“ZEYTUN BUDAĞI” ƏMƏLİYYATININ DAHA BİR SİRRİ:Rusiya-Türkiyə qaz sazişi - TƏHLİL

 

Vladimir Muxin

"Nezavisimaya gazeta", 22.01.2018


Suriyanın nisbətən ən sakit bölgəsi Afrində Türkiyənin "Zeytun budağı” hərbi əməliyyatı yalnız Rusiyanın sükutlu razılığı ilə başlaya bilərdi. Rusiya Müdafiə Nazirliyi türk aviasiyasının təkcə hərbçilərin deyil, həm də Suriyanın dinc sakinlərinin həyatını aparan cəmləşdirilmiş zərbəsi ərəfəsində öz hərbi kontingentini kantondan çıxarıb. Motiv sanki tamamilə izah olunandır – "mümkün fitnəkarlıqları qabaqlamaq, Rusiya hərbçilərinin həyat və sağlamlığına təhlükələri istisna etmək üçün”.

Rusiya Müdafiə Nazirliyi "türk qoşunlarının özəl əməliyyat keçirməsi”nə sanki bəraət qazandıraraq bildirib ki, "bölgədə durumun böhranlı inkişafı” ABŞ-ın fəaliyyətindən törəyib. Guya, "Pentaqonun Suriyanın şimalındakı Amerikayönlü birləşmələrə nəzarətsiz şəkildə müasir silahlar tədarük etməsi, habelə ABŞ-ın əhalisi əsasən kürdlər olan bölgələri ayırmağa yönəlik fitnəkar hərəkətləri dinc tənzimləmə prosesini pozmağa aparır və kürdlərin də tamdəyərli iştirak etməli olduğu "Cenevrə formatı”nda Suriyadaxili danışıqlara mane olur”.

Sanki hər şey məntiqlidir, lakin kürd könüllü yığması (YPG) komandanlığı Rusiyanı xəyanətdə ittiham edib və onu "bölgədə mülki şəxslərin qətlə yetirilməsində Türkiyənin cinayətkar tərəfdaşı” adlandırıb. RF Müdafiə Nazirliyi və XİN tərəfindən hələlik elə belə də anlaşılan izahat gəlməyib ki, niyə Rusiya sülhməramlılarının gedişi ilə Afrində 2017-ci ilin sentyabrın əvvəlində elan edilən "münaqişəsizləşdirilən”, Rusiya hərbi idarəsinin hələ lap bu yaxınlaradək "dinc sakinlərin yüksək fəallıqla qayıdışını” qeydə aldığı zona faktiki ləğv edilib. Adamlar bu bölgəyə qayıdırdılar, çünki ora gələn Rusiya hərbi polisinin sayəsində orada, görünür, sabitlik və asayiş bərpa edilmişdi. Rusiya hərbi polisinin podpolkovniki Georgi Petrunin 2017-ci ilin sentyabrında KİV-lərə belə demişdi: "Afrində deeskalasiya zonası yoxdur, burada "münaqişəsizləşdirmə” adlı zona fəaliyyətdədir və barışıq üzrə Rusiya mərkəzi işləyir. Avqustun axırında Afrində əyalətin yerli özünüidarə qurumları, müxalifət və barışıq üzrə mərkəzin təmsilçilərinin daxil olduğu milli barışıq komitəsi yaradılıb” – 2017-ci ilin sentyabrında Rusiya hərbi polis podpolkovniki Georgi Petrunin Afrindəki durum haqda KİV-lərə belə deyib.

Və budur, cəmi dörd ay keçəndən sonra hər şey, həm də pis yöndə dəyişilib. RF MN-nin versiyasına görə, Suriyanın şimal bölgələrinə, yəni Afrinə də "Amerikayönlü” deyilən birləşmələrə "müasir silahlar” tədarük olunub. Amma burada nəsə çox da aydın deyil: bəs Rusiya hərbi polisi hara baxırdı və YPG dəstələrinin Amerika silahlarıylıa "nəzarətsiz” təchizatına niyə yol veriblər? Bu kanton, demək olar, dörd tərəfdən Türkiyə hərbçiləri və onların patronluq etdiyi yaraqlıların nəzarətindəki ərazilərlə çevrələnmiş anklavı təmsil edirsə, bu silahlar Afrinə necə keçə bilərdi?

Türkiyənin "Anadolu” informasiya agentliyi iddia edir ki, Türkiyə SQ təyyarələri keçən şənbə Afrində hədəflərə zərbə endirib. O cümlədən ABŞ təyyarələrinin, guya, YPG kürd qüvvələrini silahla, o cümlədən zenit silahlarıyla təchiz etdiyi Minniq aerodromuna zərbə vurulub. Lakin amerikalılar Afrinə yalnız Dəməşq və ya Ankaranın nəzarət etdiyi ərazilərdən çata bilərdilər. Doğrudanmı, Suriya və Türkiyə Amerika təyyarələrinin Afrinə uçuşuna razılaşıb?

Moskva və Ankaranın versiyasına əsasən, YPG yaraqlılarında səyyari zenit raket kompleksləri varsa, onda türk aviasiyasının zərbələri niyə cavabsız qalıb? Suriya xarici işlər naziri müavini Feysəl Miqdad bu günlərdə bildirib ki, "Suriya HHM yenidən tam döyüş hazırlığındadır və Türkiyənin istənilən hava hücumunu dəf edə bilər”, amma heç bir təyyarəni vurmayıblar. Təəssürat var ki, Moskva müttəfiqinə türklərə atəş açmamağı məsləhət görüb. Təsadüfi deyil ki, Türkiyə baş naziri Binəli Yıldırım dünən deyib ki, Afrində "Zeytun budağı” əməliyyatı Ankaranın təmas saxladığı Rusiya və Dəməşqin razılığı ilə keçirilir. O dəqiqləşdirib: "Biz İranın narazılığını aradan qaldırmaq üzərində işləyirik, Rusiyanın isə bu mövzu üzrə etirazı yoxdur”.

Hərbi ekspert Viktor Muraxovski əmindir ki, "Zeytun budağı”nın ayrıntıları Türkiyə Baş Qərargah rəisi və milli kəşfiyyat direktorunun keçən həftə Moskva səfərində müzakirə olunub. 

"Kürd separatizminin ləğvi Dəməşqə sərf edir. Bu, kürd problemi olan İrana da sərfəlidir, – hərbi ekspert, general-leytenant Yuri Netkaçev "NG”-yə deyib. – İstisna deyil ki, Rusiya Əsədi Türkiyənin YPG dəstələrinə qarşı hərbi əməliyyatına hələlik qarışmamağa, yalnız diplomatik etiraz notalarıyla yaxasını qurtarmağa razı salıb”.

Generalın sözlərinə görə, hazırda Soçidə Suriya Milli Dialoq Konqresinə (SMDK) hazırlıq gedir. YPG təmsilçiləri çətin ki ora gəlsinlər, amma, bax, müxalifətin Türkiyəyönlü silahlı dəstələri gələ bilər. Ekspert hesab edir ki, "Görünür, Moskva və Ankaranın bu haqda hansısa anlaşması var” və bununla bağlı bu il yanvarın 20-də Soçidə keçirilən, Rusiya, Türkiyə və İranın Suriya müxalifətinin SMDK-də iştirakını müzakirə etdiyi görüşə işarə edir. RF prezidentinin Suriya üzrə özəl təmsilçisi Aleksandr Lavrentyev bildirib: "Biz Suriya müxalifətiylə iş və onları bu foruma qatılmağa inandırmaq məsələsini olduqca təfərrüatıyla müzakirə etmişik”.

RF XİN-in məlumatına əsasən, Suriya müxalifətinin birləşmiş qrupu olan Suriya danışıqlar komissiyasının nümayəndə heyəti sabah Moskvaya danışıqlara gələcək.

Netkaçev əmindir ki, Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan kürdlərə qarşı yeni müharibə başlayıb və Moskvanın dəstəyini təmin edib. Çünki anlayır: "Rusiyada başlanmış seçkiqabağı mübarizə şəraitində Soçidə SMDK-nin keçirilməsinin pozulması çox pis imic məqamı olardı, çünki bu tədbirə Vladimir Putinin özü təşəbbüs göstərib”.

Axı məhz Ankara Əsədə və kürdlərə qarşı vuruşan Türkiyəyönlü silahlı qruplaşmalara basqı edərək bu tədbiri poza bilər.

Hərbi ekspert Vladimir Popov hesab edir ki, Moskvanın hazırda Türkiyə ilə "dostlaşmağa” başqa motivi də var və diqqəti yönəldir ki, Türkiyə rəhbərliyi bu il yanvarın 19-da, məhz YPG dəstələrinə qarşı hərbi əməliyyatların başlandığı ərəfədə ""Türk axını” qaz kəmərinin dəniz sahəsinin ikinci qanadının Türkiyə sahillərinədək çəkilişinə icazə verib”. "Qazprom” rəhbəri Aleksandr Miller bundan məmnun idi: "İndi qaz kəmərinin hər iki qanadı tam dəqiq vaxtında, 2019-cu ilin sonuna qədər istismara buraxılacaq”.

"Afrinlə bağlı durum təhlil olunsa, bir çox baxımdan 2014-cü ilin yayında Donbasda formalaşan durumu yada salır, – hərbi əməliyyatlar veteranı, podpolkovnik Aleksandr Ovçinnikov qeyd edir. – Hazırda Suriyanın şimalında aviasiyadan başqa əsasən yalnız Türkiyəyönlü, Türkiyədən əldə olunan döyüş texnikasıyla hərəkət edən silahlı birləşmələr iştirak edir. Ankara və ordusu isə sanki kənarda durub. Türkiyə YPG kürdlərini terrorçu elan edərək təcavüzkarlıq deyil, bir çox baxımdan vətəndaş müharibəsi görüntüsü yaradır. Türkiyəyönlü silahlılar Afrini ələ keçirir – Rusiyayönlü könüllülər bir zamanlar Donbasda öz maraqlarını qoruduqları kimi”.

Ekspert hesab edir ki, Afrində fəal savaş davam edəcək – "geniş beynəlxalq ittiham və Ankaraya, ola bilsin, Moskvaya qarşı uyğun sanksiyaların tətbiqini qazanana qədər”.

2014-cü ilin yayında Donbasda belə idi və geniş beynəlxalq ittiham təhlükəsi altında orada müharibə birdən dayandı və tərəflər danışıqlar masası arxasına əyləşdilər.       

Tərcümə Strateq.az-ındır.   



Oxşar Xəbərlər

Xəbər lenti