İcra başçısı prezidentə yalan məlumat verib?

 

İcra başçısı prezidentə yalan məlumat verib?

 


 

Pambıq yığımından hər gün 100 manat qazanan ailə varmı?

 

Prezident İlham Əliyevin Ağdam və Ağcabədi rayonlarına səfəri ilə bağlı yayılan məlumat və süjietlərdə əksini tapan bir məqam hələ də müzakirə mövzusu olaraq qalmaqdadır. Bu məqam isə ondan ibarət idi ki, Ağcabədi rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov pambıq yığımı ilə dövlət başçısına məlumat verərkən bildirib ki, bir ailədən 5 nəfər tarlaya çııxb adambaşına 100 kiloqram pabmıq yığırsa, gün ərzində 100 manat qazanmaq deməkdir. Bu rəqəmi isə ayın və ilin günlərinə vuranda, bir ailənin yalnız pambıq yığımından gəlirinin ay ərzində 3 min manat,il ərzində 36 min manat təşkil etdiyi ilə bağlı fikirlər səsləndirildi. Məlum olduğu kimi pambıq yığımı bir ay, ən geci ay yarım çəkir. Hazırda ölkədə pambıq yığımı əsasən maşınlar vasitəsilə həyata keçirilir. Digər tərəfdən hazırkı dövrdə becərilən pambıq sortunun özəlliklərindən biri də onun sovet dövründə istehsal olunan pambıqdan yüngül olmasıdır. Belə ki, eyni həcmdə iki pambıq sortunun çəkisi arasında ciddi fərq var. Sovet dövründə pambıqçılıq təsərrüfatlarına rəhbərlik etmiş şəxslər bildirirlər ki, hazırda gün ərzində 8 saat işləməklə 60-70 kiloqramdan artıq pambıq yığmaq faktiki olaraq mümkün deyil. Əlbəttə, 19-20 saat ərzində 100 kiloqram pambıq yığmaq olar, ancaq bunu bir gün, ən yaxşı halda isə iki-üç günə etmək olar. Buna görə də icra başçısının bir ailənin pambıq yığımından hər gün 100 manat qazanması haqqında məlumatı ictimaiyyət tərəfindən dövlət başçısına verilən yanlış məlumat kimi dəyərləndirilib.

İqtisadçılar isə hesab edir ki, pambığın əllə yığılmas məhsulun 15-20 faizinin itgiyə getməsinə səbəb olur ki, bu da rentabelliyi aşağı salır. Ona görə də pambığın əllə yığılması qeyri-effektiv yol hesab olunur. Digər tərəfdən bir insanın pambıq toplama bacarığı təqribən 25 kiloqram hesab olunur. Pambığın ən çox becərildiyi ölkələrdə, Özbəkistanda, Çində, Misirdə, Hindistanda belə statistikalar mövcuddur.

Beləliklə də istər mövcud olan statistika, istərsə də reallıqlar bir insanın hər gün 100 kiloqram pambıq yığa bilməsinin faktiki mümkünsüzlüyünü göstərir.

Ağcabədi rayonundakı mənbəmiz isə burada təəccüblü heç bir hal olmadığını qeyd edir. Mənbəmiz bildirir ki, Ağcabədi rayonunda Saat qülləsinin tikildildikdən sonra  Rayon İcra Hakimiyyəti tərəfindən açıq tender elan edilməsi fonunda adambaşına 100 kiloqram pambıq yığıan beş nəfərlik ailənin 100 manat qazanması haqqında məlumatda təəccüblü heçnə yoxdur. Yeri gəlmişkən qeyd edək ki, Saat qülləsi ilə bağlı rəsmi dövlət xəbər agentliyi və iqtidar mətbuatında yer alan tender elanında Ağcabədi şəhərindəki Heydər Əliyev prospektində inşaası nəzərdə tutulan Saat qülləsinin tikintisi ilə tenderdə iştirak etmək üçün müvafiq sənədləri oktyabrın 17-dək Ağcabədi Rayon İcra Hakimiyyətinə təqdim etmək təklif olunurdu. İddiaçıların təkliflərində isə oktyabrın 19-u Rayon İcra Hakimiyyətinin inzibati binasında açılacağı qeyd olunurdu. Redaksiyamıza daxil olan məlumat və foto isə tender haqqında elanın yayıldığı günlərdə həmin Saat qüləsinin artıq hazır olduğunu təsdiq edirdi. Çox maraqlıdır ki, Saat qüləsi ilə bağlı saxtalaşdırma üzə çıxdıqdan sonra da Ağcabədi Rayon İcra Hakimiyyəti hər hansısa açıqlama ilə çıxış edib, bu məsələyə aydınlıq gətirmədi. İndi də icra başçısı Şahin Məmmədov dövlət başçısına bir ailənin pambıq yığımından hər gün 100 manat qazanması haqqında məlumatın hansı statistik məlumata əsaslandığına aydınlıq gətirməkdən yayınır. Bu isə ictimaiyyətdə yanlış təsəvvürlərin yaranmasına səbəb olur. Eyni zamanda müxalifətin belə məqamlardan sui-istifadə edib dövlət idarəçiliyinin qeyri-effektivliyi haqqında təsəvvürlər yaratması da belə görünür ki, məmurları narahat etmir. Ancaq belə məqamlar ən azından dövlət idarəçiliyinin sinir nöqtələri olan orqanların məsul əməkdaşlarını narahat etməlidir. Çünki, belə məqamlar dövlət başçısının ictimai rəydəki imicinə neqativ təsir edir. Bu mövzu ətrafında araşdırmalarımızı davam etdirməyə çalışacağıq. Mövzu ilə bağlı Ağcabədi rayon İcra Hakimiyyətinin rəsmilərinin də mövqeyini dinləməyə hazırıq. Əlbəttə onların deyiləcək sözü varsa...

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti