8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Artıq bu istiqamətdə addımlar atılmağa başlayıb
Prezidentin köməkçisi - Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun istefaya göndərilməsi cəmiyyətdə hələ də müzakirə olunmaqdadır. Bu da səbəbsiz deyil. Məsələ ondan ibarətdir ki, Əli Həsənovun istefası sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun istefaya göndərilməsinə bənzəyən ikinci hadisə oldu. Məlum olduğu kimi Eldar Mahmudov istefaya göndərildiyi zaman Milli Təhülkəsizlik Nazirliyi ləğv edilərək, yerində iki ayrı-ayrı qurum yaradıldı. Əli Həsənovun istefaya göndərilməsi ilə də eyni prosesi izlədik. Məlum olduğu kimi Prezident Administrasiyasının ictimai-siyasi şöbəsi ləğv edilərək, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi ilə yanaşı Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Bu proses zamanı ən maraqlı olaylardan biri də Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin rəhbərliyi Əli Həsənovun tabeliyində işləməmiş birinin, mədəniyyət nazirinin sabiq müavini Ədalət Vəliyevin gətirilməsi oldu. Digər maraqlı məqam bu sətirlər yazılana kimi Prezident Administrasiyasının yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə hələ də rəhbər təyin olunmayıb. Məlumata görə bu şöbəyə rəhbər təyin olunmasının ləngiməsi digər şöbəyə təyinat zamanı olduğu Əli Həsənovla bağlı olmayan şəxsin müəyyən edilməsi ilə bağlıdır. Hətta mümkündür ki, Prezident Administrasiyasının yeni yaradılmış Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin rəhbərliyinə Əli Həsənovla münaqişədə,rəqabətdə olmuş birisi gətirilsin. Onu da qeyd etmək lazımdır ki, Milli Təhlükəsizlik Nazirliyinin ləğv olunub, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılan zaman bu qurumların rəhbərliyinə sabiq milli təhlükəsizilik naziri Eldar Mahmudovla münaqişə,rəqabət halında olan şəxslər gətirilmişdi. Dövlət Təhlükəsizliyi Xidmətinin hazırkı rəisi Əli Nağıyevin məhz Eldar Mahmudovun qanunsuz hərəkətlərinə etiraz etdiyi, MTN-də baş verən cinayət işlərində yer almadığı üçün heç bir səbəb olmadan nazirin birinci müavini vəzifəsindən azad edilmişdi. MTN ləğv olunaraq, Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılarkən də yeni qurumlara rəhbər şəxs təyin edilən zaman həmin kadrların Eldar Mahmudova bağlı olmaması təyinat zamanı nəzərə alınan məqamlardan biri idi. İndi də belə görünür ki, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin ləğv edilib onun yerində yaradılmış iki şöbəyə rəhbər təyin edilməsi zamanı da eyni prinsiplərlə hərəkət edilir.
Məlumata görə, hazırda rəhbərliyi vakant olan Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə müdirin kimliyi yaxın günlərdə məlum olacaq. Bu şəxs bir zamanlar Prezident Administrasiyası Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin müdiri olmuş Elnur Aslanov da ola bilər. Ən azından Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə kimin müdir təyin olunması ilə bağlı müzakirələrin birində Elnur Aslanovun namizədliyi ətrafında müzakirələr aparılıb. Başqa bir namizəd Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev olduğu iddia olunur. Hətta "Ayna” – "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru Elçin Şıxlının da namizədliyinin müzakirə olunduğu haqqında məlumatlar var.
İqtidar dairələrində Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinə kimin müdir təyin olunması ilə yanaşı Əli Həsənovun mirasından necə xilas olunmaqla bağlı müzakirələr də gedir. Məsələ ondan ibarətdir ki, son 24-il ərzində Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinə rəhbərlik etmiş Əli Həsənov vətəndaş cəmiyyəti təşkilatları və mediaüzərində çox ciddi nəzarət yarada bilmişdi. Vəziyyət elə həddə çatmışdı ki, prezidenti tənqid etmək mümkün olduğu halda, Əli Həsənovu tənqid etmək mümkünsüz hala gəlmişdi.
Əli Həsənovun yaratdığı şəbəkəsinin zərərsizləşdirilməsi prosesində əsas vasitələrdən biri vergi qanunvericiliyinə nə dərəcədə əməl edilməsi ola bilər. Əli Həsənov bir zamanlar ailə üzvülərinin yaratdığı biznes qurumlarının "alın təri”nin məhsulu olduğunu iddia etmişdi. Əlbəttdə, həmin zaman bu iddiaya inananlar olmamışdı. Əli Həsənovun xanımı Sona Vəliyevanın təsisçisi olduğu qəzetin, oğlu Şamxal Həsənlinin nəzarət etdiyi televiziya və radionun büdcə vəsaitlərindən istifadə etməsi ilə bağlı məqamlar, sabiq şöbə müdirinin ailə biznesinə daxil olan Araz FM, Golden Prince LLC, Kaspi Global MMC, Kaspi Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek), "Mətbuat Evi” MMC, Kaspi – EC, Kaspi Co mənzil tikinti kooperativi, Kaspi-Az, "Kaspi Mətbuat Yayımı” MMC və Beynəlxalq Mətbuat Mərkəzinin vergi qanunverciliyinin tələblərinə nə qədər əməl etməsi araşdırılmalıdır. Çünki, bu qurumlarda iki mühasibatlığa yol verilməsi ilə bağlı ciddi iddialar var. Bu iddiaların araşdırılması və üzə çıxarılması isə çox vacibdir. Son məlumatlara görə artıq bu istiqamətdə müəyyən addımlar atılmağa başlanılıb və sabiq şöbə müdirinin fəaliyyətinin yoxlanılmasına start verilib. Bu yoxlamaların nələri üzə çıxarıb-çıxarmadığını yaxın zamanlarda görəcəyik. Müstəqil media olaraq bu prosesi yaxından izləməyə çalışacağıq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti