8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Son 10 gün gündə ölkənin bəzi bölgələrində - şimal və şimal-qərb rayonlarında meşə və yaşayış massivlərində yanğınlar başladı. Bəzi yerlərdə alovun qarşısı artıq alınsa da, bəzi yerlərdə yanğınlar davam edir. Eyni zamanda bu günlərdə cənub bölgəsində də güclü yanğın baş verdi. Cəlilabadda Göytəpə bazarı yanıb kül oldu. Eyni gündə cənub sərhədinə yaxın ərazidə - Biləsuvarda ovçuluq təsərrüfatında da güclü yanğın oldu.Yanğınların səbəbləri barədə ekspertlər bildirir ki, istənilən halda bu, insan amili ilə bağlıdır. Yəni ya kimsə ocaq qalayır, yaxud restorandan od düşür və s. Həmçinin, havaların isti keçməsinin də yanğınları şiddətləndirdiyi bildirilir.Eyni zamanda bəzi ekspertlər təxribat variantlarına da diqqət çəkir. Belə ki, yanğınlar şimal və cənub bölgələrində - sərhədə yaxın ərazilərdə baş verdiyindən belə iddialar səslənməyə başlayıb ki, bunu xarici təxribatçı qruplar da edə bilər. Bunu Azərbaycanın geosiyasi üstünlüklərinin zəiflədilməsi cəhdi, Azərbaycana xəbərdarlıq kimi də dəyərləndirənlər var. Bu iddialarda həqiqət payı varmı? Yoxsa bu yanğınlarda hansısa siyasi məqsəd axtarmaq lazımsızdır və bu cür iddiaları ortaya atmağın özü məqsədlidir?
Hurriyyet.az-ın məlumatın agörə, hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, ölkə ərazisində bir-birini əvəzləyən yanğınları təsadüfi hesab etmir: “Azərbaycanda 50-55 dərəcə isti yoxdur ki, hər tərəf alışıb yansın. Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yerlərdəki qurumlarının yarıtmaz fəaliyyətinin nəticəsidir. Qəribə də görünsə, bu qurumlar ilin 365 gününü yola verməklə məşğul olurlar. Ən azı ilin yarısını ərazilərindəki təşkilatlarda, müvafiq qurumlarda, bələdiyyələrdə, icra strukturlarında, xəstəxanalarda maarifləndirmə işi aparmalıdırlar. Bundan başqa KİV-lərdə də yanğından mühafizə olunma yolları, yanğına qarşı mühafizə yolları haqda məlumatların yayılması təşkil olunmalıdır. Amma biz nə görürük? Yanğınlar ölkəni başına götürəndən sonra general-leytenant Etibar Mirzəyev xalqa müraciət edir. Toydan sonra nağara kimə lazımdır? Bu müraciət may ayına qədər olmalı idi. Əhaliyə xəbərdarlıq olunmalı idi ki, qarşıdan yay ayları gəlir, yanğın təhlükəsizliyi qaydalarına riayət olunmalıdır. Təlimlər keçirilməli, meşə zolaqlarına yaxın ərazilərdə yaşayan əhali ilə müvafiq iş aparılmalı idi. Sənəd üzərində bütün bunlar olub. Sənədlərə baxsaq, görülmüş işlərə bağlı hesabatlara həsəd apararıq. Reallıq isə bu gün gördüyümüz kimidir, ölkə alovun içindədir”.Üzeyir Cəfərov deyir ki, FHN Yanğından Mühafizə Xidmətinə işə qəbulda meyar peşəkarlıq deyil, dost-tanış olmaqdan keçir: “Araşdırılsa, bilinəcək ki, işə götürülənlərin 70 faizi dost-tanışlığa görə oradadır. Xidmətdə günləri nərd-domino oynamaqla keçir. Sumqayıtdakı Texnologiyalar Parkında
dəhşətli yanğın oldu. Yanğının qarşısını çox çətinliklə aldılar. Şabranda, Siyəzəndə, Xaçmazda yanğının qarşısının alınması kadrlarına baxırıq. Etibar Mirzəyev deyir ki, 800 nəfər şəxsi heyəti cəlb etmişik, yanğınla mübarizə aparırıq. Nə ilə cəlb etmisiz? Dezinfeksiya aparatları və bel ilə yanğın söndürürlər? Bir tərəfdən helikopterləri qaldırırlar, amfibiya təyyarə uçururlar, bu tərəfdən də ”lapatkalı" şəxsi heyəti çıxarırsan alovun qarşısına. O, nazirin dostu-tanışı ola bilər, amma bu işi bilmir. Necə ki, Gömrük Komitəsinə yığmışdılar eyni kənddən, eyni rayondan olanları, burada da dost-tanışı yığıblar. Belə iş görmək olmur. Yanğının qarşısına dost-tanışla çıxanda belə nəticələr olur".Üzeyir Cəfərov deyir ki, Yanğın Mühafizə Xidmətində baş verənlərdən sonra xidmət rəisi Füzuli Əsədov dərhal işdən çıxarılmalı idi: “Ölkədə yanğınlar baş verir, bu adamların başı nə işlərə qarışıb? Gizli video çəkirlər! Əlbəttə ki, belə münasibətlər sistemi olan xidmətdə iş olmaz. Adamların başı eyş-işrətə qarışıb. Rayonlarda maarifləndirmə işi niyə real olaraq aparılmır? Çünki işin başını buraxıblar, öz keflərindədirlər. 3 min şəxsi heyət əvəzinə 1500 nəfər saxlasınlar, əvəzində yanğınla mübarizə üçün müasir texnika alsınlar. Amfibiya təyyarələrin sayını artırsınlar. Qalan yanğınsöndürənlər gecə-gündüz məşq etməlidirlər. Daim hazır vəziyyətdə olmalıdırlar”.Üzeyir Cəfərov yanğının qəsdən törədilməsi ilə bağlı fikirlərə də toxunub: “Bəlkə ermənilər, Azərbaycanı istəməyən güclər ölkədə bu cür qarışıqlıq yaradırlar. Azərbaycanda xeyli ermənilər, onların qohumları yaşayır. Onlar da təşkil edə bilərlər. Yanğınların harada, nə vaxt başlamasını peyk vasitəsi ilə müəyyən etmək olar. Bunun üçün işə professional yanaşma olmalıdır. Biz isə bunu görmürük”.Üzeyir Cəfərov deyir ki, Zaqatala, Lerik, Gədəbəy, Xaçmaz, Quba rayonları meşələrlə zəngindir və bu rayonlarda yay aylarında gücləndirilmiş iş rejimi tətbiq edilməlidir: “Bayramda elan edirlər ki, gücləndirilmiş iş rejiminə keçirik. Guya gücləndirilmiş iş rejimində 1 vedrə əvəzinə iki, 1 bel əvəzinə ikisini götürürlər. Yaxalarında o qədər orden-medal asırlar ki, elə bil Şimali Koreyadan qaçıblar. İş əmsalı isə olduqca aşağıdır. Belə bir vəziyyətdə ölkənin hər tərəfinin yanması da təəccüblü olmamalıdır”.
Hurriyyet.az-ın məlumatına görə, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, bu gün dünyanın bir çox ölkələrində yanğınlar meydana gəlib: “Fransa, Portuqaliya, İspaniyada meşələrdə yanğınlar davam edir. Bu il xüsusi quraqlıq nəticəsində yanğınlar geniş əraziləri əhatə edir. Azərbaycan düşmənli dövlətdir deyə, Ermənistan və başqa qonşularımızın bizə düşmən meyqeyində olmalarına görə adi təbiət hadisəsində də gümanımız düşmənlərimizə gedib çıxır. Bəlkə onlar yandırır deyə düşünürük. Yanğınlarda, təbii ki, insan faktoru var. Mümkündür ki, təbiəti bəhanə edib kimsə, kiminləsə öz qəsdini, heyfiniərazisinə od vurmaqla çıxsın. Burada terror izi axtarmaq yersizdir. Mən şəxsən bu yanğınlarda Azərbaycana xəbərdarlıq edilməsi, çəkindirici amil kimi yanğından istifadə versiyalarına inanmıram. O dövlətlər ki, burada əlləri uzundur, müəyyən işlər görə bilərlər, yanğından çəkindirici faktor kimi istifadə etmələri ən son addımdır. Misal üçün Sürməli bazarında olduğu kimi olaylar törətmələri daha inandırıcıdır. Zamanında Azərbaycanda terror aktları, qətllər, siyasi qətllər törədilib. Bazarın, meşənin yanması çəkindirici faktorlar deyil”.Ekspert deyir ki, Azərbaycanda baş verən yanğınlardan əvvəl maarifləndirmə işi aparılmalı idi: “Qabaqlayıcı proflaktik tədbirlər görülməli idi. Bu işləri Fövqəladə Hallar Nazirliyi görməlidir. Lakin FHN-in başı da ayrıca qalmaqallara qarışıb. Nəticədə də ölkədə yanğınlar böyük əraziləri əhatə edir”.