Bakıda saxta spirtli içki və tütün məmulatları satan şəxs tutuldu –Nazirlikdən xəbərdarlıq

Bakıda saxta spirtli içki və tütün məmulatları satan şəxs tutuldu –Nazirlikdən xəbərdarlıq

 

Bakıda saxta aksiz markalı, eləcə də aksiz markası olmayan spirtli içkilərin və tütün məmulatlarının satış məqsədi ilə saxlanılması halları aşkar edilib.

Sozcu.info  xəbər verir ki, bu barədə Vergilər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin həyata keçirdiyi operativ vergi nəzarəti tədbiri zamanı paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsinin M.Seyidov küçəsində yerləşən, fiziki şəxs Ağayev Davud Tofiq oğluna məxsus ərzaq mağazasında 412 ədəd saxta saxta aksiz markalı, eləcə də 20 ədəd aksiz markasız spirtli içki və 978 qutu aksiz markasız tütün məmulatı aşkar olunub.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, həmin şəxs bundan əvvəl də eyni cinayət əməlini törədib. Belə ki, D.Ağayevə məxsus eyni təsərrüfat subyektində bu ilin iyul ayında keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 268 ədəd aksiz markasız müxtəlif çeşidli spirtli içkilər, 18 326 qutu tütün məmulatı, 14 ədəd saxta aksiz markalı spirtli içki, 105 ədəd aksiz markası ilə markalanmalı olan spirtli içkilərin nağd qaydada alınması aşkar olunub, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. Həmin cinayət işi çərçivəsində istintaq hələ davam edir.

Beləliklə, iyul ayında başlanmış cinayət işinin istintaqının aparıldığı müddət ərzində eyni cinayət əməllərini təkrarən törətmiş D.Ağayev 18.10.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulub, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 oktyabr 2019-cu il tarixli qərarı ilə barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi bir daha xatırladır ki, aksiz markasız və saxta aksizli malların satışı qanunvericiliklə qadağandır. Vergilər Nazirliyi belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.



Oxşar Xəbərlər

Xəbər lenti