Yüksəlmək üçün gərək kimisə alçaltmayasan

Yüksəlmək üçün  gərək kimisə alçaltmayasan

 


 

"Borçalı” İctimai Birliyinə ümidlə baxanlardan, soydaşlarımız naminə faydalı işlər gözləyənlərdən üzrlər diləyirəm ki, hələlik bu ümidləri layiqincə doğlulda bilməmişik. Lakin az da olsa müəyyən işlər görülüb – Borçalıdakı təhsil problemləri ilə, Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasdında Borçalıların verdiyi töhfələrlə bağlı səviyyəli tədbirlər keçirmiş, Gürcüstandakı azərbaycandilli məktəblərə dərslik göndərilməsi kampaniyasının təşkilatçısı və bilavasitə iştirakçısı olmuşuq. 
2016-cı ildə yenidən formalaşdırmağa çalışdığımız Birlikdə sədrin istefa verməsi, maliyyə sıxıntısı üzündən fəaliyyətsizlik (istefanın əsas səbəblərindən biri də bəlkə elə bu idi) və fəaliyyətsizlik üzündən İdarə Heyəti üzvləri arasında yaranan qarşılıqlı ittihamlar gərgin bir vəziyyətin əmələ gəlməsinə rəvac verib. Bir şeyi unutmaq olmaz: hamının öz həqiqəti var, fəqət həqiqət birdir! İnsan gərək hər bitirdiyi günü son günü kimi yaşamağı bacarsın. O zaman həyatda nə etmişiksə, ona sevinərik, qane olarıq, edə bilmədiklərimizə görəsə çox da təəssüflənməyə dəyməz. Deməli, nə qədər yaşamağımız şərt deyil, əsas məsələ necə yaşamağımızdır. 
Qırx ildən artıqdır ki, mən mətbuatda çalışıram. Mənimlə həmyaş olan həmkarlarım sovet dönəmində jurnalistlərin fəaliyyətini yaxşı xatırlayırlar. Xalqa, geniş oxucu kütləsinə çatdırmaq istədiyimiz bir kəlməni, bir fikri, Allah bilir, hansı donlara geyindirirdik ki, senzura duyuq düşməsin. Bu bir həqiqətdir ki, söz oynatmağı öyrənmək qılınc oynatmağı öyrənməkdən daha çətindir. Hörmətli xalq yazıçımız Anarın "insanlar əziyyətlə gecə-gündüz işləyirlər, lakin qazancları boğazlarını güclə görür, ölkədə nə haqq var, nə ədalət” fikrini xalqa çatdırmaq üçün baxın, hansı ədəbi priyomdan istifadə edir. Qəzet köşkündə işləyən satıcı ilə arasında təxminən belə bir mükalimə başlanır:

- "Pravda” var?
- Yox.
- "Kultura” var?
- Yox.
- "Trud” var?
- Var!
- Eh, elə trud, trud... o birilər bəs niyə yoxdur?”

İndi, qardaşlar, azad cəmiyyətdə yaşayırıq. İstədiyimiz sözü deyə və istədiyimiz yerdə çap etdirib oxuculara çatdıra bilirik. Fərq ondadır ki, o vaxtlar çox düşünüb az yazırdıq, indi isə az düşünüb çox yazırlar.
Azərbaycanımızın, eləcə də Borçalının hər bir bölgəsi insanlarının xarakterinə, adət-ənənəsinə görə həmişə digər bölgələrdən fərqlənib. Eləcə də Borçalı bütövlükdə öz dəyərləri ilə türk aləmində seçilib. Əsrlər boyu bu bölgə daim yadellilərin mübarizə, cəng meydanına çevrildiyindən insanları daha mübariz, daha vüqarlı, daha barışmaz olublar. Sovetlər dönəmində də Borçalılar halal zəhmətlə çalışıb və özləri üçün yaxşı gün-güzəran yaradıblar. Əlbəttə, məişət insan mənəviyyatını formalaşdıran əsas faktorlardan biri olduğu üçün borçalılar əzm və əzəmətləri ilə olduqları yerlərdə xüsusilə seçiliblər.
Bu dəyərlər mövcud siyasi-iqtisadi vəziyyət ucbatından nisbətən deqradasiyaya uğrayıb. Ancaq Borçalını təmsil edən yaşlı nəsil hər yerdə çalışıb ki, ən azından əxlaqi-mənəvi dəyərləri qorusun. "Borçalı” İctimai Birliyində toplaşanlar da inanıram ki, bu dəyərləri aşınmaqdan qorumaq istəyənlərdir.
Ağsaqqal sözü türk aləmində həmişə qanun səviyyəsində qəbul olunub. Lakin indi nə ağsaqqal özünü ağsaqqal kimi aparır, nə də qarasaqqal ağsaqqala hörmət-izzət göstərir. Ya zəhər kimi sözlər işlədib qarşısındakını əzib məhv etməyə çalışırlar, ya da bəlağətli, gözəl sözlər işlətməyə, oxucunu, dinləyicini aldatmağa, ələ almağa çalışırlar. Ancaq unutmayın ki, gözəl sözlər həmişə heç də doğru olmur. Belə bir atalar sözü var: "İstədiyini söyləyən istəmədiyini eşidər.”
Mən ad çəkib ehtirasları yenidən qızışdırmaq niyyətində deyiləm. Sosial şəbəkələrdə "Borçalı” İctimai Birliyinin bəzi üzvləri arasında gedən qızğın polemika (başqa bir sərt ad da vermək olar…) bütün əxlaq normalarına meydan oxuyur. Həzrəti Əlinin belə bir kəlamı var: "Söz dərman kimidir – azı xeyirli, çoxu zərərlidir.” Lakin biz bu söz savaşında elə kəskin ittihamlar, böhtanlar, ədəbi-mədəni, etik-əxlaqi cəhətdən elə təhqirlər eşidirik ki, bu sözlərin hər birinə görə məhkəmə müstəvisində dartışmaq olar! Koroğlu tüfəng icad olunanda demişdi: "Daha qurtardı mənim dövranım. Bəlkə qılıncı qoyum qınına?!” Qardaşlar, bu gün kompüterin klaviaturasını azca işlətməyi bacaran ən cahil insanlar belə kimdənsə hayıf almaq, el içində xar etmək yanğısı ilə ağzına gələni üyüdüb tökür. Sizlərə görə peşəkar jurnalistlərin, yazıçıların çoxu abrına qısılıb söz deyə bilmir. Bəlkə onlar da qələmlərini qınına qoysunlar?
Borçalıda milli münaqişələrin qızışdığı dövrlərdə minlərlə insanın haqq səsini yüksək tribunalardan dünya ictimaiyyətinə çatdıran, öz qələminin qüdrəti ilə milli qarşıdurmaları ram etməyə çağıran, öz şəxsi mənəvi keyfiyyətləri ilə dostluq, qardaşlıq körpüsü yaradan ictimai xadimlərimiz, qüdrətli qələm ustalarımız bu gün bir sıra cahil insanların, sözünün çəkisini bilməyən, məsuliyyətini dərk etməyən, cümləsinin əvvəlini-axırını yığışdıra bilməyən sosial şəbəkə "bülbüllərinin” təhqirlərinə məruz qalır.
Hamı böyük görünmək istəyir, ancaq böyük ola bilmir. Yüksəlmək üçün gərək kimisə alçaltmayasan. Ətrafındakıları sənin durduğun yerdən seyr eləmə, onları durduqları yerdən görməyə çalış. Onların durduqları yerə yüksəlmək üçünsə o zirvəyə öz izini açmalısan. Başqalarının izi ilə gedən iz qoya bilməz. Kiməsə dərs keçməyə, kimisə öyrətməyə çalışan əvvəlcə özü öyrənməlidir. Özü öyrənməyən necə öyrədə bilər?

Şərif Kərimli,
"Borçalı” İctimai Birliyinin həmtəsisçisi,
yazıçı-publisist


 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}