“Bir qrup məmurun əlində futbol topuna dönmüşük…” - Mülkü ələ keçirilən Bakı sakinindən Birinci vitse-prezidentdə müraciət

“Bir qrup məmurun əlində futbol topuna dönmüşük…” - Mülkü ələ keçirilən Bakı sakinindən Birinci vitse-prezidentdə müraciət

 

Bakı şəhəri, Nəsimi rayonu, Mirqasımov küçəsi ev 22-də yaşayan Rəhimova Göyçək Aslan qızı tərəfindənSozcu.info in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edən şikayətçi yazır:

"Hörmətli Mehriban xanım!

Mən Rəhimova Göyçək Aslan qızı, bizə qarşı edilmiş haqsızlıqlarla bağlı 2014-cü ildən ərizələrlə Sizə, hörmətli Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycanın bütün səlahiyyətli orqanlarına dəfələrlə müraciətlər etmişik. Lakin bu müraciətlərimizin heç bir nəticəsi olmayıb. Məmurlar bizə qarşı etdikləri qanunsuzluqları ört-basdır etməklə bu işi bağlı saxlayaraq, bizim haqqımızı və hüquqlarımızı kobudcasına pozurlar. Ona görə də mətbuat vasitəsi ilə müraciət edərək, ailəmin xususi mülkiyyətinin zəbt olunması ilə, bizə qarşı olunmuş haqsızlığı Sizə catdırmaq istəyirəm. Bu qanunsuzluqlarda zəncirvari iştirak edən məmurların adlarını indiki müraciətimdə açıqlayacam.

Ailəmin mülkiyyətində olan Mirqasımov küçəsi 22-də yerləşən ev 1901-ci ildə şəxsi mülkiyyət kimi inşa olunmuşdur. 1967-ci ildə həmin evi anam Hacıyeva Zümrüd Əhmədağa qızı alaraq, mülkiyyətə sahib olmuşdur. Anamın beş uşağı var. Mülk paylı mülkiyyətçilərə məxsusdur. 2000-ci ildə anam Hacıyeva Zümrüd Əhmədağa qızı evimizin zirzəmisini küçə tərəfdən qazdıraraq qapı qoydurmuşdur. 2012-2014-cü illərdə həmin zirzəmini müqavilə əsasında Cəlilabad rayon Ocaqlı kənd sakini Şahbazov Emin Gülbaba oğluna icarəyə vermişdir. 2014-cü ildə icarəçi Emin Şahbazov bir qrup vəzifəli şəxslərlə əlaqəyə girərək, həmin zirzəmiyə saxta sənət düzəltdirib.

Belə ki, 120 kvadrat metrlik ərazisi olan zirzəminin Nəsimi rayon 13 saylı Mənzil İstismar sahəsi və Nəsimi rayon Mənzil-Komunal Təsərrüfat Birliyinin balansında olması haqqında saxta sənəd tərtib edərək, Emin Şahbazova satmışlar. Həmin saxta sənəd əsasındada Emin Şahbazov digər qurumlara rüşvət verərək, xususi mülkiyyətimizdə olan zirzəmiyə ona məxsus olması ilə bağlı Ş-2 sənədi almışdır. Bu sənəd 2014-cü ildə verilsə də Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov 2013-cü ildə cinayət əməli törədərək, bzim xususi mülkiyyətimizdə olan zirzəminin Emin Şahbazova mənsub olması ilə bağlı saxta texniki pasport və reyestrdən çıxarış vermişdir.

Saxta yolla verilmiş texniki pasportun və çıxarışın ləğv olunması ilə bağlı Nəsimi rayon məhkəməsinə müraciət etsək də həmin məhkəmənin hakimləri Şahin Abdullayev, Rəşid Səmədov və Emin Mehdiyev Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun 13 saylı Nəsimi rayon MİS-nin indiki rəisi Elşən Mürvələdov, Nəsimi rayon MKTB-nin keçmiş rəisi Laçın Mustafayevin hal-hazırda olan rəisi Elman Yəhyayevin birliyin mühəndisi Elnur Həsənovun hüquqşunası Nəsib Niftullayevin etdikləri saxtakarlıqları ört- basdır etmək üçün saxta sənədi olan Emin Şahbazovun xeyrinə qərarlar veriblər.

Bakı Apellyasiya Məhkəməsinin hakim Xuraman Məhərrəmovanın sədrliyi ilə məhkəmə bizim iddiamızı obyektiv araşdıraraq ədalətli qərar verdi. Lakin Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov tərəfindən təkrar baxılması üçün iş Bakı Apellyasiya Məhkəməsinə qaytarıldı. Bakı Apellyasiya Məhkəməsinin hakimi Mədinə Bağırovanın sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda yenə də bizim iddiamız təmin olundu. Lakin yenə də qarşı tərəf bu qərardan Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti verdi. Ali Məhkəmənin Mülki Kollegiyasında işə baxan hakim Ənvər Şadıyevə biz subutlarımızı təqdim etsək də, o, təkrar baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Bakı Apellyasiya Məhkəməsinin hakimi Elnur Həsənovun sədrliyi ilə keçirilən məhkəmə iclaslarının sonunda qarşı tərəfin saxta sənədlərinə bəraət verərək, onun xeyrinə qərar verdi. Bizim bu qərardan verdiyimiz kassasiya şikayətini isə Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Dəmirov əsassız olaraq təmin etməyərək, Elnur Həsənovun verdiyi qərarı qüvvədə saxladı. Biz bu qərardan Plenyum Məhkəməsinə müraciət etsək də, iddiamız təmin olunmadı. Bizim faktın müəyyən olunması ilə bağlı Nəsimi rayon Məhkəməsində qaldırdığımız iddia isə təmin olunmur.

Hörmətli Mehriban xanım!

Bizim xususi mülkiyyətimizin əlimizdən alınmasında Əmlak Komitəsi Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun və Nəsimi rayon MİS-nin və Nəsimi rayon MKTB-nin vəzifəli şəxsləri günahkardırlar. Bu ölkədə qanun atlı olub, biz piyada. Nə qədər cəhd göstəririksə, qanunu tuta bilmirik. Biz bu ölkədə öz hüquqlarımızı necə bərpa edək? Bu hərəkətləri ilə məmurlar nə etmək istəyirlər? Dərdimizi kimə deyək? Hakimlər bizim hüquqlarımızı müdafiə etməli olduqları halda, cinayətkarların əməllərini ört-basır edərək, əsassız və qanunsuz qərarlar verirlər. Bu qərarları ilə Avropa Məhkəmələrində olkəmizi biabır edirlər. Neçə illərdir bir qrup məmurun əlində futbol topuna dönmüşük. Məhkəmələrə müraciətimiz isə sonda həmin məmurların tapşırıqları, ya da pulları hesabına araşdırma aparılmadan əsassız olaraq iddiamız təmin olunmur.

Mənzil Komunal Təsərrüfat istismar Sahəsinin 2014-cü ildə verdiyi sənəd əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilovun imzası ilə 2013-cü ildə Texniki pasport və çıxarış verilir. Bu necə ola bilər? Çünki Azərbaycan qanunvericiliyində bütün sənədlər qaydasında olduqdan sonra Daşınmaz Əmlak Dövlət Reyestr Xidməti həmin mülkiyyəti qeydiyyata alaraq çıxarış verməlidir. Belə çıxır ki, Rafiq Cəlilovun daşınmaz əmlak üzrə təcrübəsindənsə, münəccimlik qabiliyyəti var. Bu qabiliyyətlə də bir-iki il sonra vətəndaşların harda mülkiyyətə sahib olacaqlarını öncədən görür və onlara sənəd verir. Məhkəmələr isə "İyo-kiyo” baba kimi sehirli sözlər oxuyaraq, Rafiq Cəlilovun və digər vəzifəli şəxslərin bu cinayət əməllərinə bəraət verirlər”.


Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.




Oxşar Xəbərlər

Xəbər lenti