Rüstəm Usubov 17 yaşlı gəncin qanını necə və neçəyə batırıb? – ŞOK İDDİA


Sentyabrın 3-də Nizami polisinin 24-cü PŞ-nin qıraqdan sifarişlə DİN -in zabit pensiyaçısını, 1-ci dərəcəli Qarabağ qazisini “işgəncə maşınından keçirməsi” illər öncə polisin törətdiyi daha bir qətli yaddaşlara gətirdi. Döyüş dostumuz Məhəd Tağı oğlunun 17 yaşlı qardaşı Rəşid Tağıyevi 17 noyabr 1995-ci ildə Xətai RPİ-nin 34-cü Polis Bölməsində elə döyüblər ki, qara ciyəri partlayıb və gənc dünyasını dəyişib. Cinayəti törədənlər gəncin ruhsuz bədənini bölmənin yanına atıblar.

O vaxt Xətai prokuroru görəvində olan Rüstəm Usubov hadisə yerinə gəlib və... saxta baxış protokolu tərtib edərək imzalayıb ki, meyitin üzərində heç bir xəsarət və qan izləri yoxdur. Qətldən yalnız 4 ay sonra Rüstəm Usubov xəsarət yetirmə ilə bağlı cinayət işi başlayıb, sonrakı 2 ildə də cəmi 5 nəfər dindirilib ki, onun da 3-ü qətlə yetirilən gəncin ailə üzvləri olub.

İşgəncə ilə öldürülən 17 yaşlı Rəşidin atası Tağı kişinin illərlə şikayətlərinə cavab olaraq Rüstəm Usubovu Daşkəsənə prokuror köməkçisi göndəriblər və 2002-ci ildə Baş Prokurorluqda idarə rəisi postuna gətirilən kimi ölüm işinin istintaqı dayandırılıb. Rüstəm Usubov özünə iş qaldırmayacaqdı ki?

Bu həmin Rüstəm Usubovdur ki, ağır cinayətlər törətmiş Hacı Məmmədovun quldur dəstəsinin  üzvləri  barəsində məlumat vermiş Rəna Nəsibova adlı şahidin qorunmasını təmin etmək əvəzinə, onu güdaza verib, ölümünə bais olub!

Tağı kişi və ailəsi Rüstəm Usubovun özündən minlərlə şikayət etsələr də, verilən cavablarda bir dəfə də olsun bu şəxsin adı belə çəkilməyib.  Oğul itkisinə, özbaşınalığa dözməyən Tağı ata xəstəxanaya yerləşdirildiyinin üçüncü günündə dünyasını dəyişib. Rəhmətlik oğlunun qatillərinin və onları himayə edən Rüstəm Usubovun cəzalandırılmasına nail ola bilməyib.

Hələ də Tağı kişinin ailəsi, gec də olsa, ədalətin zəfər çalacağı amacı ilə vuruşur. 27 ildir. Vaxtında belə “bespredel” olaylarına hüquqi qiymət verilməsi təmin olunsa idi, prokurorluq üzərinə düşən görəvi vicdanla yerinə yetirsəydi, cinayəti gizlətmək yolunu tutmasaydı, yeni – yeni ölümlər, işgəncə faktları meydan sulamazdı.

Görəsən, 17 yaşlı gəncin qanını batıran Rüstəm Usubovun haqlı cəzasını almasına indi nə mane olur?

Məğrur BƏDƏLSOY

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

 




Oxşar Xəbərlər

Xəbər lenti