Elçin Tağızadənin “Sülh-M.B.Elton” əməliyyatı

 

 Səbail rayonu üzrə yerli və mərkəzləşmiş xərclərdən maliyyələşən büdcə təşkilatlarının kassa icrasını həyata keçirən 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadənin  işbazlarla əlbir olaraq bəzi müammalı maliyyə əməliyyatları keçirməsi haqqında redaksiyamıza məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Səbail rayonu ərazisində abadlıq işlərinin görülməsi ilə bağlı bir maliyyə əməliyyatı həyata keçirilib. Guya ki, Elton Qurbanova məxsus, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsi ev 71, mənzil 33-də yerləşən "Sülh-M.B.Elton” Məhdud Məsuliyyətli Cəmiyyəti Səbail rayonu ərazisində abadlıq işləri həyata keçirib və bunun müqabilində 236 min manat büdcə vəsaitinə sahiblənib. Məlumatlı mənbə isə iddia edir ki, "Sülh-M.B.Elton” Məhdud Məsuliyyətli Cəmiyyəti heç bir maddi–texniki bazası olmayan bir şirkətdir və onun hansısa abadlıq işlərinin həyata keçirməsinə inanmaq mümkün deyil.  Mənbə bildirir ki, Bakı şəhərinin Nizami rayonununeyni küçəsində, Rüstəm Rüstəmov küçəsində qeydiyyatda olan iki şirkətlə keçirilən maliyyə əməliyyatları da şübhə doğurur. Mənbə bildirir ki, Bakı şəhərində xüsusi geyim istehsal edən şirkətlərin mövcudluğuna baxmayaraq Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi təxminən 200 min manatı xüsusi geyim, inventar və avadanlıqlar üçün Nizami rayon, Rüstəm Rüstəmov küçəsi, ev 74-də qeydiyyatda olan və Şahmar Salmanovun direktor olduğu "Sirr-7” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürüb. Mənbə bildirir ki, bu əməliyyat Elçin Tağızadənin rəhbərliyi altında həyata keçirilib. Ötən il Elçin Tağızadə Səbail rayonu, 20-ci sahə ərazisində Su İdmanı Sarayının inşası dövlət ehtiyacları ilə əlaqədar ərazidə yerləşən yaşayış və qeyri yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınması ilə bağlı daşınmaz əmlakın qiymətləndirilməsini də Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində qeydiyyatda olan "SİDQ-Co ltd” Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə etmişdi. Bu əməliyyat isə dövlət büdcəsinə təxminən 45 min manatdan artığa başa gəlmişdi. Mənbə bildirir ki, bu əməliyyatlar dərindən araşdırılsa, çox qaranlıq məsələlər üzə çıxa bilər. Buna görə də, bu məlumatlar ətrafında geniş araşdırma aparırıq. 9 saylı Xəzinədarlıq İdarəsinin rəisi Elçin Tağızadənin də mövqeyini öyrənməyə çalışacağıq.

 

A.Eminov



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}