Hansı məmur yaşayış minimumu qədər pulla ayı başa vura bilər? - 2024-cü il büdcəsi ürək "açır"...


2024-cü il dövlət büdcəsi ilə bağlı açıqlanan rəqəmlər maliyyə müstəvisində əhaliyə ümid vermir. Belə çıxır ki, maaşlar artırılmayacaq. Çünki minimum məvacib məbləğinin 345 manat olacağı açıqlanıb. Minimum pensiyanın 280 manat olacağı bildirilir. Yaşayış minimumu isə yalnız 24 manat yüksək göstərilib.
Sozcu.info bizimyol.info-ya istinadla xəbər verir ki, son illər hökumət əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün az iş görür. Hətta heç iş görülməməsini də iddia etmək olar. Buna görə durumun xeyli pisləşdiyini əminliklə dilə gətirmək mümkündür. Bəzən hər hansı mülahizəyə də ehtiyac qalmır, Dövlət Statistika Komitəsinin rəqəmləri həqiqətə işıq salır. Yaşayış minimumu və ehtiyac meyarı keçən illə müqayisədə 9,7 faiz artırılaraq 270 manata çatdırılıb. Xüsusi izaha ehtiyac yoxdur. Yəni hökumət düşünür ki, hər vətəndaş ayı 270 manatla başa vura bilər. Elə hökumətin özünün açıqladığı rəqəmlər başqa şey deyir. Bu haqda danışaq.

Son hesabatlardan birində bildirilmişdi ki, əhalinin hər nəfərinə düşən orta alış-veriş məbləği 448 manat olub. Son bir ildə xərclərin 14 faiz artdığı qeyd olunmuşdu. Elə bu rəqəmlər deyir ki, yaşayış minimumu təxminən iki dəfə azdır.

Hökumət yaşayış minimumu və ehtiyac meyarını necə hesablayır?
Heç kimə sirr deyil ki, əhalinin sosial vəziyyəti ilə bağlı hesabatlarda əsas ölçü kimi insanların maddi baxımdan ərzaq əldə etmək imkanları götürülür. Yəni hökumət daha çox ərzaq qiymətlərini nəzərə alır. Hərçənd, heç bu da doğru-düzgün hesablanmır. Yuxarıda haqqında danışdığımız hesabatda son bir ildə qeyri-ərzaq xərclərinin 15 faiz artırıldığı qeyd edilmişdi. Hər halda hökumət insanların təkcə çörək və kartofla dolandığını düşünməməlidir. Kommunal, tibbi xərclər, bunlarla yanaşı, onlarla qeyri-ərzaq istiqamətləri var.

Son bir neçə ildə təkcə ərzağın yox, başqa vacib məhsulların da qiymətləri xeyli artıb. Hökumət özü bildirir ki, son iki ildə adambaşına düşən xərclər 111 manat çoxalıb. Belədirsə, niyə yaşayış minimumu və ehtiyac meyarı məntiqsiz üsullarla hesablanır? Ölkədə maaşlar çox aşağıdır. Median əməkhaqqı heç adambaşına düşən xərclərin məbləğinə çatmır. Növbəti illə bağlı konkret konsepsiya ortaya qoyulmalıydı. Əhalinin sosial vəziyyəti çox ağırlaşıb. Qiymətlər dayanmadan artır.

Hansı məmura yaşayış minimumu qədər pul versək, ayı başa vura bilər?
Azərbaycanda yaşayış minimumu azı iki dəfə çox olmalıdır. Elə minimum əməkhaqqı barədə də bunu demək olar. İnsanların azı iki dəfə çox qazanmasına ehtiyac var.



Oxşar Xəbərlər

Xəbər lenti