Əflatun Amaşov internet media ilə bağlı təkliflər irəli sürdü

Əflatun Amaşov internet media ilə bağlı təkliflər irəli sürdü

 

"İlk növbədə istərdim ki, Azərbaycanda diffamasiya dekriminallaşsın. Təbii ki, bu, əsasən ayrıca qanunun qəbulu ilə mümkün ola bilər. Diqqətinizə çatdırım ki, belə bir qanun yanlız təhqir və böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutmur. Əgər, diffamasiya qanunumuz olacaqsa, biz tamamilə yeni məsuliyyət mühitinə qədəm qoymuş olacağıq. Təbii ki, məsuliyyət artacaq".

Sozcu.info  xəbər verir ki, bunu millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin payız sessiyasının qanunvericilik planının müzakirəsində çıxışı zamanı deyib. O, internet media orqanlarının kütləvi informasiya vasitəsi kimi hüquqi statusunun müəyyənləşməsi ilə bağlı təklif irəli sürüb:

"Daha bir təklifim internet media ilə bağlıdır. Baxın, bu gün internet media orqanlarının sayı çoxalır. Bu vəziyyətdə onların kütləvi informasiya vasitəsi kimi hüquqi statusu müəyyənləşməlidir. Yəni qanun müəyyən etməlidir ki, qəzet, jurnal, informasiya agentliyi ilə yanaşı, internet media orqanı da kütləvi informasiya vasitəsidir. Bu bizə gələcəkdə imkan verəcək ki, internet media orqanları ilə əlaqədar məsuliyyət kateqoriyalarını dəqiqləşdirək. Üstəlik müəyyən texniki məsələlər var. Tutalım, bir qəzetin KİV sayılması üçün onun tirajı, yayımı və sair məsələlər əsas götürülür. İnternet media ilə bağlı biz hansı parametrləri nəzərə alaq? Hesab edirəm ki, qanun bu sayaq məsələlərə də aydınlıq gətirəcək.

Onu da nəzərə alaq ki, bu gün ictimai rəy əsasən internet media orqanları üzərindən formalaşır. Belə olduğu təqdirdə bu KİV-lər nə üçün dövlət dəstəyindən faydalanmamalıdır? Əlbəttə, onların potensialı cəmiyyət üçün maraq kəsb edən məsələlərə yönləndirilməlidir. Hesab edirəm ki, internet medianın hüquqi statusunun müəyyənləşdirilməsi bu sayaq məsələlərə də aydınlıq gətirəcək".

Millət vəkili informasiya təhlükəsizliyi ilə bağlı ayrıca dövlət sənədinin qəbulunun vacibliyini vurğulayıb: "Düzdür, Milli Təhlükəsizlik Konsepsiyamızda informasiya təhlükəsizliyinə diqqət yetirilir. Ancaq bu diqqət epizodikdir, mahiyyəti tam açmır. Hesab edirəm ki, informasiya təhlükəsizliyinin özü kifayət qədər geniş anlayışdır. Burada bir çox məqamlara aydınlıq gətirilməlidir. Nəzərə alaq ki, qloballaşan dünyada dövlətlərin milli təhlükəsizliyi dedikdə, daha çox informasiya təhlükəsizliyinin üzərində dayanılır. Təklif edirəm ki, biz də bu amilli ciddi şəkildə nəzərdən keçirək"./azvision.az/



Oxşar Xəbərlər

Xəbər lenti