8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Cənubi Qafqazda geostrateji təsir uğrunda Türkiyə-İran rəqabəti regionun gündəmində duran önəmli məsələlərdən biridir.
Qeyd edək ki, Cənubi Qafqazda yeni geosiyasi reallıqlara və proseslərə təkan verən İkinci Qarabağ müharibəsindən sonra Türkiyənin regionda siyasi, iqtisadi və hərbi cəhətdən daha da möhkəmlənməsi üçün əlverişli və münasib şərait yaranıb. Əslində bu Qafqazın tarixində yeni səhifənin açılması deməkdir.
Azərbaycanın Ermənistan üzərində möhtəşəm qələbəsini həzm edə bilməyən, yeni siyasi reallıqlaranarahatlıqla yanaşan Tehranda bəzi dairələr hesab edirlər ki, Ankaranın Azərbaycanla münasibətlərin inkişafında strategiyası Qafqazda İranın siyasi və iqtisadi təsirinin azalmasına, xüsusilə Qafqazdan və Şimali İrandan başlayaraq Mərkəzi Asiya və Çinə qədər türk xalqlarının ortaq birliyinin yaranmasına hesablanıb.
İranın son zamanlar Ermənistanla münasibətlərdə siyasi və hərbi yanaşmaları, bu ölkənin Qafan şəhərində konsulluq açması, Tehranın Azərbaycana qarşı mütəmadi təhdidləri, hətta İran ordusunun Araz çayı sahili boyunca son təxribatxarakterli hərbi təlimləri – bütün bunların hamısı İran rəhbərliyinin Türkiyənin Cənubi Qafqazda geostrateji və geoiqtisadi çərçivədə qüdrətinin artması narahatlığından irəli gəlir. İranın regionda narahatlığını aydın şəkildə ifadə edən bir sıra faktorları nəzərdən keçirmək lazımdır.
Zəngəzur faktoru
Zəngəzur dəhlizi regionun bütün ölkələrinə geniş iqtisadi faydalar verə biləcək xüsusi əhəmiyyətə malikdir. Ankara üçün Zəngəzur dəhlizinin xüsusi önəmi bu dəhlizin Türkiyəni Cənubi Qafqaz, Xəzər dənizi, Mərkəzi Asiya və Çinlə birləşdirməsidir. Yəni, bu dəhliz vasitəsilə yaxın gələcəkdə Türkiyənin Qafqazda və Mərkəzi Asiyada siyasi və iqtisadi təsir imkanları daha da artacaq. Bununla belə, Çindən Avropaya tranzit yüklərin daşınması birbaşa hər iki region və Türkiyə üzərindən reallaşacaq. Bu İran üçün arzuolunmaz bir layihə və gecə-gündüz yuxusunu qarışdıran amil olduğunu deməyə əsas verir.
Məsələyə münasibət bildirən politoloq Natiq Mirihesab edir ki, Tehran Rusiyanı Cənubi-şərqi Asiya ilə birləşdirəcək “Beynəlxalq Şimal-Cənub dəhlizi”-ninaçılmasında maraqlıdır. Onun sözlərinə görə, İran bu dəhlizdə Ermənistanı da görmək istəyir.
“Zəngəzur dəhlizinə gəlincə isə bu dəhliz Çindən Avropaya tranzit malların daha qısa yolla daşınmasına imkan yaradacaq. Bu dəhliz maliyyə və iqtisadi cəhətdən daha çox cəlbedicidir. Digər əsas məqam isə Zəngəzur dəhlizində təkcə Türkiyə, Azərbaycan yox, həmçinin digər türk dövlətləri də iştirak edəcək. Doğrusunu desək bu Asiyada türk xalqlarından ibarət böyük ittifaqın yaranmasına gətirib çıxara bilər. Belə olan təqdirdə əlbəttə, İran rəhbərliyi dərin narahatlıq keçirəcək. Bununla yanaşı, İranda siyasi dairələr iddia edirlər ki, Zəngəzur dəhlizinin açılması həyata keçərsə, İranı Ermənistanla birləşdirən quru yol bağlanacaq. Bu dəhliz cənub qonşumuzda SEPAH daxil olmaqla birsıra güclərin maraqlarına ziddir”.
Türkiyənin Kocaeli Universitenin beynəlxalq əlaqələr üzrə professoru İrfan Kara Ülger isə hesab edir ki, Tehranın siyasi baxışında Zəngəzur dəhlizi Qərbinlayihəsidir.
“İran rəhbərliyi Zəngəzur dəhlizi ilə bağlı irrasional yanaşmalar irəli sürür. Onlar hesab edirlər ki, NATO İranı hədəf götürmək üçün dəhliz vasitəsilə guya Cənubi Qafqazda və Xəzər dənizində hərbi donanma yaradacaq. Halbuki, 2018-ci ildə beş Xəzəryanı ölkənin imzaladığı Aktau müqaviləsinə görə, heç bir sahilyanı dövlət öz dəniz sularında üçüncü bir dövlətin ordusunun yerləşməsinə imkan verə bilməz. Müqaviləni görməzdən gələn Tehranın əsas qorxusu regionda Türkiyənin möhkəmlənməsidir”.
Onu da qeyd etmək lazımdır ki, Ankaranın Asiya ilə bağlı xarici siyasətində prioritet hesab olunan regional təşəbbüslər - Xəzər dənizi və Mərkəzi Asiyanı Türkiyə ilə birləşdirəcək Orta dəhliz, eyni zamanda Mərkəzi Asiya və Əfqanistanı Qara və Aralıq dənizləri ilə birləşdirən Lapis-Lazuli dəhlizi Cənubi Qafqazdan keçir. Bütün bunlar İranın iqtisadi cəhətdən təcrid olunması anlamına gəlir.
Türkiyənin Qafqaz diplomatiyası və İran türkləri
Cənubi Qafqazda təhlükəsizliyin və sülhün təminatında, əmin-amanlığın qorunmasıda Türkiyə-Azərbaycan strateji müttəfiqliyi mühüm və həlledici rol oynayır. 2021-ci ilin iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyənin dövlət rəhbərlərinin imzaladıqları bəyannamə rəsmən hər iki qardaş dövlət arasında dayanıqlığa əsaslanan siyasi-hərbi müttəfiqliyin əsasını qoydu. Bəyannaməyə görə, Türkiyə Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və təhlükəsizliyinin kənar təhdidlərdən qorunmasında, regionda bir sıra təhlükələrin qarşısının alınmasında, o cümlədən ölkəmizlə birlikdə birgə təhlükəsizlik və hərbi konsepsiyaların hazırlanmasında xüsusi imtiyazlara malikdir.
Bunu bilən İranın hərbi-siyasi rəhbərliyi çox yaxşı anlayır ki, Azərbaycana qarşı hər hansı hərbi təxribat, eləcə də təhdid və təhlükənin törədilməsi Türkiyətərəfindən qəbuledilməzdir, belə olan halda Ankara regionda dərhal müdaxilə edəcək. Bununla bərabər, Gürcüstanın Türkiyənin tərəfdaşına çevrilməsi, Tiflisin Ankaranın tam etimadını qazanması, həmçinin Türkiyə-Ermənistan münasibətlərində müəyyən müsbət addımların atılması Tehranın regional rəqabətdə Ankaraya uduzmasına dəlalət edir. Bütün bunlarla bərabər, İran rəhbərliyini daha çox qoruxudan faktor Cənubi Qafqazda yeni geosiyasi proseslərin İranın Azərbaycan türklərinin məskunlaşdığı ərazilərdə siyasi vəziyyətə təsir etməsidir.
Savalan Araşdırmaları Mərkəzinin sədri Sadiq İsabəyli vurğulayıb ki, Azərbaycan-Türkiyə münasibətlərinin strateji səviyyədə inkişafı İranda azərbaycan türklərinin milli oyanışına və birliyinə müsbət təsir edir. İranda azərbaycan türkləri Azərbaycan və Türkiyəni müasir dövlət hesab edirlər. Türkiyə və Azərbaycanda istənilən siyasi, iqtisadi və mədəni inkişaf təmayüllü proseslər İranda yaşayan türk xalqları üçün xüsusi əhəmiyyət daşıyır. Onların dövlətçilik baxışında dəyişikliklərin formalaşmasına səbəb olur. Bildiyimiz kimi, İranda millətçi və şovinistxislətli molla rejimi azərbaycan türklərinə qarşı ayrı-seçkilik və aşağılayıcı münasibət sərgiləyir. Bütün bunlar Azərbaycan türklərinin səbrinin daşmasına gətirib çıxaracaq.
İranın xarici siyasətində Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik vazgeçilməz siyasət hesab olunur. Tehran çox yaxşı bilir ki, Türkiyə-Azərbaycan müttəfiqliyi İranın siyasi birliyinə təhdiddir, habelə Güney Azərbaycan Milli Oyanış Hərəkatına təkanverici amildir.
Yunis Abdullayev
Sozcu.info