8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Rəsmi Bakı işğal faktının uzun müddətə qalmasına etirazını bildirir və torpaqların azad edilməsi kimi haqlı şərt irəli sürür, beynəlxalq vasitəçilər isə atəşkəs rejminə əməl edilməsindən və münaqişənin dinc yolla həllindən danışırlar.
Hər halda, bu kimi məsələlər Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuşlar" sırasında olmadığını da gündəliyə gətirir. Bu, həll edilməyən, yaxud beynəlxalq vasitəçilərin əməli yardımı olmayan, 26 ildir həllini gözləyən problemdir.
Son ayda Rusiya hökuməti təmsilçilərinin Bakıya səfərində də fəallıq müşahidə edilməkdədir.
Ötən gün Prezident İlham Əliyev Azərbaycana işgüzar səfərə gəlmiş Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunu qəbul edib. Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin uğurla keçdiyini vurğulayaraq səfər zamanı Azərbaycan və Rusiya prezidentlərinin görüşündə əlaqələrimizin geniş spektrini əhatə edən sahələrlə bağlı müzakirələr aparıldığını, o cümlədən hərbi və hərbi-texniki əməkdaşlığın uğurla reallaşdığını bildirib.
Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinin Azərbaycana səfərinin və səfər zamanı Azərbaycan Prezidenti ilə keçirdiyi görüşlərin ikitərəfli münasibətlərin, o cümlədən hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından önəmini vurğulayıb.
Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov avqustun 13-də Moskvanın Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları – 2016" yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.
Azərbaycan rəsmiləri, siyasi və ictimai təşkilatlarının təmsilçiləri xarici səfərləri, qatıldıqları tədbirlər və keçirdikləri görüşlərdə işğal altında olan torpaqlarla bağlı məsələni müzakirə edirlər.
Ehtimal etmək olar ki, Sergey Şoyqunun səfəri zamanı da bu məsələyə toxunulub.
Çünki Azərbaycanın Rusiya ilə hərbi-texniki sahədə əməkdaşlığından ən çox narahat olan Ermənistandır. Bununla bağlı Yerevandan yersiz itthamlar səslənməkdədir.
Yeri gəlmişkən, avqustun 16-da Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin müdafiə nazirlikləri təmsilçilərinin toplantısı keçiriləcək. Həmin iclasa S.Şoyqunun da qatılacağı haqda məlumat yoxdur.
Rusiya prezidenti Vladimir Putin Bakıya səfəri, habelə Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının yaradılması ideyası, Azərbaycanın işğal altında olan torpaqlarının, ilk növbədə 5 rayonun azad edilməsi məsələsi yenidən gündəliyə gəlib.
Azərbaycanın 5 rayonunun işğaldan azad edilməsi təklifi 20 ilə yaxındır müxtəlif səviyyədə dilə gətirilir. Hətta Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın prezidentliyi bu ideyanın qurbanı oldu.
Bir neçə aydır Ermənistanda ölkə prezidenti Serj Sarqsyana qarşı etiraz aksiyaları keçirilir. Yerevanda polis bölməsinə basqın edildi. Bir neçə polis əməkdaşının öldürüldüyü haqda məlumat yayıldı. Etiraz aksiyalarında Sarqsyanın istefası tələbi ilə yanaşı, Ermənistanın işğalı altında olan torpaqlardan geri çəkilməməsi kimi absurd ideya da səsləndirilir.
Bu aksiyalar hakimiyyətdaxili münasibətlərin aydınlaşması ilə yanaşı, Moskvaya da təzyiq kimi qiymətləndirilə bilər.
Ehtimal etmək olar ki, Azərbaycanın 5 rayonunun işğaldan azad edilməsinin reallaşması istiqamətində addımların atılmasına cəhd var.
Bu baxımdan Ermənistan və erməni lobbisi daha çox həmin rayonlar işğaldan azad edildikdən sonrakı mərhələyə indidən hazırlıq görür, yaxud Azərbaycan ərazisində ikinci erməni "dövləti"nin yaradılmasına təminat almaq niyyətindədir. Bunun üçün onlar guya həm Sarqsyana təzyiq edirlər, həm də Moskvaya qarşı ittihamlarla çıxış edirlər.
Azərbaycanın 5 rayonunun azad edilməsini erməni etnik qrupundan olan siyasətşünaslar da dəstəkləyirlər. Onlardan biri Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Andranik Miqranyandır. Onun sözlərinə görə, hazırda Fransa hökuməti Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyanın görüşünü hazırlayır. O, Qarabağ ətrafındakı rayonların Azərbaycana aid olduğunu və onların qaytarılmasının vacibliyini vurğulayıb: "Rusiya və ATƏT-in Minsk qrupunun həmsədrləri həmin əraziləri Azərbaycan torpaqları sayırlar".
Erməni professor Dağlıq Qarabağın bütövlükdə Azərbaycan torpağı olduğunu desəydi, obyektiv olduğunu göstərmiş olardı. Ancaq o, 5 rayonun qaytarılmasının vacibliyini vurğulamaqla Ermənistan cəmiyyətinə də bu torpaqların gec-tez geri qaytarılacağı mesajını verib.
Görünür, Ermənistanda həmin rayonların işğaldan azad edilməsi ilə bağlı ciddi problem var. Belə ehtimal etmək olar ki, ermənilərə Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməyəcəyi haqda havadarları böyük vədlər veriblər. Onlarda da torpaqların ermənilərə məxsus olması haqda cəfəng, xəstə rəy formalaşıb.
Sergey Şoyqunun Bakı səfərini də Ermənistan mətbuatı bu xəstə rəy fonunda dəyərləndirib. Onlar hesab edirlər ki, bu səfər Moskvanın Yerevana təzyiqidir.
Ancaq erməni dövlətinin üç dayaq – Ermənistandakı hakimiyyət, erməni lobbisi və Rusiya üzərində mövcud olduğu da sirr deyil.
Ona görə də, bu ölkədə baş verənlərin üç mənbədən qaynaqlandığı da istisna edilmir. Bu üçlüyün isə eyni xətdə durması elə də asan görünmür. Elə Rusiya müdafiə nazirinin Bakı səfərinin erməni mətbuatında dəyərləndirilməsi, Ermənistandakı etiraz aksiyaları buna əyani sübutdur.