Ağstafa rəhbərliyini həbsə aparan şok səbəblər – Prezident xəbərdarlıq etmişdi…

 

Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, onun birinci müavini  Ramiz Tatarovun və  humanitar məsələlər üzrə müavini Lalə Eyyubovanın həbsi xəbərləri yayıldı; İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan ciddi struktur və kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir; parlament seçkiləri ərəfəsi hətta YAP-ın adı hallanan qərarın  ertələnməməsi Prezidentin bu məsələdə nə qədər qətiyyətli olduğunu göstərir…

Dekabrın 19-da ölkə mediası Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, onun birinci müavini  Ramiz Tatarovun və  humanitar məsələlər üzrə müavin Lalə Eyyubovanın həbsi xəbərləri ilə çalxalandı. 

Xəbərlərdə bildirilib ki, icra başçısı və müavini dekabrın 18-i axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb. DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir. 

Nizaməddin Quliyev – medianın "ulduzu”

Nizaməddin Quliyev Azərbaycan mediasına yaxşı tanışdır.  O, 1954-cü il sentyabr ayının 1-də Goranboy rayonunun Tap-Qaraqoyunlu kəndində anadan olub. Azərbaycan Dövlət Aqrar Universitetinin  Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatı iqtisadiyyatı  və təşkili institutunun aspiranturasını bitirib.

1972-ci ildən əmək fəaliyyətinə başlayıb, 2009-2019-cu illərdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Nizaməddin Quliyev - ile ilgili görsel sonucu

Prezidentin  5 aprel 2019-cu il sərəncamı ilə Ağstafa Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib . 2014-cü ildə – "Şöhrət”  ordeni ilə təltif edilib. YAP-ın üzvü, iqtisad elmləri namizədidir. Ailəlidir, 3 övladı var.

Quliyev hələ illər öncə o zamankı nəqliyyat naziri Ziya Məmmədovun kadrı kimi tanınırdı. N.Quliyevin  10 il icra başçısı işlədiyi doğma rayonunda  dövlət büdcəsindən ayrılan irihəcmli vəsaitləri təyinatdan yayındıraraq özünə böyük biznes şəbəkəsi yaratdığı iddia edilirdi. N.Quliyevin  rayon ərazisində iki şadlıq sarayı tikdirdiyi  də bildirilirdi. Onun həmçinin rayonun mərkəzində hazırda da böyük bazarı var ki, camaat arasında "Nizaməddinin bazarı” kimi tanınır. Bundan savayı, həbs edilən başçının Goranboyun gözəgəlimli yerlərində marketləri, avtoyuma məntəqələri və digər ticarət obyektləri hələ də fəaliyyət göstərir.

Onun Bakıda, "Vorovski” deyilən ərazidə də iki böyük villası olduğu barədə xəbərlər var. Hansı ki, həmin mülklərin qiyməti milyonlara bərabərdir.

Maraqlıdır ki, onun iş yerini Ağstafaya dəyişəndən sonra bu ilin noyabrında Maliyyə Nazirliyi Goranboyda N.Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlamışdı.

Tatarov icra ile ilgili görsel sonucu

 Bildirilir ki, ötən il Nazirlər Kabineti tərəfindən bütün rayonlarda 200-300 nəfərin minimum əmək haqqı vermək şərti ilə işə götürülməsi ilə bağlı qərarından sonra Goranboy İcra Hakimiyyətinin tabeliyində olan Təmizlik İdarəsinə də 300 fəhlə ştatı ayrılıb. Lakin Nizaməddin Quliyev həmin ştatlara özünə yaxın müxtəlif vətəndaşların adını yazdıraraq, onlara veriləcək maaş kartlarını özünə götürüb. Yəni adları olub, özləri olmayan işçilərin plastik kartlarından çıxarılan pullar icra başçısının cibinə girib.

O da bildirilib ki, Goranboy şəhərində küçələrin asfaltlanması üçün ayrılan vəsait də N.Quliyev tərəfindən mənimsənilib və nəticədə şəhərin mərkəzi küçəsindən başqa digər küçələr təmir olunmamış qalıb.

Tatarov icra ile ilgili görsel sonucu

Tatarov: YAP-ın təşkilat sədri və… 

Ramiz Tatarov da media üçün "yad məmur” deyil. O, 1957-ci ilin dekabr ayının 19-da Qazax rayonunun Aşağı Göycəli kəndində anadan olub. 1974-cü ildə ovaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) kənd təsərrüfatının iqtisadiyyatı və təşkili fakültəsinə daxil olub, 1979-cu ildə həmin fakültəni bitirib. Əmək fəaliyyətinə 1980-ci ilin aprelində Qazax rayon Ağamalıoğlu adına sovxozda normalaşdırıcı vəzifəsi ilə başlayan R.Tatarov həmin ilin dekabr ayında sovxozun mühasib müavini təyin olunub.

Tatarov icra ile ilgili görsel sonucu

1989-cu ilin may ayından oktyabr ayınadək sovxozun baş iqtisadçısı, oktyabr ayından həmin sovxoza direktor təyin olunub. 1991-ci ilin iyun ayından 1995-ci ilin may ayınadək Ağstafa rayonunun M.Allahverdiyev adına sovxozunda direktor vəzifəsində işləyib. 1995-ci ilin may ayından 1998-ci ilin dekabr ayınadək Ağstafa Rayon Aqrar Sənaye Kombinatının baş direktoru, 1998-ci ilin dekabr ayından həbs edilənədək Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləyib.

1993-cü ilin mart ayında Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan R.Tatarov 1999-cu ilin sentyabr ayından YAP Ağstafa rayon təşkilatının sədridir. "Dövlət qulluğunda fərqlənməyə görə” və "Tərəqqi” medalına layiq görülüb. Evlidir, dörd övladı var.

Lalə Eyyubova ile ilgili görsel sonucu

 Lalə Eyyubova

İnternet resurslarında onun Ağstafada hansı əməl sahibi olması barədə onlarla şikayətlərə rast gəlmək mümkündür. Onun da  rayonda rüşvət yığması, rayonda mağaza, obyekt yerləri, həyətyanı ev sahələrini satması, talançılıqla məşğul olması barədə çoxsaylı iddialar var. Həmin iddiaların birində vurğulanır ki, Ramiz Tatarov bələdiyyələrə ayrılan dotasiyaları da mənimsəyib.

Ramiz Tatarov Ağstafada ən imkanlı vəzifə sahiblərindən hesab olunurdu.  Rayon ərazisində ona məxsus böyük heyvandarlıq təsərrüfatı, geniş biznes şəbəkəsi, neçə-neçə yaşayış mənzilləri və s. olduğu bildirilir.

Antikorrupsiya həbsləri-Prezidentin iradəsidir

Yada salaq ki, ötən ayın sonu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki rayon şöbəsinin müdirləri barəsində cinayət işi başlanmış, Quba şəhər bələdiyyəsinin sədri vəzifəsini icra etmiş şəxs barəsində isə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdi. Bu həbslər də onu göstərirdi ki, tezliklə daha bir sıra nazirliklərdə mənimsəməyə və korrupsiyaya bulaşmış  şəxslər barəsində də ciddi tədbirlər görüləcək. Korrupsiyaya yol verən məmurlar kimliyindən asılı olmayaraq həbs ediləcək.

Şübhəsiz ki, həbs edilən icra başçısı ilə bağlı əvvəldən əməliyyat məlumatları olub və bu birbaşa dövlət rəhbərliyinin razılığı ilə həyata keçirilib. Seçki ərəfəsi və həbs edilən müavinin YAP-ın Ağstafa rayon təşkilatının  sədri olmasına baxmayaraq, ilk dəfə olaraq həm icra başçısı, həm müavini əməliyyat nəticəsində  qandallanıb.

Prezident xəbərdarlıq etmişdi: "Layiqli cəzalarını alacaqlar…”  

Dövlət başçısı ictimai rəyin böyük üstünlüklə onun tərəfində olduğunun, həm kadr, həm struktur islahatlarını dəstəklədiyinin fərqindədir və bunu məmnunluqla dilə də gətirir. Bu səbəbdən də dövlət başçısı parlament seçkiləri ərəfəsi hətta YAP-ın ziyanına ola biləcək qərarı belə ertələməyib ki, bu da şübhəsiz, Prezidentin bu məsələdə nə qədər qətiyyətli olduğunu göstərir. Bu, həm də hələ də məmur görəvindən və Prezidentin etimadından sui-istifadə edən dairələrə açıq mesajdır.           

Dövlət başçısı  İlham Əliyevin son aylar keçirdiyi müşavirə və qəbullarda korrupsiyaya qarşı mübarizə mövzusunu ön plana çəkməsi bunun arxasında ciddi hadisələrin olacağına işarə idi.  Məsələn, oktyabrın 15-də iqtisadi sektoru kurasiya edən hökumət üzvləri ilə keçirdiyi müşavirədə Prezident demişdi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə iqtidarı  tam qane edə bilməz. "Çünki biz bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı mirasımızdır. Ancaq biz xoşagəlməz hallara qarşı mübarizə aparmalıyıq və təkcə hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki, ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə, Bakının hər bir yerində əgər hansısa qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları, insanları məsuliyyətə cəlb etməlidirlər”, deyə dövlət başçısı vurğulayıb.

İlgili resim

Dövlət başçısı sonrakı günlərdə yeni təyin olunan icra başçıları ilə söhbətində bu məsələni konkret qoyub. Bu görüşlərdən biri ilə bağlı sitata diqqət edək:  "Korrupsiyaya, rüşvətxorluğa qarşı Azərbaycanda amansız mübarizə aparılmalıdır. Bu yara bizim inkişafımızı ləngidir və gələcəyə olan planlarımızı sarsıda bilər. Düzdür, bu bəla hər bir ölkədə var. Amma əsas məsələ ondadır ki, rəhbərlik bu məsələyə necə münasibət göstərir. Azərbaycanda şəffaflıq, dürüstlük hər bir dövlət məmuru üçün həyat tərzi olmalıdır”.

Başqa bir sitata diqqət yetirək: "Rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir. Düzdür, elə ölkə yoxdur ki, bu problem orada olmasın. Amma əsas məsələ ondadır ki, rəhbərlik və hakimiyyət, o cümlədən yerli icra orqanları bu məsələyə necə münasibət göstərirlər. Əgər gözlərini yumurlarsa, yaxud da ki, özləri bu çirkin işlərə qarışırlarsa, əlbəttə ki, layiqli cəzalarını da alacaqlar və almalıdırlar. Bir daha vətəndaşlara müraciət etmək istəyirəm, əgər görsəniz ki, rəhbər şəxslər əyri yola gedirlər, mütləq məlumat verin, mütləq xəbər göndərin və biz, əlbəttə ki, bütün siqnalları yoxlayıb düzgün qərar qəbul edəcəyik”.

Dekabrın 6-da Şamaxıda "ASAN xidmət”in açılışında da Prezident bir daha bu məsələyə  qayıtmışdı: "Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq”.

Aydındır ki, dövlət başçısı İlham Əliyev korrupsiyaya qarşı mübarizəni ölkədə başladılan geniş sosial-iqtisadi islahatların, o cümlədən ciddi kadr dəyişikliklərinin tərkib hissəsinə çevirmək niyyətindədir. Bu proseslərin paralel aparılması bəzi aspektlərdən riskli olsa da, ortada prezident İlham Əliyevin iradəsinin olduğu aşkar görünməkdədir. Bu səbəbdən Prezidentin atdığı addımlar sayəsində, özünün dediyi kimi, "islahatlara qarşı olanlar” "özlərini yığışdırıb”, ona görə də onların antikorrupsiya ilə bağlı sərt tədbirlərə müqavimət göstərmək iqtidarında deyillər. Həbslər isə davam edə bilər…



Oxşar Xəbərlər

Xəbər lenti