8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Svetlana Qamova,
"Nezavisimaya qazeta”nın yaxın xaric ölkələri siyasəti şöbəsinin müdiri
Milli ordunun əsgərləri Rumıniyada keçirilən "Platinum Eagle” təlimlərində iştirak edir. Bu yaxınlarda təlimlər barədə məlumatı Kişinyovda moldov həmkarı ilə birgə rumın-moldov batalyonunun yaradılması haqqında razılaşma imzalayan Rumıniya Müdafiə naziri Mixay Fifor verib.
Moldova Respublikası (MR) parlamentinin deputatı Boqdan Çırdya istisna etməyib ki, batalyon MR-də yerləşdirilə bilər. Çırdya hesab edir ki, bu, MR-in neytrallığını pozur və Rusiya qoşun qruplarının Dnestryanında varlığını legitimləşdirir.
Əvvəllər Moldova prezidenti İqor Dodon moldov hərbçilərinin Rumıniya ilə keçirilən hərbi təlimlərdə iştirakına veto qoyub. Bu qərar Moldovada ölkənin Rumıniya ilə birləşdirilməsi ideyalarının təbliğ edilməsinin aktivləşdirilməsilə diktə edilib. Dodon birgə təlimləri MR və Rumıniyadakı "unionist" qüvvələrin (birləşmə təşəbbüskarlarının) iki ölkəni birləşdirmək səylərilə əlaqələndirir. Lakin hökumət Konstitusiya məhkəməsinin köməyilə prezident vetosunu qaldırıb. Və moldov hərbçiləri Rumıniyada hərbi təlimlərdə iştirak edib.
Moldova prezidenti birgə hərbi batalyon yaradılması təşəbbüsünü də pisləyib. İroq Dodona görə, bu, Moldova Respublikasının daimi neytrallıq statusunun və milli təhlükəsizliyinin pozulmasına yönəlik daha bir real addımdır. O, qeyd edib ki, "birgə hərbiləşdirilmiş batalyonların təşkili haqqında hansısa aydın olmayan razılaşmaların imzalanması Moldova Respublikası Konstitusiyasının müddəalarının birbaşa pozulmasıdır”.
Dövlət başçısı belə təşəbbüslərin, həmçinin Milli Ordunun NATO hərbi bloku çərçivəsində keçirilən təlimlərdə iştirak etməyə daima dəvət edilməsinin sistem xarakteri aldığını nəzərə alaraq, səlahiyyətli orqanlardan izahat tələb edib, eləcə də "belə hərəkətlərə yol verən şəxslərə qarşı” qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi haqqında sərəncam verib. Lakin hökumətə lazım olduqda Konstitusiya məhkəməsinin yardımı ilə prezidentin "kənarlaşdırılması”praktikasını nəzərə alsaq, fərz etmək olar ki, Dodonun bəyənatı nəticəsiz qalacaq.
Boqdan Çırdya "NQ”-yə deyib ki, hakimiyyət Rumıniya ilə əlaqələrin gücləndirilməsinə yönəlik siyasəti davam etdirəcək. Moldova parlamentarının izahına görə, "Ancaq Rumıniya NATO ölkəsidir və onun hərbçilərilə birgə təlimlərin keçirilməsi, həmçinin birgə hərbi batalyonun yaradılması MR-in Konstitusiya ilə təsdiq olunmuş neytrallığının birbaşa pozulmasıdır”.
Çırdya qeyd edi: "Əgər bu batalyon Moldova ərazisində yerləşdiriləcəksə, – hansı ki, istisna deyil, – onda Dnestryanında yerləşdirilən Rusiya qoşunlarının operativ qrupu (RQOQ) Moldova Respublikasında olan yeganə xarici hərbi hissə olmayacaq. Bu halda, Demokratik Partiya ilə təmsil edilən avropayönlü parlament çoxluğu deyəcək ki, rumın hərbçiləri MR-də dəvət əsasında iştirak edirlər, ruslar isə işğalçıdırlar. Bu zaman ATƏT-in 1999-cu ildə İstanbulda keçirilən sammitində RF-nin öz qoşunlarını çıxarması haqqında öhdəlik götürdüyü unudulacaq. Onda geopolitik vəziyyət tamamilə başqa idi: ABŞ hələ Raket Hücumundan Müdafiə (RHM) müqaviləsindən çıxmamışdı, Rusiya isə Avropada Adi Silahlı Qüvvələr haqqında müqavilədə iştirakını dayandırmamışdı. Bu gün hər şey dəyişib və Rusiya geopolitik balansı qorumaq üçün RQOQ-u Dnestryanıda saxlayıb”.
Çırdya onu da qeyd edib ki, qarşıdan gələn payızdakı parlament seçkiləri vəziyyəti dəyişə bilər. Onun proqnozuna görə, "Əgər onlar ədalətli olarsa, Sosialistlər partiyası qalib gələr. Onda Moldova əhalisinin əksəriyyətinin dəstəklədiyi Avrasiya İqtisadi İttifaqı və RF istiqamətinə doğru dönməyə başlar. Lakin Moldova Demokratik Partiyası (MDP) insanları sosialistləri müdafiə edəcəkləri halda işlərini itirəcəklərilə qorxudur – çirkli texnologiyalar işləyib hazırlayıblar. Xalq qorxudulub. Nəticədə, bütün sorğulara görə, ən yüksək inam reytinqi olan sosialistlər parlamentə keçəcəklər, lakin əksəriyyəti qazanmaya bilərlər. Əksəriyyət yenə də MDP-dən və ona qoşulan sağ partiyalardan ibarət olacaq”.
Sabiq müdafiə naziri, MR Hərbi akademiyasının Strateji, müdafiə və təhlükəsizlik tədqiqatları mərkəzinin elmi əməkdaşı Vitalie Marinutsa da birgə hərbi batalyon ətrafında yaranmış qalmaqalı yaxınlaşan seçkilərlə əlaqələndirir. Onun fikrinə görə, tərəflər bu məsələni "elektoratın cəlb edilməsi üçün” istifadə edirlər. Bu halda, o özü bunu Moldova hərbçilərinin təcrübə əldə etməsi hesab edərək, ikitərəfli hərbi hissənin yaradılması ideyasını dəstəkləyir.
Marinutsa "NQ”-yə izah edib:"Rumınlarla birgə batalyonun yaradılması ideyası 1999-cu ildə ortaya çıxıb. 2000-ci ildə mən moldov zabitlərinin birgə batalyona hazırlanması üçün baza olan MR Sülhməramlı Qüvvələr batalyonuna rəhbərlik edirdim. Lakin siyasi qərar qəbul edilmədi. Düşünürəm ki, bu gün – bu ideyanı parlament çoxluğu, həmçinin Kişinyov və Buxarest hökumətləri dəstəklədiyi bir vaxtda bu batalyon yaradılacaq. Onun təyinatı – sülhməramlı missiyaların hazırlanması və fövqəladə halların ortadan qaldırılmasıdır. Bu, moldov mavi dəbilqəliləri üçün beynəlxalq səviyyəyə çıxma və sülhü dəstəkləmə əməliyyatlarında iştirak etmə imkanıdır”.
Eyni zamanda, Kommunist Partiyasından olan deputatlar birgə batalyonun yaradılması tarixçəsini presedent kimi qiymətləndirir və parlamentdə hələ 2015-ci ildə irəli sürülən, MR-in daimi neytrallığı haqqında olan qanun layihəsinə baxmağı təklif edirlər.
Belə sənədin işlənib hazırlanmasına və qəbul edilməsinə qayıtmaq haqqında təkliflə ölkənin sabiq prezidenti, müxalifətdə olan Kommunist partiyasının sədri Vladimir Voronin çıxış edib. O xatırladıb ki, təxminən üç il bundan öncə parlament belə qanun layihəsinin işlənib hazırlanması üçün işçi qrupu yaradıb. "İnfotaq” agentliyi məlumat verir ki, onun tərkibinə bütün parlament fraksiyalarının nümayəndələri daxil olub, lakin qrup bir dəfə də olsun toplanmayıb və işləmir. Voronin bunu "Moldovanın neytrallığına qəsd” kimi qiymətləndirib. O, Kişinyovda NATO-nun Əlaqə bürosunun açılmasını, həmçinin Müdafiə nazirliyinin Rumıniya ilə birgə hərbi batalyon yaratma niyyətində olmasını belə hərəkətlər sırasına daxil edib. Kommunistləri prezidentin tərəfdarı olan, "bu hərəkətlərin neytrallığın kobud pozulması olması” fikrini bölüşən Sosialistlər partiyası müdafiə edib. Sosialistlər partiyasının icra katibi Vlad Batrınça deyib ki, "Daimi neytrallıq haqqında qanun neytrallığın möhkəmləndirilməsi yolunda mühüm addım olacaq. Bu halda biz MR-in neytrallığının beynəlxalq səviyyədə tanınmasına nail ola bilərik”.
Xatırladaq ki, "publica.md”-nin məlumatına görə, Rumıniyada ABŞ, Bolqarıstan, Gürcüstan və Ukraynadan olan hərbçilərin iştirak ilə "Platinum Eagle” təlimləri başlayıb. Təlimlər ABŞ-ın keçirdiyi beynəlxalq hərbi kampaniya çərçivəsində təşkil edilib. Onun hədəfi – ölkələr arasında hərbi əməkdaşlığı möhkəmləndirmək və əsgərləri sülhyaratma əməliyyatlarına hazırlamaqdır. Təlimlər 17 fevraladək davam edəcək.