Angela Merkelin ölkəmizə səfəri zamanı nələr müzakirə olunacaq? - İQTİSADÇI ŞƏRHİ

Angela Merkelin ölkəmizə səfəri zamanı nələr müzakirə olunacaq? - İQTİSADÇI ŞƏRHİ

 

Vüqar Bayramov: "Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir"

"Almaniyanın Qafqaz siyasəti üçün AB ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi ciddi əhəmiyyət daşıyır"

Tanınmış iqtisadçı ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov Almaniya kansleri Angela Merkelin sabah Azərbaycana baş tutacaq səfərinə münasibət bildirib. Bu barədə sosial şəbəkədə yazan ekspertin sözlərinə görə, Angela Merkelin ölkəmizə səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir.

Almaniyanın Avropa Birliyində (AB) və o cümlədən, avrozonada aparıcı dövlət hesab olunduğunu qeyd edən ekspert bildirir ki, 3 trilyon 684 milyard dollar nominal ümumi daxili məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür: "1.4 trilyon dollarlıq ixracla isə Almaniya dünyada üçüncüdür. Dünya ikincisi olan ABŞ ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır. İkincisi, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trayektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyuluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər".

Vüqar Bayramovun fikrincə, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərsində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqların üstünlük təşkil edəcəyi gözlənilir: "Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən, Bakı səfəri qısa müddətli olsa da region üçün əhəmiyyətli hesab oluna bilər".

Vazeh BƏHRAMOĞLU,



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}