Əhəd Abıyevin yığdıqları yeddi arxa dönəninə də bəs edər - Reaksiyalar...

Əhəd Abıyevin yığdıqları yeddi arxa dönəninə də bəs edər
Prezident İlham Əliyevin sərəncamı ilə Əhəd Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Ə.Abıyevin vəzifədən çıxması ilə dərhal onun var-dövlətinin siyahısı da sosial şəbəkələrdə yayılıb. Diqqətçəkən məqam isə onun var-dövlətləri siyahısında yaxın qohumlarına aid mülklərin də göstərilməsidir. Belə ki, Əhəd Abıyevə yaxın olduğu bildirilən digər şəxslərin də mülkləri “siyahıya” əlavə edilib.

Daha bir maraqlı məqam Ə.Abıyevə aid olduğu bildirilən mülk, villa və digər daşınmaz əmlakların demək olar ki, hamısının 2007-ci ildən əvvələ aid olmasıdır. Zəruri olaraq qeyd edək ki, Ə.Abıyev 2011-ci ildə Daşkəsən RİH-nin başçısı təyin edilib.
Onun “obyekt və mülkləri” siyahısında göstərilən 37 əmlakın heç biri Əhəd Abıyevin adına deyil: qardaşları, əmisi oğlanları, bacısı oğlu, kürəkəni, “yaxın adamı” deyə ümumiləşdirilən şəxslərə aiddir.

Əhəd Abıyevin vəzifədən azad olunmasından dərhal sonra onun əmlakları barədə xəbərin mediada yer alması da ictimaiyyət arasında şübhə doğuran məqamlardandır. Eyni zamanda onun bu mülklərə necə sahib olması, əldə etdiyi milyonları qanuni, yoxsa qeyri-leqal yollarla qazanması da insanları narahat edən məqamlardandır. Azərbaycanda yüksəkvəzifəli məmurlar, icra hakimiyyəti başçıları vəzifədən azad olunanda bəlli olur ki, onların mal-mülkünün qiyməti on, hətta yüz milyonlarla ölçülür. Sosial şəbəkələrdə müzakirəyə qoşulan vətəndaşların fikrincə, Azərbaycanda yüksək vəzifədə olan bütün məmurlar səlahiyyətlərindən, vəzifəsindən istifadə edərək, daha çox pul qazanmağa çalışırlar. Bu isə sadəcə həmin məmurun şəxsi keyfiyyətlərindən qaynaqlanmır, yerli idarəetmə sistemindəki problemin və qanundakı boşluqların da xüsusi bir payı var. Ola bilməz ki, bütün icra hakimiyyətləri eyni qafada olub, eyni davransınlar.

Digər bir nüans isə onların korrupsiyaya bulaşmasına səbəb kimi məmurların maaşının az olması göstərilir.

Vəzifəsindən azad edilən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə məxsus olduğu iddia edilən əmlak siyahısı ilə bağlı Musavat.com-a açıqlama verən millət vəkili Fazil Mustafa deyib ki, əmlakların sayının çox olmasına görə heç kimi həbs etmirlər. Sovet dövrü deyil ki, özəl fəaliyyətə qadağa qoyulsun. O qeyd edib ki, əgər əmlak cinayət yolu ilə əldə olunubsa, bu, sübut olunmalıdır: “Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində əmlakların qanunsuz yolla əldə edildiyi sübut olunarsa, məhkəməyə müraciət edilməlidir. Yalnız məhkəmə qərarı ilə müsadirə, həbs və s. cəza tədbiri görülə bilər. Vəzifəsindən azad edilən məmurlara məxsus olduğu iddia edilən əmlak siyahıları yayılarkən həbs və s. barədə danışılması əslində cəmiyyətin varlılara münasibətinin təzahürüdür. Belə olmamalıdır. Əgər əmlaklar qanuni yolla əldə olunubsa, yaxud qanunsuz yolla əldə olunduğu sübut olunmursa, şəxsə toxunmaq olmaz. Ədalət mülkün təməlidir”. Fazil Mustafa Azərbaycan reallığında icra başçılarının, deputatların vəzifəsindən azad edilən kimi onlar haqqında yanlış fikirlərin yayılmasını doğru hesab etmir: “Bəlkə əmlaklar Əhəd Abıyevə məxsus deyil? Bir əmlak haqqında informasiya əldə etmək çox çətindir. Birdən-birə bu boyda əmlak siyahısı mətbuata necə ötürülüb?”.

DİA.AZ-ın məlumatına görə, Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycanda işdən çıxarılan məmurların mülklərinin siyahısının yayılması artıq ənənə halını alıb: “Bunun əsas səbəbi odur ki, bizim ölkədə vəzifədə işləyib var-dövlət, sərvət toplamamaq mümkün deyil. Hər halda praktikada belə bir hala rast gəlinməyib. Çünki bizim respublikamızda vəzifə var-dövlət mənbəyi hesab olunur. İnsanlar da varlanmaq, pul qazanmaq üçün vəzifəyə can atırlar. Əhəd Abıyev 15 il deputat, 12 il icra başçısı işləyib. Xalq dilində desək, yediyini yeyib, yığdığını da yığıb. Yığdıqları yeddi arxa dönəninə də bəs edər. Mən onun milyonlarının olduğuna zərrə qədər də şübhə etmirəm. Aydın məsələdir ki, Əhəd Abıyev bu qədər sərvəti halal yolla qazanmayıb. Çünki o, son 27 ildə deputat və yüksəkrütbəli məmur kimi fəaliyyət göstərib. Qanun deputatın və dövlət məmurunun bizneslə məşğul olmağını qadağan edir. Aydın olur ki, Abıyev bu sərvəti qeyri-qanuni yollarla qazanıb. Bunu hüquq-mühafizə orqanları araşdırmalıdır. Mətbuatda gedən hər bir məlumat hüquqi müstəvidə araşdırmaq üçün əsas sayılır. Məncə, dərhal bu adamın sərvətinin mənşəyi araşdırılmalıdır. Sübut olunsa ki, həmin sərvət qanunsuz yollarla əldə olunub, bu zaman müvafiq tədbirlər görülməlidir”.

S.Verdizadənin sözlərinə görə, Əhəd Abıyev və onun kimi məmurlar cəmiyyətə, xüsusilə gənc kadrlara çox pis nümunədirlər: “Dünən, srağagün vəzifəyə təyin olunanlar bu adamların yolu ilə getməyə can atırlar. Haqlı olaraq düşünürlər ki, Əhəd Abıyev 27 il yedi-dağıtdı, amma ona "gözün üstə qaşın var" deyən olmadı. Biz də altımıza yığaq. Cəzasızlıq mühiti bu cür mənfi tendensiyanın güclənməsinə səbəb olur. Odur ki, xalqın malına kəm baxan heç kim cəzasız qalmamalıdır”.



Oxşar Xəbərlər

Xəbər lenti