Əflatun Amaşovdan qəzetləri xilas çağırışı: “ƏDV ləğv olunsun”

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən iclasındakı çıxışında diffamasiya, devalvasiyadan sonra medianın vəziyyəti və informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə toxunub.

Ə.Amaşov bildirib ki, 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı qəbul olunub. Proqramda diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılması məqsədilə qanunvericiliyin təkmilləşdirilməsi məsələsi yer alır. Bununla bağlı təkliflərin hazırlanması vəzifəsi müəyyənləşdirilir. «Əlbəttə, təkliflər konkret dövlət qurumu tərəfindən hazırlanmalıdır. Amma hesab edirəm ki, parlament səviyyəsində biz də bu məsələyə önəm verməliyik. Çünki diffamasiya prisnip etibarilə ölkəmizin daha da demokratikləşməsinə aparan yoldur. Bu yol hər bir halda gedilməlidir.

Qeyd edim ki, ölkə prezidenti cənab İlham Əliyev də çıxışlarının birində Azərbaycanda diffamasiya sahəsində faktiki moratoriumun qeydə alındığını vurğulayıb. Yəni faktiki olaraq ölkədə heç kəs, o cümlədən heç bir jurnalist Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə azadlıqdan məhrum edilmir.

Azərbaycan Mətbuat Şurası da bunları əsas tutaraq diffamasiya ilə bağlı təkliflər hazırlayıb. Bu təkliflər müəyyən mənada qanun layihəsi əhəmiyyətini daşıyır. Layihə beynəlxalq ekspertlərin iştirakı ilə keçirilmiş müzakirələrdə məqbul da qiymətləndirilib. Hesab edirəm ki, ilkin variant kimi bu sənədi gündəmə gətirmək olar.

Bəzən bildirilir ki, diffamasiya mühiti xüsusən də mediada özbaşınalıqlar doğuracaq. Əlbəttə, narahatlıqları başa düşürəm. Mediada təhqir və böhtanlar kifayət qədərdir. Ancaq bir daha deyim ki, diffamasiya prinsipcə gedilməli yoldur. Prinsip isə ondan ibarətdir ki, kimsə işlətdiyi sözə görə həbsə düşməsin. Təbii, söz daha çox jurnalistika sferası üçündür. Diffamasiya isə sözün məsuliyyətini heç bir halda inkar etmir. İstərdim ki, məsələyə bu aspektdən yanaşaq, təkliflərimizi verək», - deyə Ə.Amaşov bildirib.

Deputat çıxışında devalvasiyadan sonra yaranmış durumun mediaya təsirinə də toxunub. O bildirib ki, ölkədə qəzet kağızı 100, çap xərcləri 50 faizdən çox artıb: "Üstəlik bu il yanvarın 1-dən xaricdən gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə əlavə dəyər vergisi bərpa olunub. Həmişə Azərbaycan mətbuatından danışarkən fərəhlə deyirdik ki, ölkədə media əlavə dəyər vergisindən azaddır. Mən belə düşünürəm ki, biz əlavə dəyər vergisinin ləğvinə çalışmalıyıq”.

Ə.Amaşov çıxışında həmçinin informasiya təhlükəsizliyi ilə bağlı məsələyə də toxunub. "Məndən öncə Siyavuş müəllim məsələyə toxundu, problemləri göstərdi. Ölkəmizdə milli təhlükəsizliklə əlaqədar sənədlər var. İnformasiya təhlükəsizliyinə dair məsələlər həmin sənədlərdə ümumi şəkildə yer alır. Elə düşünürəm ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca qanun qəbul etməliyik. Bu, yaz sessiyasında olmasa da, payız sessiyasında mümkün ola bilər. Hər bir halda belə bir qanun vacibdir. Çünki biz ümumən ölkəmizin təhlükəsizliyini bu qanunla daha yaxşı qoruya bilərik”, - deyən deputat fikrinə aydınlıq gətirib.



Oxşar Xəbərlər

Xəbər lenti