8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Mənşəyi məlum olmayan dərmanların ölkəyə gətirilməsinə "yaşıl işığı” kim yandırıb?
Rəsmi məlumata görə son dövrlər bəzi hüquqi və fiziki şəxslər tərəfindən mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin qanunsuz dövriyyəsi həyata keçirilib və bu proses bəzi vəzifəli şəxslərin şərait yaratması ilə mümkün olub.
"Yeni Sözçü” qəzetinə açıqlama verən ekspert isə əhalinin sağlamlığına ciddi təhlükə yaratmış bu proses bəzi vəzifəli şəxslərin şərait yaratması ilə deyil, ayrı-ayrı vəzifəli məmurların bir başa himayəsi ilə baş verib. Ekspert hesab edir ki, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin idxalı ilə bağlı yalnız bir hal qeydə alınsaydı, o zaman "bəzi vəzifəli şəxslərin şərait yaratmasından” danışmaq olardı. Ancaq bu halın mütamadi xarakter alması, bu bədnam əməliyyatda gömrükçülərlə yanaşı "Zeytun”, "Medical City”, "Elit”, "Vahid”, "Dokta Elite”, "Şəfa”, "Şəfa Zeytun 426” və "Təbib” apteklərinin iştirak etməsi uzun müddətli fəaliyyətdən xəbər verir. Çox maraqlıdır ki, mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin idxalı Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxslərinin birbaşa iştirakı ilə həyata keçirilib. DGK-nin Tibbi Xidmət İdarəsinin vəzifəli şəxsləri bu dərmanların yük müşayiət sənədlərini dəyişdirərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Mərkəzi Gömrük Hospitalına çatması nəzərdə tutulan başqa məhsullar adı altında bəyan edilməsini, bu yolla qeyd olunan dərmanların ölkəyə qeydiyyatsız keçirilməsini təşkil etməyə görə əvvəlcədən hər yükün ümumi dəyərinin 25 %-i dəyərində haqq alıb, dərmanların ölkəyə qeydiyyatsız idxalını, gömrük nəzarətindən çıxarılaraq birbaşa dərman satışı ilə məşğul olan şəxslərə çatdırılmasını təmin ediblər.
Dövlət Təhlükəsizlik Xidmətində davam edən cinayət işi üzrə toplanmış ilkin sübutlar əsasında gömrük orqanlarında vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə qaçaqmalçılıq və külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməllərinə görə Məmmədli Fərman Həmzə oğlu, Xıdırov Vasif Teymur oğlu, Mehtiyev Cəmil Səlim oğlu, Atanur Ateş Adem oğlu, Məmmədov Anar Kamran oğlu, həmçinin Quliyev Əlamət Nazim oğluna müvafiq olaraq Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 (dərman vasitələrinin qanunsuz dövriyyəsi), 206.3.2, 206.3.3 (qaçaqmalçılıq) və 314.2 (səhlənkarlıq) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Birinci yük şöbəsinin rəisi Araz Məmmədov və digərləri tutduqları vəzifələrdən azad edilməklə sərəncama götürülüblər.
Burada diqqəti çəkən bir məqamı oxucuların nəzərinə catdırırıq. Həbs edilən Məmmədli Fərman Həmzəoğlu isə 2012- ci ildə gömrük işinin inkişaf etdirilməsində xüsusi xidmətlərinə, vəzifələrini ləyaqətlə yerinə yetirdiklərinə və gömrük orqanlarında səmərəli fəaliyyət göstərdiklərinə görə"dövlət qulluğunda fərqlənməyə görə” orden ilə təltif edilib. Çox maraqlıdır, onu bu mükafatı təqdim edənlər məsuliyyət daşıdıqlarını bilirlərmi? Bu sualla Dövlət Gömrük Komitəsinin rəhbərliyinin mövqeyini öyrənməyə çalışacağıq. Eyni zamanda millətimizin sağlamlığına ciddi təhlükə törədən, faktiki olaraq düşmənçilik hərəkəti kimi qəbul olunan mənşəyi məlum olmayan, dövlət qeydiyyatından keçməmiş və keyfiyyətsiz dərman vasitələrinin idxalından Dövlət Gömrük Komitəsinin rəhbərliyinin uzun müddət xəbər "tutmaması” ilə bağlı məsələyə də aydınlıq gətirməlidir. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin hazırkı sədri Səfər Mehdiyev 2006-cı ilin fevral ayından Komitə sədrinin birinci müavini vəzifəsini tutub. Yəni, Səfər Mehdiyev birinci müavin kimi idxal-ixrac əməliyyatlarının gömrük rəsmiləşdirilməsi ilə bağlı sahəyə birbaşa cavabdeh olub. İndi onun Dövlət Gömrük Komitəsinin sədri təyin edilməsi çox təəccüb doğurur. Digər tərəfdən millətin sağlamılığına ciddi zərər vuran, bir çox insanların vaxtsız ölümünə yol açmış əmələ görə Dövlət Gömrük Komitəsinin sədr müavinlərindən və baş idarələrin rəhbərlərindən heç kimin cəzalandırılmaması çox təəccüblüdr. Belə görünür ki,Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev, Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev və bir neçə nəfər kiçik vəzifəli gömrükçüdən "günah keçisi” yaradılmasına cəhd edilir. Bununla da mənşəyi məlum olmayan dərmanların ölkəyə gətirilməsinə "yaşıl işığı” yandıran qüdrətli məmurun məsuliyyətdən kənarda qalmasına şərait yaradılır. Hər kəsə məlumdur ki, gömrükdə idxal-ixrac əməliyyatları çox nüfuzlu məmurlardan birinin razılığı olmadan mümkün deyildi. Əgər həmin qüdrətli məmurun razılığı olmasaydı, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi Sadiq Abduyev və Tibbi Xidmət İdarəsinin rəisi Fikrət Qədiməliyev bu əməliyyatı bir dəfə edə bilərdilər. Hətta həmin bir dəfə həyata keçirilən əməliyyatın üstünün açılma ehtimalı istisna edilə bilməz. Ancaq, hər kəsə məlumdur gömrükdə hansısa qanunsuz əməliyyat iki dəfə həyata keçirilirsə, bu əməliyyat hökmən sanksiaylaşdırılmalıdır. Əks halda belə əməliyyatların üstü hökmən açılardı. Indi isə belə görünür ki, məhz həmin qüdrət sahibinin məsuliyyətdən kənarda qalması üçün tədbirlər görülür.
"Yeni Sözçü” qəzeti gömrük orqanlarında baş verən korrupsiya və digər qanunpozmalarla bağlı dəfələrlə faktlar əsasında məqalələr dərc edib. İndi bütün millətin maraqlarına təhlükə törətmiş bədnam əməllə bağlı araşdırmaları davam etdirməyə və mövzunun gündəmdə qalmasına çalışacağıq.
"Yeni Sözçü”qəzetinin Araşdırma Qrupu