Bu gün, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
"Bakı metrosunda sərnişin qatar gözləyərkən qəflətən huşunu itirərək yerə yıxılıb”. "Sərnişinlər və hadisə yerinə gəlmiş polislər havasızlıqdan huşunu itirən sərnişini təcili yardım heyətinə təhvil veriblər”…
Demək olar ki, hər gün bu cür xəbərlər eşidir, elə özümüz də belə halların şahidinə çevrilirik. Ən dəhşətlisi isə bundan ibarətdir ki, metrodakı havasızlıq sərnişinlər arasında ölüm risklərini də artırır.
Məsələnin aktuallağını nəzərə alsaq, vəziyyət həqiqətən də acınacaqlıdır.
Millət vəkili Fazil Mustafa əhalinin daha çox istifadə etdiyi nəqliyyat növü olan metroda havalandırma sisteminin bərbad olmasını xidmət səviyyəsinin aşağı olması ilə əlaqələndirir:
"Metropolitendə xidmətin səviyyəsi xeyli aşağı düşüb. Xidmətin keyfiyyəti artırılmalıdır. Çünki əhalinin əksəriyyəti bu nəqliyyat növündən istifadə edir. Təəssüflər olsun ki, metroda bir çox problemlər var ki, onlardan biri də havalandırma ilə bağlıdır. İnsanlar həkimdən xüsusi arayış almadan metroya daxil olur. Onların içərisində sağlamlığında problemlər yaşayan insanlar var. Nəzərə almaq lazımdır ki, vətəndaşların sağlamlığı əsas prioritetdir və onun qorunması üçün istifadə etdiyi nəqliyyat vasitəsi normal və mükəmməl havalandırma sisteminə malik olmalıdır. Texnologiyanın son nailiyyətlərindən istifadə ediriksə, niyə metroda bundan istifadə edilməsin və vətəndaşların sağlamlığının qorunması təmin olunmasın? Bu baxımdan hesab edirəm ki, kifayət qədər aktual məsələdir və bu istiqamətdə konkret addımlar atılmalıdır”.
"Bakı Metropoliten”ini Avropa ilə müqayisə edən millət vəkili fərqi diqqətə çatdırıb:
"Avropada metro yalnız pul yığmaq üçün deyil, eyni zamanda vətəndaşa xidmət üçün nəzərdə tutulub. Buna görə də, həmin ölkənin vətəndaşlarının metroda havasızlıqdan boğulması və halının pisləşməsi kimi bir problemi yoxdur. Bizdə isə metroya həmişə pul yığmaq yeri kimi baxılır. Halbuki, metro həm də xidmət yeridir və vətəndaşa yüksək xidmət göstərilməsi bir vəzifə borcudur.
Bu məsələdə pul xərcləmək lazımdır. Pul xərcləyib vətəndaşın sağlamlığı naminə nə tələb olunursa, onu da tətbiq etmək lazımdır. Bunun üçün insanların dünyasını dəyişməsini gözləyib, sonra əl-ayağa düşmək lazım deyil. Yeni qurğular alınmalı və metroda havalandırma sistemi qaydasına salınmalıdır. Məsul şəxslərin işinə vicdanla yanaşması lazımdır ki, fövqəladə durum yaranmasın”.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Bakı Metropoliten”ində havalandırma sistemi ilə bağlı hələ bir neçə il əvvəl kompleks tədbirlər başlandığını deyib:
"Ventilyasiyaedici qurğuların yenilənməsi, modernləşdirilməsi zaman-zaman görülən işlər sırasındadır. Bundan əlavə mikroiqlim laboratoriyamız var ki, həmin laboratoriyanın bazası ən müasir avadanlıqlarla təmin olunub. Mütəmadi olaraq ölçmələr aparılır. Stansiyaların giriş-çıxışlarının sayından asılı olaraq ən azı 15 yerdə ölçmələr tətbiq olunur. Bundan əlavə havalandırma ilə bağlı xüsusi monitorinqlər də aparılır. 2018-ci ilə qədər metropolitendə ənənə üzrə iki mövsüm tətbiq olunurdu. Amma bu ildən etibarən səsli qrafiklər tətbiq olunur. Ventilyatorlar hər fəslin ahənginə uyğun olaraq müxtəlif rejimlərdə işləyir. Bundan əlavə, hava şəraiti öyrənilir, monitorinqlər aparılır. Tətbiq olunan yeni qrafik müsbət nəticələr ortaya qoyub. Yay mövsümündə aparılan monitorinqin nəticələrinə görə mikroiqlim şəraiti normativlərə uyğun olub”.
Bununla yanaşı, B.Məmmədov havalandırma sistemi ilə bağlı mövcud problemlərin də olduğunu bildirib:
"Son onillikdə metropolitendə sərnişin sayının artması da bu kimi hadisələrin baş verməsini qaçılmaz edir və buna uyğun olaraq yenilənmə tədbirləri həyata keçirilir. Qatarlara gəldikdə 25 vaqonumuz müasir qatarlardır və bu vaqonlarda kondisioner sistemi tətbiq olunub. Buna baxmayaraq, həmin qatarlarda da monitorinqlər aparılır. Köhnə qatarlara gəlincə, onlara kondisioner sisteminin quraşdırılması faktiki olaraq, mümkün deyil. İstehsalçı şirkətin aparıcı mühəndisləri və mütəxəssisləri ilə müzakirələrimiz olub. Eyni zamanda, digər şirkətlərlə də təkliflərə baxılıb. Faktiki olaraq köhnə vaqonlarda kondisionerlərin tətbiqinin mümkün olmaması təsdiqlənib. Səbəblərinə gəlincə, kondisioner sisteminin tətbiqinin öz şərtləri və tələbləri var”.
Maraqlıdır, Səhiyyə Nazirliyi metrodakı havasızlıq nəticəsində səhhətində problemlər yaşayan sərnişinlərin statistikasını aparırmı?
Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova metro və eləcə də digər nəqliyyat vasitələrində baş verən halların statistikasının aparılmadığını, lakin problemin bu gün də mövcud olduğunu qeyd edib:
"Bu statistika aparılmır. Lakin hər zaman bu problem olub və bu gün də var”.