Müstəqilliyin əleyhdarı müstəqil dövlətin məmuru ola bilərmi?

 


 

Ötən həftə, oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyinin 26-cı ildönümü tamam oldu. Düz 26 il öncə – 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında” Konstitusiya Aktını qəbul etdi. O zaman Dövlət Müstəqilliyimizin leyhinə Ali Sovetin 360 deputatından 258-i səs verdiyi halda, 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verdi. Bu yalnız hansısa qanunvericilik aktının əleyhinə səs vermək demək deyildi. Bu Azərbaycan xalqının müstəqil dövlət qurmaq istəyinə qarşı çıxmaq, xalqımızın döyüş səngərlərində və meydanlarda 1988-ci ildən başlatdığı azadlıq mübarizəsinin əleyhinə getmək, ona qarşı çıxmaq idi. 1991-ci il Azərbaycan xalqının tarixində sıradan bir il deyil. Bu ilin xalqımızın tarixindəki yerini 1918-ci il ilə müqayisə etmək olar. Əgər1918-ci ildə o zaman respublika elan olunmasaydı xalqımızın taleyi necə dəhşətli olacağını indi təsəvvür etmək belə mümkün deyil. Həmin tarixdən yüz ilə yaxın vaxt keçir. Bu yüz ildə neçə-neçə xalqın müstəqillik uğrunda mübarizə apardığını, ancaq buna nail ola bilmədiyinin bu gün də şahidi olmaqdayıq. Bu xalqların müstəqilliklərinin əleyhinə öz içərilərindən də əks çıxanlar olub-olmadığını bilmirik. Ancaq Azərbaycan xalqının müstəqilliyinin əleyhinə çıxanlar var və çox maraqlıdır ki, onlar bu gün də yüksək vəzifə tutmaqda davam edirlər. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da belələrindəndir. Bu şəxs 1991-ci ildə çox asanlıqla Azərbaycan xalqının müstəqilliyinin əleyhinə səs verdiyi kimi, 1996-cı ildə isə müstəqil dövlətin parlamentinin ilk çağrışının deputatı da ola bilir. Eyni zamanda Əli Həsənov 1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifəsinə də sahiblənir. Əli Həsənov 1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Göründüyü kimi Əli Həsənov müstəqilliyin əleyhinə olsa da, ondan ən çox yararlanan şəxslərdən biridir. O qədər yararlanıb ki, 22 yaşında nəvəsi Nail Allahverdiyevin bir neçə milyonluq maşın kolleksiyası da yaradıb.

Əli Həsənov 26 il əvvəl Azərbaycan xalqının müstəqillik mübarizəsinin əleyhinə getməkdən çəkinmədiyi kimi, bu gün ictimaiyyətin rəyinə də qiymət vermir. Əgər belə olmasaydı, nəvəsi Nail Allahverdiyev iki nəfərin ölümü, iki nəfərin ağır yaralanması ilə nəticələn ağır qəza törətdikdən sonra istefa verməli idi. Xüsusilə də qəzanın prezident İlham Əliyevin məmur övladlarının davranış qaydaları ilə bağlı xəbərdarlıqlarından sonra baş verməsi Əli Həsənovun istefasını qaçılmaz edirdi. Ancaq Əli Həsənov bütün çağırışlara baxmayaraq istefa verməkdən yayındı.

26 il əvvəl müstəqilliyin əleyhinə səs verən Əli Həsənov həm də məcburi köçkünlər üçün inşa edilən yaşayış evlərinin tikintisi ilə bağlı məlumatların açıqlanması ilə bağlı ictimaiyyət nümayəndələrinin çağırışlarına da məhəl qoymur. Bu isə ictimaiyyət nümayəndələrinin Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun Müşahidə Şurasının üzvü, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri cənab Furio De Ancelisə, Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun Müşahidə Şurasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi cənab Qulam M. İsakzaiyə və Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun Müşahidə Şurasının üzvü, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycandakı Nümayəndəliyinin direktoru xanım Mikaela Meredisə müraciət etməsinə səbəb olur.

Müraciətdə qeyd edilir ki, Müşahidə Şurasının üzvü olduğunuz Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə məcburi köçkünlər üçün yeni yaşayış qəsəbələrinin və məhəllərinin salınması prosesində korrupsiyaya və rüşvətxorluğa yol verilməsi ilə bağlı Azərbaycan mətbuatında dərc olunan məlumat və fikirlər, cəmiyyətdə bununla bağlı çoxsaylı məlumatların dolaşması və ən əsası bunların əsaslı şəkildə təkzib olunmaması Sizlərin timsalında BMT və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi kimi nüfuzlu qurumların da Azərbaycan cəmiyyətində nüfuzuna kölgə salır.

Bu müraciətlə bağlı hal-hazırda ölkə ictimaiyyəti tərəfindən bəzi addımlar atılması ilə bağlı məlumatlar var. Bu məlumatları və eləcə də Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişi ilə məcburi köçkünlər üçün Tərtər rayonunda inşa edilən yaşayış məhəlləsi ilə bağlı redaksiyamıza daxil olan məlumatları araşdırmağa davam edəcəyik.

Arzuman LOĞMANOĞLU,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti