“Rüşvətə əncam çəkilsə, pis olmaz…” –BDU-nun tələbələri yeni rektordan nələr gözləyir?

“Rüşvətə əncam çəkilsə, pis olmaz…” –BDU-nun tələbələri yeni rektordan nələr gözləyir?

 

Abel Məhərrəmovun BDU-nun rektoru vəzifəsindən azad edilməsindən sonra bu təhsil müəssisəsinə yeni rəhbərin təyin olunması müzakirə olunan əsas mövzulardandır.

BDU tələbələri təyin ediləcək yeni rektordan gözləntiləri barədə Kult.az-a danışıblar.

III kurs tələbəsi Ümid Oruc: "Əvvəlcə təhsilin düzgün strukturda qurulması məsələsi müzakirəyə çıxarılsın. İkincisi, yeni rektor universitetimizin adda olub, realda əməl edilməyən bolonya sisteminin tam prinsiplərinə əməl edilməsinə nəzarət edən komissiya yaratsın. Qaib, kəsir və bu kimi şeylər olduqca BDU-nun adı rüşvət alan təhsil müəssisələri sırasında həmişə öndə olacaq. Rektorun qəbul günləri çoxalsın. 20 mindən çox tələbəsi olan bir universitetdə həftənin 2 günü (təxmini 3 saat) rektorun qəbul günü olması çox gülünc vəziyyətdir. Və ən nəhayət, elə şərait yaradılsın ki, rektorun cangüdənə, xüsusi bir maşın mühafizəyə ehtiyacı olmasın. Biz bufetə gəlib bizimlə tort kəsən, bir stəkan çay içən rektoru daha çox sevərik, nəinki bizə həftənin 2 günü üçüncü mərtəbədən kamerayla baxan bir rektoru”.

II kurs magistr Zaur Cəfərov: "Mən istəyərdim ki, müntəzəm olaraq tələbələr arasında tez-tez anonim yazılı sorğular keçirilsin. Onların müxtəlif məsələlərlə bağlı problemləri, çətinlikləri, fikirləri və təklifləri öyrənilsin. Bundan başqa, BDU-da magistr dərslərini saat 12.00-a salıblar. Bir tərəfdən yaxşı olsa da, bir tərəfdən mənfi cəhəti var. Məsələn, əksər universitetlərdə, o cümlədən, bakalavr təhsili aldığım ADU-da dərslər axşam növbəsi başlayır. Bu da işləmək imkanı üçün tələbələrə olduqca əlverişlidir. İstərdim ki, BDU-da belə sistem tətbiq olunsun”.

IV kurs tələbəsi Naibə Məmmədova: "Yaşlı müəllimlərin cavan kadrlarla əvəz olunmasını istərdim. Bir müəllim artıq əmək fəaliyyətini yerinə yetirə biləcək durumda deyilsə, qalmasına ehtiyac yoxdur. Tənəffüs müddətinin artırılmasını, bəzi universitetlər kimi, dərs saatının 08.30-da deyil, 09.00-da olmasını istərdim. Rüşvətə əncam çəkilsə, pis olmazdı. Tələbələrlə tez-tez görüş keçirilməsini, istedadlı gənclərə maddi və mənəvi kömək olunmasını, onların öz biliklərini daha da artırması üçün xarici ölkələrə göndərilməsini görmək əla olardı. Rektor-tələbə dostluğunu, onun tələbələrin yanında olduğun görmək xoş olardı”.

IV kurs tələbəsi Ayşən Rəhimova: "Rektor əlçatan olmalıdır. BDU-da tələbələr rektorun qəbuluna düşə bilmək üçün 3-4 qapı keçməlidir, amma çox vaxt elə birinci qapıdan "kəsilirlər”. Ümid edirəm ki, yeni rektorla bu hallar yaşanmaz. Bundan başqa, müəyyən fənlərdə test üsulu ilə imtahana keçid edilməlidir. Ehtiyac olarsa, praktik imtahanlar da məqsədəuyğun olar. Yoxsa bizim kimi: informatikanı semestr ərzində lövhədə kompüter ekranının şəkillərini çəkərək keçmişdik, imtahanı da yazılı vermişdik. Bu, sadəcə gülməlidir”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}