılıqla bağlı aparılan istintaq Zamirə Hacıyevanın bankdan 18 milyon manat mənimsəməsini üzə çıxarmış, ona qarşı konkret ittihamlar irəli sürmüşdü. İndi belə görünür ki, bu proses məntiqi sonluğuna doğru gedir. Çox böyük ehtimalla Böyük Britaniyanın Milli Kriminal Agentliyinin araşdırmaları Zamirə Hacıyevanın Azərbaycan Beynəlxalq Bankından mənimsədiyi sərvətinin üzərinə həbs qoyulması ilə nəticələnəcək. Qərb mediası isə Zamirə Hacıyeva olayını kleptokratiyanın üzərinə yürüşə start verilməsi kimi qiymətləndirilir.
Görünür bu iddia əsassız deyil. Məsələ Qərb mediasının məlumatlılığında deyil. Son zamanlar Böyük Britaniyanın Milli Kriminal Agentliyinin postsovet məkanından olan oliqarxların sərvətinin mənbəyini araşdırması məlum idi. Ancaq indi ilk olaraq rus oliqarxlardan birinin deyil, Azərbaycanlı sabiq bank prezidentinin arvadının sərvəti ilə bağlı məsələlər önə çıxıb. Burada daha çox təəccüb doğuran məsələ Atlantika Şurasının ekspertlərindən biri, Rusiyanın hakim dairələrinə qarşı hansı sanksiayaların nədən ibarət olmalı olduğunu müəyyən edən məşhur təkliflərin müəllifi Anders Oslundun Londona gedərək Zamirə Hacıyevanın məsələsi ilə maraqlanmasıdır. Qərb mediasının şərhlərindən isə belə qənaət yaranır ki, Atlantika Şurasının eksperti Anders Oslund Rusiya diktatorunun yalnız rus oliqarxların vasitəsilə deyil, həm də postsovet məkanından olan oliqarxların vasitəsilə Qərbə qarşı pozuculuq işi aparmasını istisna etmir. Əgər bu ehtimallar azacıq da olsa üzə çıxsa, o zaman postsovet məkanından və deməli Azərbaycandan da olan oliqarxların da sərvəti və fəaliyyəti ciddi araşdırma mövzusu olacaq.
Çox böyük ehtimalla Zamirə Hacıyevanın sərvəti ilə bağlı araşdırmalardan sonra növbə digər Azərbaycanlı oliqarxlara çatacaq. Bu məsələyə Azərbaycan mediasının Meliorasiya və Su Təsərrürfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin oğlu Cuma Əhmədzadənin Böyük Britaniyadakı biznesi ilə bağlı araşdırmalar da öz təsirini göstərə bilər. Bütün bu araşdırmaların obyektivliyini təmin etmək üçün "Yeni Sözçü” qəzeti Böyük Britaniyanın Azərbaycanda səfirliyinə müraciət edərək "GLOBALLY LTD” şirkətinin sahibi Cuma Əhməd oğlu Əhmədzadənin Tier növ vizası alıb-almamasına, əgər belə bir viza alıbsa nə zaman və nə məbləğdə sərmayə hesabına viza alması kimi məsələlərinə aydınlıq gətirilməsi üçün yardım etməyini xahiş edib.
Müraciətdə həmçinin Cuma Əhməd oğlu Əhmədzadənin Böyük Britaniyadakı biznes və daşınmaz əmlakı, eləcə də onun həyat yoldaşı GYUNEL COUTURE” şirkətinin yaradıcısı Günel Elman qızı Rüstəmovanın adına Böyük Britaniyada olan daşınmaz əmlakla bağlı məlumatların alınmasına yardım etmək xahiş olunub.
Oxşar müraciətin Böyük Britaniyanın Milli Kriminal Agentliyinə də ünvanlanacağı, adları çəkilən şəxslərin Londondakı sərvətləri ilə bağlı araşdırma aparmasına yardım etmələri xahiş olunacaq.
Belə görünür ki, yaxın aylarda Azərbaycanlı oliqarxların Böyük Britaniyadakı sərvəti ilə bağlı yeni qalmaqalların meydana çıxma ehtimalı çox böyükdür. Mövzu ilə bağlı Meliorasiya və Su Təsərrürfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin və onun oğlu Cuma Əhmədzadənin mövqelərini öyrənmək cəhdlərimiz isə heç bir nəticə vermir. Ancaq onların deməyə sözü varsa, biz yenə onları dinləməyə hazırıq.
"Yeni Sözçü” qəzeti Araşdırma qrupu