Fuad Qəhrəmanlı Selcanla bağlı yazdı: "Övladlarıma çırtma da vurmamışam"

 

"Məqsədli şəkildə mənim " ujas" filmlərindəki kimi amansız, sümük qıran, qana susamış obrazımı yaratmağa çalışırlar”

AXCP sədrinin müavinliyindən istefa verən Fuad Qəhrəmanlı növbəti dəfə cəmiyyətə müraciət edib.

F.Qəhrəmanlı son günlərdə ailəsi ətrafında davam edən müzakirələr, qızı Selcanın bir-birinin ardınca yazdığı, bomba effekti verən statuslar haqda növbəti dəfə fikrini bildirib.

F.Qəhrəmanlı öncə yazıb ki, son dəfə baş verənlərlə bağlı bəzi məsələlərə aydınlıq gətirib bu mövzunu qapadır. Yaşadıqlarının sıradan bir olay olmadığını yazan siyasətçi ağır psixoloji sarsıntılar yükünün altından qalxmağın bəzən mümkünsüz göründüyünü vurğulayıb: "Belə bir vəziyyətdə mənə irad tutulur ki, niyə qızım Selcanın yazısına ilk reaksiya verərkən onun profilinin oğurlandığını demişəm? Selcanın bu məlum yazısını görəndə bir ata kimi şok oldum. Deyə-gülə, ailəlikcə sevgi ilə xaricə yola saldığım Selcandan belə bir yazı gözləmədiyimdən və onunla heç cür əlaqə saxlaya bilmədiyimdən bu qənaətə gəldim ki, yəqin profili oğurlanıb”.

Fuad Qəhrəmanlı qızları ile ilgili görsel sonucu

F.Qəhrəmanlı yazıb ki, qızı Selcanın bu yazısına səbəb, onun Əli Kərimlinin qadın hüquqları ilə bağlı tədbirdə iştirakına dair bir statusun altında istehza xarakterli rəy yazmasına etiraz edib, silməsini istəməyi olub: "Bu rəyi sildikdən sonra, o mənim təkidimə məlum yazı ilə reaksiya verib. Bu mövzuda yazanların bəziləri məqsədli şəkildə mənim " ujas" filmlərindəki kimi amansız, sümük qıran qana susamış obrazımı yaratmağa çalışırlar. Əslində, bu ifadənin meydana çıxmasına səbəb 5 il öncə mübahisə zamanı, stolun üstündəki nəlbəkini atmağım olub. Bu zaman tam təsadüfən nəlbəki balaca qızımın ayağına dəydi. Buna görə mən çox peşiman oldum və bu olaya görə çox üzüldüm.

Ümumiyyətlə, nəinki döymək, heç vaxt övladlarıma çırtma da vurmamışam. Mən vətən, din, milli mentalitet, feminizm kimi məsələlərə mühafizəkar yanaşsam da, heç zaman bu baxış fərqinə görə uşaqlara təzyiq etməmişəm və hər zaman da bu mövzularda evdə maraqlı diskussiyalarımız olub. Övladlarının düşüncə azadlığına hörmətlə baxan, onların erkən ictimai fəaliyyətinə xoşgörü ilə yanaşan, xaricdə təhsil alması üçün ağır yükün altına girən bir atanı irticaçı kimi göstərib, linc etməyə çalışanlar buyurub göstərsinlər görək hansı biri uşaqlarının haqqına mənim qədər sayğı duyub, azadlıq verib”.

F.Qəhrəmanlı həmçinin qeyd edib ki, qızı Selcanın məlum yazısına baxmayaraq, övladlarına münasibəti dəyisməz olaraq qalacaq: "Ancaq nə baş verir, bir dəstə adam sanki Bastiliyanı alırmış kimi dur demədən üstümə hücum çəkməklə məşğuldur. Niyə ata ilə övlad arasındakı bir anlaşmazlığı belə şövqlə dərinləşdirir, ölkənin əsas problemi kimi təqdim etməyə çalışırsınız. Selcanamı acıyırsınız? Qətiyyən, o zaman cavab verin, niyə ötən il qəbul olunduğu ali məktəbə getməyə pul tapa bilməyəndə, atası siyasi məhbus olan imkansız bir uşağın təhsil almasına indiki kimi yardım etmirdiniz? Niyə belə bir intellektli qız üçün kecrilən yardım kampaniyasına ən azı çağırışlar yazaraq dəstək olmadınız? Selcan sizlərin etinasızlığı üzündən ortada tək qaldı. Ancaq bu gün olduğu kimi sabah da onun qayğılarında, problemlərinin həllində yanında olacaq atası ilə arasına girərək həm də ona qarşı pislik etdiyinizin fərqində deyilsinizm? Sizi Selcanın taleyi yox, mənə, mənsub olduğum təşkilata, onun liderinə qarşı kin küdurət birləşdirir və hərəkətə gətirir. Kimlərdir Selcan mövzusuna cuman bu "gerilla savaşçıları"? Mənim iqtidarı kəskin tənqidlərimə görə qisas almaq üçün fürsət gözləyən iqtidar mediası, müxalifətdə olub müxalifətçilik edə bilməyə cəsarəti çatmayanlar və buna görə də mübarizə aparanlar qarşısında aşağılıq kompleksi duyanlar və feminist, anarxist, neoliberal, kosmopolit düşüncə ilə milli kimliyimizə qarşı asilik edən, savaş açanlar. Bir də bu kütləvi psixoza uyub, zorakılığı pisləməklə özünü cəmiyyətə mütərəqqi, müasir kimi təqdim etməyə calışan ancaq içi Məmmədhəsən olanlar”.

Attachment

"Bu gün linc edib məhv etmək istədiyiniz Fuad Qəhrəmanlının istefası sizə nə qazandırdı?” deyə sual edən AXCP sədrinin eks müavini istefası barədə də yazıb: "Məgər mən prezidentliyə namizədəm ki, apracağım siyasətə görə bu qədər narahatsınız? Mənim partiyada boşalan yerimdə nə oturmağa kabinet, nə də ki, vəzifə imtiyazları var. Orada ancaq həbs olunmaq riski, daim təqib edilmək, hər an rejimin qəzəbinə gəlmək təhlükəsi var. Sizinləyəm, hansı birinizin cəsarəti çatar gəlib mənim boşalmış yerimdə durmağa, iqtidarın düsməncəsinə davrandığı Əli Kərimlinin silahdaşı olmağa?..."

F.Qəhrəmanlı bu statusu niyə yazdığına da aydınlıq gətirib: "Bu yazını ona görə yazdım ki, düşməncəsinə ritorika seçərək, ağır sarsıntılar keçirən insanları asanlıqla linç edərək və ictimai məsuliyyət hissini unudaraq bir yerə vara bilmərik, əksinə, bir birimizə güvən verərək, mənəvi dayaq durmaqla toplum olaraq problemlərimizi təmkin və xoşgörü ilə çözməyə çalısaq. Bir də insan taleyinə bu cür acımasızcasına yanaşan hər kəs Allahı xatırlasın və irəlidə Rəbbimin ona nə yaşadacağından qorxsun”/musavat.com/



Oxşar Xəbərlər

Xəbər lenti