Parkinqlərdən aylıq yığılan 1 MİLYON MANAT KİM(LƏR)İN CİBİNƏ GEDİR?


Vüqar Məmmədov: "Əgər parkinqdən 1 milyondan artıq gəlir əldə olunursa və Tarif Şurası da bunu qiymətləndirməli olduğu halda qiymətləndirmirsə, deməli ortada bir anlaşma var"

"Burdan DTX-ya, Baş prokuror Kamran Əliyevə, eləcə də ölkə başçısı cənab İlham Əliyevə müraciət edərək, xahiş edirəm ki, bu məsələni araşdırsınlar və bu pulların kimin cibinə getdiyini üzə çıxarsınlar"

"Hürriyyət" qəzetinin, eyniadlı sayt və "Youtube" kanalının baş redaktoru Vüqar Məmmədov bu gün rəhbərlik etdiyi telekanalda paytaxt Bakıda mövcud olan parkinq problemi və buradan yığılan külli miqdarda vəsaitlə bağlı olduqca ilginc, eyni zamanda sensassion bilgilər paylaşıb. 

Belə ki, təxminən, 5 il öncə Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində xüsusi təyinatlı idarənin yaradıldığını deyən baş redaktor həmin idarənin işinin paytaxt küçələrində parkinqlər açmaq, yaxud da avtomobillərini parklayan vətəndaşlardan qeyri-qanuni yollarla pul yığmaq olduğunu qeyd edib: "Hərə əlinə bir ağac alıb avtomobillərə "bura və ya ora gir", deyə işarə edib 50 qəpik və ya 1 manat alıb yola salırlar. Hacıbala Abutalıbov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən uzaqlaşdırıldıqdan sonra bu məsələ mətbuatda geniş yayıldığından və yığılmış pulların kimin cibinə getdiyinə dair suallar geniş vüsət aldığından həmin parkinqləri sərəncamla Bakı Şəhər Nəqliyyat Departamentinə verdilər. Departament bir müddət bu pulu yığdı, daha sonra hazırkı Bakı meri Eldar Əzizov daha güclü çıxaraq, ölkə başçısından xahiş etdi və həmin idarəni Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətinə qaytardılar. Bundan sonra idarənin adını Asan Parkinq qoydular. Parklama yerlərində çalışan şəxslər də öz növbəsində, Asan Parkinq İdarəsinin "jilet"lərini geyməklə xidmətlərini davam etdirməyə başladılar".Vüqar Məmmədov əldə etdiyi məlumatlara əsasən bildirib ki, hər parkinq yerindən asılı olaraq, Asan Parkinq İdarəsinə minimum 35, maksimum, 60, 70 və bəzən də 100 manat təhvil verməlidir: "Bakı Şəhər Nəqliyyat Departamentindən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə verildikdə idarənin rəisi vəzifəsinə Nizami Qocayevi gətirdilər. Bu, həmin Nizami Qocayevdir ki, 1998-ci ildə adam oğurluğunda ittiham olunaraq həbsxanaya salınıb. O zaman onun ilk müdafiəçilərindən biri də biz "Hürriyyət" qəzeti idik. Çünki onun həbsində həmin motivlər yox idi. Zaman da bizim haqlı olduğumuzu göstərdi. Belə ki, o, Ali Məhkəməyə qədər getdi və sonda bəraət aldı. Halbuki, onun digər əməllərini araşdırsaydılar, məsələn polis orqanlarında çalışdığı vaxtda kifayət qədər qanunsuzluqlar aşkar edəcəkdilər və adam bununla ittiham olunacaqdı. Amma Nizami Qocayevi elə bir məsələdə ittiham etdilər ki, sonda bu, öz əsasını tapmadı. Bu baxımdan, Nizami Qocayevdən üzr istəyərək, onu azad etdilər və yenidən hüquq-mühafizə orqanlarına geri qaytardılar. O, Asan Parkinq İdarəsinə rəis gətirilənə qədər Gəncə şəhəri Ədliyyə Nazirliyi Regional İcra xidmətinin rəisi olub. Onun bir qardaşı isə hazırda Səbail rayonunda İcra Şöbəsinin rəisidir. Bir neçə gündür ki, parklamada çalışan şəxslərlə etdiyim söhbətlərdə əsas iki şəxsin adı hallanır. Onlardan biri bərdəli Vidadi adlı şəxsdir. Onun kim olduğu isə bilinmir. Parkinq işçiləri deyir ki, biz pulu Vidadi müəllimə təhvil veririk. O, kimdirsə Hacıbala Abutalıbovla çox yaxın dost olub. Hacıbala Abutalıbovun dövründə parkinq işinə məhz bərdəli Vidadi rəhbərlik edib, yəni bunu yaradan odur. Parkinqlərə nəzarət Bakı Şəhər Nəqliyyat Departamentinə verildikdə belə, bərdəli Vidadi yenə qeyri-rəsmi bu işə rəhbərlik edib. Sonradan yenidən alınıb Bakı Şəhər İcra Hakimiyyətinə Asan Parkinq adı ilə təhvil verildikdə Nizami Qocayevi ora rəis gətirən bərdəli Vidadi yenə də bu işin arxasında durur. Təsəvvür edib ki, Tarif Şurası bu günə qədər parkinqlə bağlı qiymət müəyyənləşdirməyib. Sizcə, bunun arxasında nə durur?.. Əgər Tarif Şurası parkinq qiymətini müəyyənləşdirməyibsə, küçələrə aparat qoyulmayıbsa, qəbz verilmirsə, onda bu pullar kimin cibinə gedir? Gəldiyim qənaət budur ki, təkcə Bakıda parkinqlərdən aylıq təxminən, 1 milyondan bir qədər artıq pul yığılır və bu qədər böyük məbləğ heç bir hesaba girmir. Niyə? Çünki onun miqdarını təyin etmək mümkün deyil. Bunun üçün Tarif Şurası qiymət müəyyənləşdirməlidir, bir vaxtlar mövcud olan parkinq aparatları qoyulmalı və vətəndaşlar pulunu ödəyib avtomobilini park etməlidir. Parkinqdə çalışanlar da avtomobillərin giriş-çıxışına nəzarət etməlidirlər. Lakin bu gün onlar bunu edə bilmirlər".

Tarif Şurası nədən bu məsələni gecikdirir?" sualını cavablandıran Vüqar Məmmədovun qənaətincə, əgər parkinqdən 1 milyondan artıq gəlir əldə olunursa və Tarif Şurası da bunu qiymətləndirməli olduğu halda qiymətləndirmirsə, deməli bunlar arasında bir anlaşma var: "Qeyri-rəsmi olaraq kimlərsə bu pullara şərikdir. Mən burdan Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX), Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə, eləcə də ölkə başçısı cənab İlham Əliyevə müraciət edirəm, parkinqdən aylıq 1 milyon manatdan artıq toplanan pulla hara gedir? Xahiş edirəm ki, bu məsələni araşdırsınlar və bu pulların kimin cibinə getdiyini üzə çıxarsınlar".

Hurriyyet.az



Oxşar Xəbərlər

Xəbər lenti