Əli Həsənova qarşı ikinci hücum

Əli Həsənova qarşı ikinci hücum

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi-Prezident Adminstarsiyasının şöbə müdiri Əli Həsənova qarşı yeni kompaniya başlayıb. İlk kompaniya bir qədər əvvəl başlamışdı və həmin kompaniya bir qədər üstüörtülü şəkildə aparıldığı üçün ictimaiyyətin diqqətini geniş şəkildə cəlb etməmişdi. Xatırlatmaq istərdik ki, bir müddət əvvəl ABŞ mətbuatında Azərbaycan hakimiyyətinin əleyhinə məqalələr dərc edilən zaman bəzi iqtidar təmsilçiləri Əli Həsənovun həmin yazılarla bağlı ciddi şəkildə əsaslandırılmış mövqeyinin tamamilə əksini yazılar dərc etdilər. Oxucuların diqqətinə çatdırmaq istərdik ki, o zaman Əli Həsənov ABŞ-ın bəzi qəzetlərində Azərbaycan hakimiyyəti əleyhinə dərc etdiyi məqalələri həmin mətbuat orqanlarının mövqeyini onların əsası olmayan informasiyalar (feyk informasiyalar) əsasında yazılar dərc etməsi ilə əsaslandırmışdı. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da dəfələrlə ABŞ-ın bir sıra media orqanlarını əsası olmayan məlumatlar yaymaqda  ittiham edib. Trampın feyk xəbərlər yaymaqda ittiham etdiyi media orqanları da bir sıra hallarda əsası olmayan informasiyalar yaymalarını etiraf etmək məcburiyyətində qalıblar. Əli Həsənovun bu mövqeyinə qarşı o zaman bəzi iqtidar mətbuatında ABŞ mediasında dərc olunan məqalələri Vaşinqtonun rəsmi Bakıya qarşı mövqeyi kimi təqdim etmək cəhdlərinə rast gəlindi. O zaman məlum oldu ki, Bakının ictimai-siyasi dairələrində bəzi qüvvələr Əli Həsənova qarşı gizli də olsa mübarizə aparırlar.

İndi isə belə görünür ki, həmin mübarizə açıq müstəviyə keçir. Bu prosesdə isə deyəsən əsas vəzifə müxalifət mətbuatının və müxalif mövqeli yazarların üzərinə qoyulub. Bu mənada "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin Əli Həsənovun ünvanına səsləndirdiyi ittihamlar xüsusilə diqqəti cəlb edir. Mehman Əliyev heç bir mənbə, əsas göstərmədən Əli Həsənovu Baş prokuror Zakir Qaralovla birlikdə onun həbsini təşkil etməkdə ittiham edir. Peşəkar jurnalist olan Mehman Əliyev də bilir ki, əsası olamayan belə xəbər səbəb olmadan gündəmə gətirilmir. Deməli, peşəkarlığına şübhə etmədiyimiz Mehman Əliyevi belə əsassız fikir səsləndirməyə vadar edən səbəb var. Bu səbəb isə fikirimizcə Əli Həsənova qarşı bəzi qüvvələrin kompaniya aparmaqdan hələ də yorulmaması, ölkənin president seçkisi ilinə qədəm qoymasından istifadə edərək həmin kompaniyanı yeni müstəviyə keçirmək cəhdləri ola bilər.

Peşəkar jurnalist olan Mehman Əliyevin həbsi və "Turan” İnformasiya Agentliyi ətrafında bir qədər əvvəl baş vermiş hadisələri ciddi araşdırılsa həmin vəziyyətin yaranmasına imkan verən sabiq vergilər naziri Fazil Məmmədovun həmin zaman hansı oyunlar oynadığını aşkara çıxara bilər. Ancaq görünür Mehman Əliyevin məqsədi bu deyil.

Əlbəttə, Azərbaycanda dövlətin media siyasətini müəyyən edən və həyata keçirən əsas rəsmilərdən biri kimi Əli Həsənovu milli mətbuatımızda mövcud olan nöqsanlara görə tənqid etmək olar. Cəmiyyətin bütün digər sahələrində olduğu kimi milli mətbuatımızda nöqsanlar mövcuddur. Bu nöqsanlar daima olmasa da, hələ uzun müddət olacaq.

Ancaq bu nöqsanlar imkan vermir ki, ağa qara deyəsən, insanları ittiham edəsən. Belə ittihamlar heç kimə başucalığı gətirmir. Söhbət Azərbaycan mətbuatının ən peşəkar isimlərindən birindən gedən də, isə acı təəssüf hissi doğurur.

Çox yaxşı olardı ki, Mehman Əliyev kimi peşəkar jurnalistlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı hansı işlərin görülməli olmasından, bu istiqamətdə hakimiyyətin siyasətində olan çatmamazlıqlardan, Prezidentin mətbuatın inkişafına ayırdığı pulların medianın inkişafına səbəb olmamasının səbəbləri ilə müzakirələr açsınlar. Belə müzakirələr həm iqtidarın, həm də mətbuatın xeyrinə olardı. Bunun əvəzində biri-birini əsassız ittihamlar  etmək isə, heç kimə xeyir gətirməz.

Arzuman  Loğmanoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}