Prezident İlham Əliyevin 10 yanvar müsahibəsi

Prezident İlham Əliyev: 20 il bundan öncə Azərbaycan xalqı 1993-cü ildə olduğu kimi ən doğru qərari verdi. Heydər Əliyevin 1993-cü ildə əsasını qoyduğu siyasət davam etdirildi. O tarixdən başlayaraq Azərbaycan inkişaf yoluna qədəm qoydu, sabitlik təmin edildi, vətəndaş müharibəsinə son qoyuldu və ölkəmiz beynəlxalq təcriddən çıxdı. 1993-2003-cü illərin hadisələrinə nəzər salsaq görərik ki, məhz bu illər ərzində bugünkü dövlətçilik prinsipləri bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı, eyni zamanda, xalq-iqtidar birliyi artıq önəmli bir amilə çevrildi. Son 20 ildə görülən işlər göz qabağındadır Bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Hesab edirəm ki, bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Biz qarşımıza qoyduğumuz əsas məqsədə artıq çatmışıq.Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq.
“Real” Televiziyasından Mirşahin Ağayev: Cənab Prezident, oktyabr ayının 15-də Siz Xankəndidə Azərbaycan Bayrağını qaldırdınız mən bilmək istəyirəm o an nə hisslər yaşadınız. Çünki mənim fikrimcə bu Pənahəli xanın, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, Ulu Öndər Heydər Əliyevin ruhunun şad olduğu an idi.
Prezident İlham Əliyev: Bütün Azərbaycan xalqının gözlədiyi bir an idi inanıram ki hamımız eyni hissləri keçirdik. Azərbaycan xalqının ədalətə olan inamı 30 ildirki sarsılmışdı.Biz hamımız bilməliyik ki, ədalət özü-özünə gəlmir, ədaləti sən gərək təmin edəsən. Müasir dünyada biz bunu artıq çoxdan başa düşmüşük. Əgər mənim çıxışlarıma nəzər salsanız, bəlkə də son 10-15 il ərzində mən dəfələrlə deyirdim ki, dünyada beynəlxalq hüquq işləmir. Bu mexanizmlər ancaq zəif ölkələr üçün işə salınır. Böyük dövlətlər buna məhəl qoymur. Onlar üçün sanki qanun qanun deyil, beynəlxalq hüquq hüquq deyil. Belə olan halda, ədaləti tələb edən, haqlı olaraq tələb edən ölkələr bu ədaləti özləri təmin etməlidir. Və biz buna nail olduq .O vaxt Qarabağda yaradılmış Xüsusi Komitə faktiki olaraq Qarabağın Azərbaycanın əlindən alınması üçün bir mexanizm idi. O Xüsusi Komitə, ona rəhbərlik edən şəxs və digər şəxslər, onların bütün addımları və hərəkətləri Qarabağı Azərbaycandan qoparıb Ermənistana bağlamaq idi. Bütün o kadrlargözümün önünə gəldi . Xocalıda bayrağın qaldırılması isə daha da həyəcanlı idi Xocalı qurbanlarının qanı yerdə qalmadı, biz öz üzərimizə düşəni etdik.
Biz hamımız xoşbəxtik ki, bu dövrdə yaşayırıq, bu dövrün şahidləriyik, bu böyük Zəfərin əldə olunmasında iştirak etmişik, hərə öz yerində, siz media nümayəndələri kimi, mən Ali Baş Komandan kimi, xalqımızın bütün təbəqələri öz işi ilə bu Qələbəni yaxınlaşdırırdılar. Bu, ümummilli bir məsələyə çevrildi, ümummilli hərəkata çevrildi və 30 il ərzində bir çox beynəlxalq tərəfdaşlarımızın səylərinə baxmayaraq, bu mövzu unudulmadı. Bunu bizə unutdurmaq istəmişdilər. Müxtəlif bəhanələr altında – Ermənistanla əməkdaşlıq, insanları, cəmiyyətləri sülhə hazırlamaq üçün müxtəlif QHT-lər vasitəsilə təmasların yaradılması məhz o məqsədi güdürdü ki, Azərbaycanda yetişən gənc nəsil bu məsələdə fərqli istiqamətdə yetişsin. Bizim isə məqsədimiz o idi ki, yetişən gənc nəsil vətənpərvər olsun, heç vaxt bu ədalətsizliklə barışmasın və əgər bizə nəsib olmazsa bu tarixi ədaləti bərpa etmək, gələcək nəsillər onu etməlidirlər.

Bu 30 il ərzində bu məsələ ilə bağlı bir çox təkliflər irəli sürüldü.Nə üçün Azərbaycan bu təkliflərlə razılaşmır və barışmır? Təbii ki, danışıqlar prosesinin öz strategiyası, öz taktikası var idi. Təbii ki, biz danışıqları elə aparırdıq ki, öz məqsədlərimizə çatmaq üçün minimum xarici təzyiqlə üzləşək.Biz məsələni köklü şəkildə həll etməli, birdəfəlik həll etməli, ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa etməliidik.Əgər bizim nəslimizə bunu etmək nəsib olmasa, elə gənc nəsil yetişdirməliyik ki, 20 ildən sonra, 30 ildən sonra, 50 ildən sonra onlar gəlib bunu etsinlər. 
“ARB 24” Televiziyasından Çinarə Nurməmmədova: Cənab Prezident, ötən ilin ən mühüm hadisələrindən biri həm də “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması idi. Bundan dərhal sonra Azərbaycana qarşı təzyiqlər başlanıldı, “Qarabağda humanitar böhran yaradılır” ittihamı irəli sürüldü. Həmin dövrdə hələ Xankəndidə Azərbaycanın Bayrağı da ucaldılmamışdı, separatçılar da orada müəyyən fəaliyyət göstərirdilər və təzyiqlər də daha çox idi. Hazırda vəziyyət dəyişib və tamamilə yeni reallıqlar yaranıb. Hansı məqamlar, hansı nüanslar var ki, artıq biz onlardan danışa bilərik. Yəni, Azərbaycan sərhəd-keçid məntəqəsini yaradarkən hansı riskləri gözə almışdı?
Prezident İlham Əliyev: 10 noyabrda üçtərəfli Bəyanat Noyabr 8-də  çox böyük hadisə baş verdi – Şuşa işğaldan azad edildi və faktiki olaraq separatçıların müqaviməti, belə deyək, strateji nöqteyi-nəzərdən mənasız olmuşdu. Əlbəttə, əgər müharibə davam etsəydi, Kəlbəcər və Laçın rayonlarını özü də artıq qış mövsümündə azad etmək çox çətin olardı. Halbuki biz bunu da edəcəkdik. Amma itkilərimiz həddindən artıq çox ola bilərdi, hətta 44 günlük müharibədə verdiyimiz şəhidlərin sayından qat-qat çox ola bilərdi. Biz hamımız bunu yaxşı bilirdik, çünki indi də oralara gedən, o bölgələrə gedən hər bir insan görür ki, nə dərəcədə çətin relyefdə yerləşən bir ərazidir. Ancaq əgər Ermənistan kapitulyasiya aktına imza atmasaydı biz, əlbəttə ki, müharibəni davam etdirəcəkdik son nöqtəyə qədər.
Aprelin 23-də biz bir neçə saat ərzində həmin o Həkəri çayının üzərindəki körpüdə yerləşdik. Təbii ki, buna hazırlıq aparılmışdır və bəzi səylərə baxmayaraq, oradan artıq heç yerə getmədik.
Beləliklə, Qarabağa qanunsuz silahların, sursatların, minaların və canlı qüvvənin daşınması və göndərilməsi artıq mümkünsüz olmuşdu. Ancaq buna baxmayaraq, biz humanitar gediş-gəlişə də heç bir əngəl törətməmişdik. Hamımız yaxşı xatırlayırıq ki, o vaxt Qırmızı Xaç xətti ilə xəstələr təxliyə edilirdi, aparılırdı, gətirilirdi. Bir müddətdən sonra Qarabağda yaşayan ermənilər o yoldan istifadə etməyə başlamışdılar və heç bir problem onlar üçün yaradılmırdı. Sadəcə olaraq, onların maşınları yoxlanılırdı, öz maşınları ilə gedib-gəlirdilər. Azərbaycan sərhədçiləri maksimum dərəcədə diqqətli idilər və belə də tapşırıq almışdılar ki, mülki şəxslərə qarşı hər hansı bir hörmətsizlik edilməsin. Ancaq ondan sonra hərbi təxribat törədildi. Bizim postumuz atəşə tutulmuşdur və biz təbii olaraq istintaqı aparmaq üçün o yolu müvəqqəti olaraq bağladıq, amma sonra yenə də açdıq. 
23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik. Biz 23 aprelə qədər də bir neçə dəfə Ermənistana və yerli separatçılara nümayiş etdirmişdik ki, bu, bizim torpağımızdır, həm “Fərrux” əməliyyatı, “Sarıbaba-Qırxqız” əməliyyatı, “Qisas” əməliyyatı, bütün bunlar tərəfimizdən aparılmış önəmli hərbi əməliyyatlar idi. Bu əməliyyatlar nəticəsində o vaxt nəzarətimizdə olmayan Qarabağ bölgəsinin strateji təpələri, yüksəklikləri biz tərəfdən götürülmüşdür və 19-20 sentyabr əməliyyatı üçün bunun çox böyük əhəmiyyəti var idi.
İctimai Televiziyadan Fikrət Doluxanov: Cənab Prezident, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunmasını və qeyd etdiyiniz kimi, tarixi ədalətin bərqərar olunmasını təmin edən lokal xarakterli antiterror tədbirlərini hansı amillər şərtləndirdi? Güc tətbiq etmədən keçinmək mümkün idimi və Ermənistan, erməni separatçıları Sizin dəfələrlə etdiyiniz təklif və xəbərdarlıqları nəyə arxalanaraq düzgün dəyərləndirmədilər?
Prezident İlham Əliyev: Yəqin ki, onlar gözləmirdilər bu əməliyyat keçiriləcək və kimsə görünür onları inandırmışdı ki, onlar sona qədər orada öz separatist dırnaqarası qurumunda, o qurum çərçivəsində fəaliyyət göstərə biləcəklər.Antiterror əməliyyatı çox uğurla, peşəkarlıqla keçirilmişdir, hərbçilərimiz böyük qəhrəmanlıq göstərmişdilər. Deyirlər ki, əməliyyat 23 saat neçə dəqiqə çəkmişdir, amma əslində, daha qısa müddət ərzində tamamlanmışdır. Biz bütün nəzərdə tutduğumuz mövqelərə çıxdıq, bütün kommunikasiyalara sahib olduq, bütün təpələri götürdük və faktiki olaraq separatçıların təslim olmaları qaçılmaz idi, labüd idi, təslim olmasaydılar məhv olacaqdılar.Bizim məqsədimiz orada Ermənistan ordusunu məhv etmək yox, oradan Ermənistan ordusunun çıxarılması idi və biz bu müraciəti dəfələrlə etmişdik. Bizdən xahiş olundu ki, əgər onlar silahları yerə qoysalar, onların təhlükəsizliyi təmin olunacaq-olunmayacaq? Təbii ki, günahı olmayan hərbçilərə qarşı biz hər hansı bir sanksiya tətbiq etmək fikrində deyilik. Halbuki separatçıların başçıları ilə bağlı bizim mövqeyimiz birmənalı idi – onların tutulması. Bəziləri artıq Laçın yolunda oradan qaçmağa cəhd edəndə, bəziləri Xankəndidə, bəzilərini də başqa yerlərdə biz tapıb tutmuşduq. Biz onların yerlərini bilirdik. Biz, ümumiyyətlə, deyə bilərəm ki, İkinci Qarabağ müharibəsindən sonra Qarabağda nələr baş verdiyindən tam xəbərdar idik, həm vizual, həm operativ tam nəzarət edirdik. Yəni, bunu Ermənistana çatdırmağa çalışırdıq ki, bu, bizim nəzarətimizdədir və istənilən an biz əməliyyat keçirə bilərik.
CBC Televiziyasından Lidiya Molodtsova:Son zamanlar Fransanın rəsmi şəxsləri tərəfindən tez-tez anti-Azərbaycan bəyanatlarının, Parisin BMT Təhlükəsizlik Şurasına təqdim etməyə çalışdığı qətnamələrin, həmçinin Ermənistanın silahlandırılmasının şahidi oluruq. Fransanın belə mənfi münasibətinin səbəbi nədir? Paris Bakıdan nə istəyir?
Prezident İlham Əliyev: Yaxşı sualdır. Biz özümüz də bunu bilmək istəyirik. Belə ki, münasibətlərimizin tarixinə nəzər salsaq, hər şey çox yaxşı başlamışdı. Həm 1990-cı illərdə, həm də artıq mənim Azərbaycana rəhbərlik etdiyim dövrdə münasibətlər kifayət qədər normal idi. Münasibətlərin gərginləşməsinə gəlincə, bu, artıq İkinci Qarabağ müharibəsi zamanı başladı. Həmin vaxt 44 gün ərzində Fransa Prezidenti dəfələrlə, hətta deyərdim ki, bu ifadəni işlətmək mümkündürsə, həddindən çox dəfələrlə zəng edirdi və baş verənlərə öz münasibətini bildirirdi.Hər halda onlar heç nəyə nail ola bilmədilər və müharibə Prezident Makronun və ya hər hansı başqa şəxsin deyil, Putinin vasitəçiliyi ilə dayandırıldı. Üçtərəfli Bəyanat da Fransa, Azərbaycan və Ermənistan arasında deyil, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalandı.
Düşünürdüm ki, bu hadisələrdən sonra münasibətlərimizdə sağlam məntiq üstün olacaq və körpülər yandırılmayacaq, çünki bu, prinsip etibarilə nə Fransaya, nə də bizə lazımdır.Zənnimcə, bu gün baş verənlər BMT Təhlükəsizlik Şurasında və Avropa İttifaqında bir fiaskodur, onların Avropa parlamentindəki nümayəndələri vasitəsilə bizə müəyyən mənada zərər vermək, ola bilər ki, hətta “qıcıqlandırmaq” kimi boş cəhdlərinin hamısı faydasızdır. Təbii ki, biz yolumuza davam edəcəyik.
Rövşən Məmmədov: Cənab Prezident, məlumdur ki, bu il fevralın 7-nə təyin olunub və müxtəlif fikirlər, müxtəlif versiyalar səslənir. Amma ən doğru cavabı Sizdən ala bilərik. Cənab Prezident, belə bir addımın atılmasını şərtləndirən əsas amillər nədən ibarətdir?
Prezident İlham Əliyev: Birinci səbəb təbii ki, suverenliyimizin tam bərpasıdır, çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni, Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar Zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir. Təbii ki, bu yeni dövr başlayarkən, əlbəttə, prezident seçkiləri də bu yeni dövrün başlanğıcı olmalıdır. Çünki hər bir dövr bir zaman kəsiyidir və 30 il ərzində işğal altında olmuş ərazilərin işğaldan azad edilməsi və suverenliyi tam bərpa etməyimiz yeni dövrün başlanğıcı idi.
İkinci səbəb ondan ibarətdir ki, ilk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək. Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün mən hesab etdim ki, birinci bütün ərazilərdə keçiriləcək seçkilər prezident seçkiləri olmalıdır.
Digər səbəb ondan ibarətdir ki, mənim Prezident kimi fəaliyyətimin 20 ili tamamlandı. Bu da bir dövrdür və bunu da biz bir yekun kimi qəbul etməliyik və 20 ildən sonra yenidən prezident seçkilərinin keçirilməsi təbii ki, bu xronoloji dövrü də əsaslandırmış olur.
Günel Kərbəliyeva: Cənab Prezident, Azərbaycanın bərpaolunan enerji potensialı ildən-ilə artır. Xəzər regionu Avropanın enerji keçidinin əsas mərkəzlərindən birinə çevrilir. Hətta 2030-cu ilə qədər bu potensialın 30 faiz artırılması planlaşdırılır. Eyni zamanda, ölkəmiz COP29 kimi böyük bir tədbirə ev sahibliyi edəcək. Qarşıda duran hədəflər, əsas istiqamətlər nələr olacaq?
Prezident İlham Əliyev: Bəli, bu məsələyə indi çox ciddi önəm veririk və hesab edirik ki, biz burada da istədiyimizə nail olacağıq. Məqsəd də odur ki, biz bu gün dünyada, xüsusilə dünyanın enerji məkanında gedən proseslərdən geridə qalmayaq. Çünki indi hamımız yaxşı bilirik ki, bir çox aparıcı keçmiş neft şirkəti hətta öz adlarını da dəyişdirib enerji şirkətlərinə çevirirlər və getdikcə yaşıl enerjiyə tələbat artacaq. Neft-qaz sahəsində fəaliyyət göstərən şirkətlərin investisiya portfelində əgər yaşıl enerji layihələri olmasa, onlar böyük çətinliklərlə üzləşəcəklər. Orada müxtəlif məhdudlaşdırıcı addımlar da istisna deyil.Artıq keçən ilin oktyabr ayında birinci böyük Günəş Elektrik Stansiyası istismara verildi və qrafik üzrə biz yaxın üç-dörd ilə bərpaedilən enerji növlərinin həcmini təqribən 3-4 min meqavat səviyyəsinə çatdıracağıq. Müqayisə üçün deyə bilərəm ki, bizim ümumi elektrik stansiyalarımızın potensialı hazırda təqribən 7-8 min meqavatdır və yeni stansiya da inşa edilir – 1200 meqavatlıq, yaxın zamanlarda istifadəyə veriləcək.İndi imzalanmış kontraktlar və anlaşma memorandumları 10 min meqavat istehsalı nəzərdə tutur. Ancaq mən hesab edirəm ki, bu 10 min meqavatla bizim işimiz kifayətlənməyəcək, çünki potensial həddindən artıq böyükdür.
Fikrət Doluxanov: Cənab Prezident, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi baş tutdu və mərasimdə “Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır” fikri bir daha səsləndi. Eyni zamanda, Sizin bu layihələrin həyata keçirilməsində xüsusi rolunuz bir daha vurğulandı. Bu gün Azərbaycanın Avropa üçün rolunu və gələcəyini necə qiymətləndirirsiniz? 
Prezident İlham Əliyev: Bu, vacib mərasim idi və mənim orada iştirakım, əlbəttə ki, Azərbaycanın artan rolunun təzahürüdür. Çünki bu, təbii ki, Azərbaycan qazından söhbət gedir və Serbiya Azərbaycan qazını alan sayca səkkizinci ölkədir. Bu vaxta qədər Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İtaliya, Rumıniya, Macarıstan artıq bizim qaz sistemimizə qoşuldu, müxtəlif interkonnektorlar da yaradıldı və bütün bu interkonnektorların təkanverici qüvvəsi Cənub Qaz Dəhlizi olmuşdur. Çünki əgər biz vaxtilə bu təşəbbüslə çıxış etməsəydik və nəinki təşəbbüslə, əgər bunu həyata keçirməsəydik, təbii ki, bu gün hər hansı bir interkonnektordan söhbət gedə bilməzdi.
Tələbat var və artacaq, resurslarımız var, “Şahdəniz” qaz yatağı dünyanın ən böyük qaz-kondensat yatağıdır. Keçən il başlamışdır, amma bu il artıq 1,5 milyard kubmetr qaz “Abşeron” qaz yatağından çıxarılacaq. Bu, əlavə resursumuzdur. Ondan sonra, ümid edirəm ki, hər halda qarşıya belə vəzifə qoyulub, bu ilin sonuna – dekabr ayına qədər “Azəri-Çıraq-Günəşli” yatağında “Dərin qaz” adlandırılan layihə çərçivəsində də ilk qaz əldə olunacaq. Orada da potensial çox böyükdür.
Bizim digər layihələrimiz və “Abşeron” qaz yatağının ikinci fazası – bu barədə də qərar qəbul edilməlidir, yəni, investisiya qərarı. Bu qərar qəbul olunarsa, əminəm ki, olunacaq, “Abşeron”da illik hasilatın həcmi 5 milyard kubmetr təşkil edəcək. Yəni, bu, çox əhəmiyyətli rəqəmdir. Ondan başqa, “Şəfəq”, “Asiman”, “Ümid”, “Babək”, “Naxçıvan”, “Qarabağ” – bütün bu yataqlarda bu gün hazırlığa doğru işlər gedir və onların da resurs bazası kifayət qədər böyükdür. Yəni, mən vaxtilə deyəndə ki, 100 il bundan sonra da Azərbaycan tərəfdaşlar üçün önəmli tərəfdaş olacaq, bunu nəzərdə tuturdum və bu gün bu reallaşır. 
Mirşahin Ağayev: Cənab Prezident, Sizə bayaqdan diqqətlə qulaq asıram, belə baxanda Fransa güclü dövlətdir, nüvə dövlətidir. Biz onlara Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının sədri olduğu dövrdə nəinki uduzmadıq, hətta qalib gəldik.Niyə onların Azərbaycana gücləri çatmır, bir qadından acığını çıxırlar, özü də qadının heykəlindən? Əməkdaşlarımız Fransada olublar, Natəvanın heykəlinə bükülmüş örtüyü qaldırıblar. Görüblər ki, onu boyayıblar. Nədir onları belə zəif edən və nədir Sizi belə güclü edən?
Prezident İlham Əliyev: Mən hesab edirəm ki, gücümüzün əsas mənbəyi haqlı olmağımızdır. Çünki biz haqlıyıq və istənilən auditoriyada, istənilən tədbirdə öz haqlı olmağımızı sübut etmək üçün kifayət qədər əsaslarımız var. Qarabağ məsələsində biz tamamilə haqlıydıq və heç kim bizi bu haqdan məhrum edə bilməz.Əgər biz müstəqil ölkəyiksə, nə üçün kiminsə sözü ilə oturub-durmalıyıq? Onda gəlin, müstəqil ölkə olmayaq. Əgər kimsə hesab edirsə ki, bizi idarə edəcək, səhv edir, yenə haqsız odur. Belə cəhdlər olub. Son vaxtlar daha yoxdur. Çünki artıq görüblər. Amma olub. Biz heç bir ölkənin daxili işlərinə qarışmırıq, heç vaxt qarışmamışıq. Nə qədər məkrli planlar qurulub bizə qarşı. Siz bunların hamısını yaxşı xatırlayırsınız. Hələ 1990-cı illərin əvvəllərində bizə qarşı əsassız 907-ci düzəliş qəbul edilmişdi. Nəyə görə? Guya ki, biz Ermənistanı blokadada saxlayırıq. Axı, bizim torpaqlarımız işğala məruz qalıb, biz necə blokadada saxlaya bilərik? O vaxt hələ Heydər Əliyev hakimiyyətə gəlməmişdi, o vaxt Qərbin təqdir etdiyi dırnaqarası demokratik hakimiyyət Azərbaycanda var idi. Görün o vaxt anti-Azərbaycan hisslər nə qədər geniş vüsət almışdı və ondan sonra biz nə qədər belə əsassız ittihamlara məruz qalmışdıq. Tamamilə əsassız.
İndi yenə də deyirəm, bizi ittiham edirlər ki, biz Ermənistana hücum etmək istəyirik. Mən bunu artıq demişəm, bir daha deyirəm tam səmimiyyətlə, istəsəydik girərdik, lap axıra qədər gedərdik. Cermuk şəhəri – bizim keçmiş əsl adı İstisu olan şəhər gözümüzün qabağında idi. Kim idi bizi saxlayan? Bizim niyyətimiz yox idi. Bizim niyyətimiz sərhədimizi mühafizə etmək idi. Elə təpələr əlimizdə olmalı idi ki, biz ermənilərin planlarını gözümüzlə görək. Bu mövzu ilə bağlı bir qərbli qonağımla söhbət əsnasında mənə dedi ki, axı sizin peykiniz var, siz peykdən də görə bilərsiniz. Deyirəm, mənim peykim mənim gözlərimdir. Mən gözlərimlə görməliyəm. Bir dənə də nahaq iş görməmişik, bu əsasdır, əsas amildir. İkincisi də gücümüz, cəmiyyətimizin birliyi, xalqımızın birliyidir və bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Birmənalı sizə deyirəm. Çünki bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri qabağa göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən. Ölümə gedirdilər, siz yaxşı bilirsiniz.
Rövşən Məmmədov: Cənab Prezident, müsahibəyə görə təşəkkür edirik və gələcək fəaliyyətinizdə, xüsusən də yeni missiya uğrunda fəaliyyətinizdə hər birimiz adından Sizə uğurlar arzu edirik, minnətdarıq.

Şəfəq İbişova

Suraxanı rayonu, 76 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti